Sizin reklam burada

Renat Dadaşov U-21-dən imtina etməyib

Title
Renat Dadaşov U-21-dən imtina etməyib
“Özünü yaxşı tərəfdən göstərsə, bizi inandırsa, niyə də əsas millidə oynamasın?!”
Hazırda həm əsas yığma, həm də U-21 təlim-məşq toplanışındadı. Nikola Yurçeviçin komandası Bakıda hazırlıq keçirsə, Milan Obradoviçin yetirmələri Sloveniyadadı. Bu iki komandanın iyunun 1-də yoldaşlıq oyunu keçirəcəyindən də xəbərdarsız.
Məlum olduğu kimi, U-21-in hazırlıq üçün heyəti daha tez açıqlandı. Siyahıda Renat Dadaşovun adı yox idi və tezliklə bununla bağlı maraqlı informasiya yayıldı. Bildirilirdi ki, “Eştoril”in hücumçusu Obradoviçdən gələn təklifi rədd edib. Bir neçə gün sonra isə Yurçeviç siyahını açıqladı və forvardın adı da “27-lik”də idi. Bu, bəzi anlaşılmaz məqamlara yol açdı. Əvvəla, Renat AFFA-ya rədd cavabı vermişdisə, çətin ki, qurum ona “buyur, yuxarı başa keç, əsas yığmaya gəl” deyəydi. Bəlkə Yurçeviç öz siyahısında olduğu üçün Obradoviçə onu dəvət etməməsi ilə bağlı göstəriş verib? Olmaya U-21-dən imtinasından sonra futbolçunun əldən çıxmaması üçün belə addım atılıb?
Bir sözlə, suallar çox idi və bunu aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik: "Renatın U-21-dən imtinası ilə bağlı deyilənlərin heç bir əsası yoxdu. Çünki o, ümumiyyətlə, təlim-məşq toplanışına dəvət olunmayıb. Milan Obradoviç onu çağırmayıb ki, hansısa etiraz da bildirsin. Baş məşqçinin seçimidi. Ona qarışa bilmərik".
Maraq üçün Nikola Yurçeviçin Renat haqda "CBC Sport" telekanalında səsləndirdiyi fikirlərlə də tanış olun: "İşin bir tərəfi odu ki, bizdə milliyə çağırılası çox futbolçu yoxdu. Daxili liqada çıxış edənləri də, xaricdəkləri də götürəsi olsaq, futbolçu seçimimiz azdı. Məqsədlərimizdən biri budu ki, komandanı gəncləşdirək. Burda görmədiyimiz futbolçularımız haqda xaricdəki mənbələrdən ilk məlumatları toplayırıq ki, onların bugünkü durumu nə yerdədi. Renat haqda eşitdiyim odu ki, istedadlıdı. Almaniya millisində bir keçmişə malikdi. Hər halda, ora qədər gedib düşübsə, deməli, qabiliyyəti var. Bizim üçün ən azı ilk səslənən odu ki, Renat perspektivlidi. Ancaq bütün bunların hamısı eşitdiklərimdi. İstəyirəm ki, hər şeyi öz gözlərimlə görüm. Bu vaxta qədər vəziyyət eləydi ki, onu çağırıb bunu edə bilmirdim. Vaxtımız da o qədər çox deyildi. Ancaq indi iki həftədən çox vaxtımız var. Renat mayın 24-dən komandanın düşərgəsinə qoşula biləcək və onu iki həftə ərzində canlı görə biləcəm. Bundan sonra bir qənaətə gələ biləcəm ki, bu futbolçu bizə hazırda kömək edə, bunu bir müddətdən sonra edə bilər və ya ümimiyyətlə, kömək edə bilərmi? Bütün bunlarla bağlı qənaətə gəlmək üçün mənə elə gəlir ki, əsl şərait yetişib. Mən də görüm ki, Renat bizim üçün nə qədər xeyir verə biləcək futbolçu olacaq. Onunla üzbəüz söhbət edəcəm. Bu, əməlli-başlı, geniş şəkildə olacaq ki, əsas yığma, yoxsa U-21, ümumiyyətlə, vəziyyət hara gedir, hara Renata daha uyğundu? Bu haqda geniş fikir mübadiləsi aparacağıq. Sübhəsiz, özünü yaxşı tərəfdən göstərsə, bizi inandırsa, niyə də əsas millidə oynamasın?! Oyun göstəriciləri bizim üçün hələlik bəs etməzsə, yəqin ki, U-21-də qalar. Ancaq bunların hamısı hələ ki quru sözlərdi. Renatı məşqlərdə görək, özüylə söhbət edək, bundan sonra vəziyyət aydın olacaq".
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.