Bədavi Kramarenkonu alqışladı
Yığmanın baş məşqçisi Nikola Yurçeviçin “Bakcell Arena”dakı srağagünkü mətbuat konfransının ardından komandanın açıq məşqini izləmək imkanımız oldu. Hazırlıq prosesində yığma hələ ki tam heyətlə məşq etmir. Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.
Hazırda Yurçeviçin sərəncamında 17 futbolçu var. Onlardan ikisi qapıçıdı: Səlahət Ağayev və Şahruddin Məhəmmədəliyev. Qalanları isə sahə oyunçularıdı. Səlahətlə Şahruddin yığmanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun tapşırıqlarını yerinə yetirirdi. Qalan futbolçular isə qırmızı və sarı tərliklər geyinib iki qrupa ayrılmışdılar. Qısa ötürmələrlə bir-biri ilə mübarizə aparan “qırmızılar”la “sarılar”ın mübarizəsi xeyli maraqlı, eləcə də sürətli idi. Yalnız iki futbolçu həmin ərəfədə toplu çalışmalara qatılmamışdı. Bunlar Bədavi Hüseynovla Rahil Məmmədov idi. “Qarabağ”ın müdafiəçiləri nədənsə kənarda bəzi yüngül təmrinləri yerinə yetirməklə məşğul idi. Yeri gəlmişkən, qapıçıların Dmitri Kramarenkonun “çərçivə”yə zərbələrinə reaksiyası bəzən uğurlu alınırdı, bəzən isə yox. Yığmanın sabiq qolkiperinin bir vuruşu xeyli baxımlı alındı və Bədavi buna etinasız qalmayıb, onu alqışladı. Hər halda, komandanın düşərgəsində ab-havanın qaydasında olduğu görünürdü, Yurçeviç isə yetirmələrini ruhlandırmaqla məşğul idi. Xorvat mütəxəssis topun ləngidilməsinə imkan vermir, futbolçuları daha hərəkətli olmağa çağırırdı. İnsaf naminə, yetirmələri də onun tapşırıqlarını ürəklə yerinə yetirirdilər.
Daha sonra futbolçular ehtiyat qapını meydanın mərkəzinə aparıb, ikitərəfli oyuna hazırlıq üçün şərait yaratdılar. Bu zaman artıq media nümayəndələri stadionu tərk etdilər. Yeri gəlmişkən, tribunalarda azarkeşlər gözə dəymədi. Hərçənd yığmanın necə önəmli qarşılaşmalara hazırlaşdığını nəzərə alsaq, fanat dəstəyinin nə qədər vacib olduğunu demək artıqdı. Təəssüf ki, tribunlarda görmək istədiyimiz mənzərə yox idi. Ölkənin əsas komandasını təkcə rəsmi oyunlarda yox, həm də məşqlərdə dəstəkləmək lazımdı. Bu məqam baş məşqçinin və futbolçuların məsuliyyət hissini daha da artırardı.
FARİZ