Sizin reklam burada

U-21 xorvatlarla “sülh bağladı”

Title
U-21 xorvatlarla “sülh bağladı”
Obradoviç: “Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik”
Mayın 18-dən Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. Milan Obradoviçin başçılıq etdiyi milli ayın 21-də Xorvatiya "Sloven Belupo"sunun ikinci komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol ilk yarıya təsadüf edib. Hesabı 28-ci dəqiqədə xorvatlar açsa da, U-21 44-cü dəqiqədə “Qarabağ”lı İsmayıl İbrahimlinin qolu ilə tarazlığı bərpa edib. Yığma meydana Kamran İbrahimov, Elçin Mustafayev, Turan Manafov, Murad Qayalı, Nihad Tamazov, Hacıağa Hacılı, Şakir Seyidov, Elvin Cəfərquluev, İsmayıl İbrahimli, Emil Qasımov, Rafael Məhərrəmlidən ibarət “11-lik”lə çıxıb.
Oyundan sonra U-21-in baş məşqçisi Milan Obradoviç fikirlərini bölüşüb: “Bizim üçün asan oyun olmadı. Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridi. Onlar çempionatda müntəzəm oynayan, yetərincə təcrübəli futbolçulardı. İlk yarıda hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq”.
Qeyd edək ki, toplanış mayın 28-də yekunlaşacaq. Gənclər Bakıya dönməmişdən bir gün əvvəl – ayın 27-də Lyublyana "Olimpiya"sının əvəzediciləri ilə görüşəcək.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.