Sizin reklam burada

Nə tez ayıldın, Özil?!

Baxış Sayı:319

Nə tez ayıldın, Özil?!
Günlərdi “Arsenal” düşərgəsindən, Böyük Britaniya mətbuatından Azərbaycanın ünvanına yağan hərzə-hədyan, hər cür saçmalamalar fonunda axır ki dünən bir “yad səs eşidildi”. Təbii ki, Məsut Özilin “tvitter”dəki rəsmi səhifəsində yayılan açıqlamanı nəzərdə tuturuq. “Arsenal”ın türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək”.
İndi adam bilmir ki, Özilin bu müraciətinə qəzəblənsin, yoxsa sevinsin? Ötən il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avroliqa oyunundan və paytaxt gəzintisindən fotolarını da paylaşan futbolçunun məqsədi aydındı: azərbaycanlı azarkeşlərin könlünü oxşamaq və böyük əksəriyyəti “Çelsi”nin tərəfini tutacaq tribunaların simpatiyasını qazanmaq. Məhz ötən ilin oktyabrında azərbaycanlı tərəfdarların hədsiz (hətta deyərdim ki, yersiz!) isti münasibətindən məsud olan Məsut gərək indi yox, “Arsenal” Henrix Mxitaryan mövzusunda spekulyasiyaya başladığı gündən dilə gələydi, bizlərin yumşaq desəm, “adamyeyən” olmadığını klubuna və ingilis topluma anladaydı. Əminəm ki, onda hər kəs Məsutu və komandasını dəstəkləmək üçün sinov gedər, mümkün jesti layiqincə qiymətləndirərdi. Amma indi, iş-işdən keçəndən, iplər gəriləndən sonar azərbaycanlı azarkeşlərə ünvanlanan bu müraciət, bilirsizmi, nəyə bənzəyir? Uzaqbaşı daldan atılan daşa. Daldan atılan daş da, adətən, topuğa dəyir və adamı bir o qədər ağrıtmır, həyəcanlandırmır, hisslərini oyatmır və s. və i.a. Kəsəsi, çox gec ayıldın, Məsut! Bizdən sevgi gözləmə!
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR