Kamal Bayramov: “O sarğını taxma qoluna”
“Zirə”nin yollarını ayırdığı 9 futbolçudan biri olan Kamal Bayramov “vatsap”da maraqlı statusla diqqəti çəkib. Təcrübəli qapıçı vaxtilə “Zirə”nin şərəfini qorumuş özü də daxil 5 futbolçunun şəklini paylaşıb. Özündən başqa Rəşad Abdullayev, Aleksandr Şemonayev, Elvin Məmmədov və Anar Nəzirovun. Və hər birinin qolunda kapitan sarğısı. İlk baxışdan niyə məhz bu futbolçuların olması sual doğurur. Sən demə, bu oyunçuların hər biri vaxtilə kapitan sarğısını qolunda daşıyıb. Şəkillərdə sarğını görməmək mümkün deyil. Kamal sonuncu şəklin altına “o sarğını taxma qoluna” yazmaqla statusun mənasını açıb. Məna budu ki, “Zirə”də kapitan olan futbolçuyla çox keçmədən yollar ayrılır. Hər halda, düşündürücü məqamdı.
HƏBİB