“Mxitaryan, sən nə istəyirsən?”
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a açıqlamasında ölkəmizin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryana hər cür təhlükəsizlik təminatı verdiyini bildirib: “O şəxsən mənlə əlaqə saxlasaydı, çox şad olardım. Avroliqanın finalı A səviyyəli tədbirdi. Məqsəd onun ətrafında siyasi oyunlar oynamaqdısa, bu başqa məsələ. Ancaq Mxitaryana siyasətçi yox, futbolçu kimi pul ödəyirlər. Odu ki, başqa məqamları bir kənara qoyaq. Henrixin problemi ondan ibarətdi ki, Azərbaycan hökumətindən icazə almadan işğal altında olan torpaqlarımıza baş çəkib. Bu hərəkətə görə sanksiya, o cümlədən hökumətin “qara siyahı”sına düşmək də nəzərdə tutulur. Bununla belə, Mxitaryana təhlükəsizlik təminatı verilib. Mxitaryana mesajım belə olacaq: futbolçusan, futbol oynamaq istəyirsən? Gəl Bakıya, təhlükəsizliyin təmin olunacaq. Ancaq bu mövzu üzərində “oynamaq” istəyirsənsə, bu artıq başqa tarixçədi”.
Xatırladaq ki, İngiltərə mediası son günlər Mxitaryanın Bakıya mümkün səfəri ilə bağlı ən müxtəlif xəbərlər yayır. Son günlər erməninin gəlməyəcəyi yönündə xəbərlər ağırlıq təşkil etsə də, “Arsenal” klub səviyyəsində hələ də son sözünü deməyib.