Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda "Arsenal"la "Çelsi"nin qarşılaşacağını bilirsiz. Möhtəşəm derbi ilə bağlı yerli Təşkilat Komitəsi maraqlı layihəyə imza atıb. Dünəndən başlayaraq, mayın 29-na kimi əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya kraliçası II Yelizaveta, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı Robin Qud, dahi dramaturq Vilyam Şekspir, xəfiyyə Şerlok Holms və başqaları Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər. Dünən birincisi baş tutan parad “Port Baku Mall”dan başlayaraq, Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı nöqtəsində üzə çıxacağı isə sakinlər üçün sürpriz olacaq. Tanınmış ingilis qəhrəmanların son dayanacağı mayın 29-da böyük derbinin keçiriləcəyi Olimpiya stadionudu.