Tahir Süleymanov: “İlk dəqiqələrdə "Qəbələ"nin qapısına penalti təyin edilmədi”
Karyerasında ilk dəfə final idarə edən İnqilab Məmmədov qarşılaşmanın öhdəsindən gələ bildi. Hərçənd onun səhvləri də vardı. Hələ matçın əvvəlində - 3-cü dəqiqədə Əmir Ağayevin zərbəsindən sonra cərimə meydançasında top Bəhlul Mustafazadənin əlinə dəysə də, hakim penalti təyin etmədi. Yarımsaatın tamamında Vurğun Hüseynov topu yerdə qucaqlayıb saxladı, hakim oyunu saxlamadı.
69-cu dəqiqədə "Qəbələ"nin qapısı qarşısında mübahisəli vəziyyət yaşandı. Vurğun Hüseynovun başla zərbəsindən sonra Bəhlul Mustafazadə topu qapı xəttinin üstündən çıxardı. Sumqayıtlılar topun qapı xəttini keçdiyini iddia edib qol qeydə alınmalı olduğunu iddia etsələr də, İnqilab Məmmədov davam idarəsi verdi. İkinci yarının ortalarında Davit Volkov topu Şəhriyar Əliyevdən qaydalar çərçivəsində alsa da, İnqilab Məmmədov təhlükəli nöqtədə cərimə zərbəsi təyin etdi. Matça əlavə olunmuş dəqiqələrdə Cavid Tağıyevə göstərilən qırmızı vərəqə tam haqlı idi. "Sumqayıt"ın futbolçusu Stiven Jozef-Monrozu arxadan təpiklədi və birbaşa "qırmızı" aldı.
İnqilab Məmmədovun idarəçiliyinə peşəkar gözü ilə də baxmaq istədik və sabiq hakim Tahir Süleymanovla əlaqə saxladıq: "İdarəçilik baxımından final oyunlarının əsas yükü psixoloji hazırlıq olur. Final iştirakçıları, matçın tempi də hakimlərə yardımçı oldu. Meydanın yararsız olması futbolçulara hədsiz çətinlik yaratsa da, sürətin yüksək olmaması hakimlərin işini yüngülləşdirirdi. Buna baxmayaraq, elə ilk dəqiqələrdə "Qəbələ"nin qapısına penalti təyin edilmədi. Zərbə qapıya idi, oyun məsafəsi də yetərincə idi. Əl də açıq, təbii hərəkət deyildi. Baş hakim İnqilab Məmmədov hiss olundu ki, oyunun ilk saniyələrindən görüşə tam köklənməməmişdi. Ot örtüyünün mane olması futbolçuların texniki imkanlarını aşağı saldığı üçün səhvlər çox olurdu. Bu da tez-tez qayda pozuntularına gətirirdi. Referi bəzi epizodlarda düzgün qərar qəbul etməkdə çətinlik çəkirdi. Vurğun Hüseynovun əllə oyunu, Jozef-Monroza qarşı kobudluq hakimin gözündən yayındı. Son dəqiqələrdə bir epizodda "Qəbələ"nin cərimə meydançası qarşısında təmiz topun alınması da cərimə kimi qeydə alındı. Bununla yanaşı, Cavid Tağıyevə göstərilən qırmızı vərəqə tam haqlı idi. Ümumilikdə isə "Qəbələ" oyunu ilə kuboku qazanmağa daha layiq idi".
Sonda onu da əlavə edək ki, İnqilab Məmmədov matçın protokolunu doldurarkən də səhvlərə yol verib. Ülvi İsgəndərov Əfran İsmayılovu 62-ci dəqiqədə əvəz etsə də, hakim bu dəyişikliyi "67" göstərib. Cavid Tağıyev 84-cü dəqiqədə oyuna qosulsa da, baş hakim əvəzetmənin 81-ci dəqiqədə reallaşdığını qeyd edib. Asif Məmmədov 90-da əvəzlənib, referi dəqiqəni 90+4 yazıb.
MİRAĞA