Məlum olduğu kimi, sabiq FİFA referisi Elçin Səmədli qışda hakim karyerasını başa vurmuşdu. Dekabrda yüksək liqanın 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Ekol” oyunundan əvvəl o, təmtəraqlı şəkildə yola salınmışdı. AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, “Ekol” rəhbərliyi Səmədliyə təşəkkürnamə və xatirə hədiyyələri təqdim etmişdilər. Hələ o vaxt bildirmişdik ki, Elçin bəy beynəlxalq dərəcəli hakim-inspektor olmağa can atır. Onun istəyi baş tutub. Belə ki, UEFA Səmədlini hakim-inspektor kimi təsdiqləyib. O, Murad Məmmədovu əvəz edəcək. Məsələ burasındadı ki, UEFA Məmmədovu inspektorluqdan uzaqlaşdırıb. Belədə AFFA Səmədlinin namizədliyini irəli sürüb və qitə futbol qurumu onun adını təsdiqləyib.
Qeyd edək ki, məhz iki gün əvvəl 48 yaşı tamam olan Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb, 2006/07 mövsümündə premyer-liqada iş başında olub. 2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən Elçin bəy 10 il (2008-2018) FİFA referisi olub, birinci kateqoriyaya qədər yüksəlməyi bacarıb. O, futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kubokunda 1150-dən çox oyun idarə edib. Sabiq referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb.