Sizin reklam burada

Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu

Title
Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu
Amansız qətlin sahibinin adı ətrafında uydurma uğur
Son günlər hamı Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Haşımov küçəsində törədilən amansız qətl hadisəsindən danışır. Hazırda son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. Saxlanılanlar var.
Xatırladaq ki, mayın 10-da “Emin 444” ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov bir qrup şəxs tərəfindən 99-XE-444 dövlət nömrə nişanlı “BMW” markalı şəxsi avtomobilində amansızlıqla öldürülüb. Cinayətkarlar kriminal aləmdə tanınan Eminin bədəninin müxtəlif nahiyələrinə 40 bıçaq zərbəsi endiriblər.
Aparılan intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb ki, onlardan biri də Zaur Yusifovdu. Əslən naxçıvanlı olan Zaurun və ətrafındakı bir neçə nəfərin saxlanıldığını Binəqədi Rayon Prokurorluğundan da təsdiqləyiblər. Lakin bu hələ son deyil. Qətldə iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması və hər bir iştirakçının istintaqa cəlb edilməsi üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Məsələyə toxunmağımız əbəs deyil. Əvvəla onu qeyd edək ki, Yusifov 2013-17-ci illər aralığında Dövlət Miqrasiya Xidmətində 3-cü dərəcəli miqrasiya xidməti qulluqçusu rütbəsini daşıyıb. 2017-nin oktyabrında isə Dövlət Miqrasiya Xidməti rəhbərliyi onun xidmətinə xitab verib.
Deyilənə görə, onun “miqrasiya”ya işə götürülməsi idman dərəcəsinə sahib olmasına görə baş tutub. Zaur kikboksinq üzrə dünya çempionu olduğunu əsas gətirib və buna uyğun sənədləri quruma təqdim edib. Maraqlıdı ki, indiyə qədər bir dəfə də kikboksinq aləmində Zaur Yusifov adlı idmançıya rast gəlməmişik. Cinayətkar “idmançının” haqqında deyilənlər maraqlı olduğundan, qısa araşdırma apardıq. Kikboksinq Federasiyası və Gənclər və İdman Nazirliyindəki mənbələrimizi işə salmaqla müəyyən məlumatlar əldə etdik. Məlum oldu ki, amansız qətlin səbəbkarı heç vaxt WAKO-nun (Kikboksinq Dünya Assosiasiyası) tərkibində olan Kikboksinq Federasiyasında qeydiyyatda olmayıb. Nə məşq edib, nə də yarışlara qatılıb. Hazırda federasiyanın arxivində 9 dünya çempionunun adı var ki, onların arasında Zaur Yusifov yoxdu.
Bu isə o deməkdi ki, cinayətkar bu addan sui-istifadə etməyə çalışırmış. Hətta çempionluqla bağlı dərəcəsi varsa da belə, buna alın təriylə yox, hansısa başqa yollarla nail olub. Hansı yollarla və necə - bunu araşdırmaq Daxili İşlər Nazirliyinin öhdəsinə düşən işdi.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.