Sizin reklam burada

Zöhrə Ağamirova finala vəsiqə qazandı

Title
Zöhrə Ağamirova finala vəsiqə qazandı
Mayın 16-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatına start verilib. İştirakçı ölkələrin bayraqlarının təqdimatı ilə başlayan açılış mərasimində Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov çıxış edərək, bütün qonaqları salamlayıb. Yarışda mübarizə aparacaq bütün gimnastlara uğurlar arzulayan Qayıbov çempionatı açıq elan etdi və ardınca Sevda Ələkbərzadə dövlət himnimizi oxuyub.
Daha sonra isə mərasimin bədii hissəsinə keçilib. Hər zaman fərqli ssenarilərlə tamaşaçılara möhtəşəm şou təqdim edən Təşkilat Komitəsi bu dəfə Su və Alov adamlarının mübarizəsində Avropa çempionatının 8 dəst medalını əks etdiriblər. Ssenariyə əsasən Su və Alov qardaşları bir oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək, 8 medal qazanır. Qəzəblənən Alov adam isə qardaşını insanların dünyasına qovur. İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər. Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti kimi öz qardaşına – Alov adama verir. Bununla da dinamik musiqilər, əsrarəngiz işıq effektlərinin müşayiəti ilə bədii hissəyə yekun vurulur. Açılış mərasiminin ssenari müəllifi, bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilyevanın başçılığı ilə şounun qəhrəmanlarını yüksək peşəkarlıqla xoreoqraflar Kamil Quliyev, Ruslan Eyvazov, Orxan mUradov, Akif Kərimli, Sənan Mahmudlu, Ayxan Əhmədli, Nərgiz Məmmədova, İldırım Məmmədov, həmçinin bədii gimnastika, idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə yığma komandalarımızın gimnastları canlandırıblar. Daha sonra meydan yeniyetmələrdən ibarət qrup komandalarına verilib. Ən yüksək xal almaq uğrunda bir-biri ilə yarışan 20 komanda xalça üzərində 5 halqa ilə kompzosiyalarını təqdim ediblər.
Ölkəmizi qrup yarışlarında təmsil edən Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadə 5 halqa ilə çıxışlarına görə 21.650 xal alaraq, çempionatın ilk günü finala vəsiqəni təmin ediblər. Gimnastlarımızın növbəti təsnifat çıxışları bu gün 5 lent ilə olacaq.
Dünən isə çempionatda mübarizəyə fərdi proqramda çıxış edən böyük gimnastlar qoşulublar. Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Vernika Qudis təmsil ediblər. Çempionatın dünənki təsnifat mərhələsində fərdi gimnastlar halqa və topa ilə çıxışlarını icra ediblər. B qrupunda yer alan təmsilçilərimizdən Zöhrə halqa ilə kompozisiyaya görə 20.050 xal alaraq, 8-ci yerdə qərarlaşıb və bununla da finala vəsiqəni təmin edib. Veronika isə 18.250 xalla 19-cu olub. Daha sonra gimnastlarımız xalça üzərində top ilə kompozisiyalarını təqdim etdilər. Bu təsnifat mərhəsləsini Ağamirova 19.550 xalla 9-cu, Qudis isə 17.900 xalla 26-cı yerdə bitirib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.