Hakimlər Komitəsinin onu cəzalandırmaq fikri yoxdu
"Xəzər Cənub" "Neftçi" ilə oyunda aparıcı oyunçularından biri İsaq Surqalını itirdi və beləliklə, iranlı futzalçı dünən "Araz"la final qarşılaşmasında forma geymədi. Ancaq debütant haqsızlıqla üzləşdiyini iddia edir. Finaldan bir gün əvvəl redaksiyamızla əlaqə saxlayan "Xəzər Cənub"un rəsmilərindən İlkin Mirzəyev hakim haqsızlığına məruz qaldıqlarını bildirdi. Məlum oldu ki, Lənkəran təmsilçisi hətta AFFA-ya da şikayət edib. Əvvəlcə klubun yaydığı müraciəti nəzərinizə çatdırırıq: “Əziz futzalsevərlər, bilirsiz ki, "Xəzər Cənub" debütant olmasına baxmayaraq, adından söz etdirməkdədi. Yüksək liqada finala yüksəlməyimiz bundan xəbər verir. Ancaq komandamızın gücü kimlərisə narahat etməyə başlayıb, bizə qarşı haqsızlıq edilir. Ədalətsizliyə məruz qalmışıq. "Neftçi" ilə oyunda komandamızın liderlərindən olan aparıcı futzalçımız İsaq Surqalı kobudluğa məruz qaldı. Rəqib futzalçı oyunçumuzun formasından tutub çəkdi. Hakim Mehman Mahmudov qayda pozuntusu qeydə almamaq bir yana, bizim futzalçıya simulyasiyaya görə sarı vərəqə göstərdi. Nəticədə Surqalı cəzalı duruma düşdü, o, "Araz"la final matçında oynaya bilməyəcək. Dərdimizi kimə deyək, bilmirik. Belə də haqsızlıq olmaz. Kuboku idman prinsiplərini pozaraq başqa komandaya vermək istəyirlərsə, açıq desinlər, mübarizədən özümüz çəkilək. Yoxsa belə haqsızlıq olmaz. Xahiş edirik, səsimizə səs verin, ədalətsizliyə biganə qalmayın. Qoy haqq yerini tapsın. Özünüz videoya baxıb qərar verin".
Mirzəyev AFFA-da bağlı qapılar arxasında başverənləri də diqqətə çatdırdı: "AFFA-da Hakimlər Komitəsinin üzvü Elçin Məmmədovla, həmçinin Rəmiş Malıyevlə görüşdük. Rəmiş müəllim dedi ki, oyuna kimi, konkret saat 15.00-a qədər komitənin mövqeyini çatdıracağıq".
Ancaq "Xəzər Cənub"un narazılığı keçərli olmadı. Bu da gözlənilən idi. Əvvəla, "Xəzər Cənub" etirazı barədə oyunun protokoluna heç bir qeyd etməyib, yalnız bir gün keçəndən - qarşılaşmanın videoyazısına baxdıqdan sonra hay-küy qaldırıb. Digər tərəfdən, sarı vərəqə ləğv olunsaydı belə, Surqalı dünənki oyunda meydana çıxa bilməzdi. Çünki görüş başa çatandan sonra baş hakim Anar Fərəcova yaxınlaşıb onu təhqir edən iranlı birbaşa qırmızı vərəqə alıb. Amma konkret "sarı"lıq epizodda həqiqətən də Mehman Mahmudovun kobud səhvə yol verdiyini qeyd etməliyik. "Xəzər Cənub" isə ümid edir ki, Mahmudovun cəzasını Allah verəcək. Çünki Hakimlər Komitəsinin onu cəzalandırmaq niyyəti yoxdu. Olsaydı, dünən 3-cü yer uğrunda oyunu Mehmana tapşırmazdılar.
MİRAĞA