Sizin reklam burada

Erməni futbolçu Bakıya gəlməyəcək

Baxış Sayı:419

Erməni futbolçu Bakıya gəlməyəcək
“Arsenal”ın “stəkanda fırtına” cəhdi baş tutmadı
“Arsenal”ın Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçına vəsiqə qazanması Henrix Mxitaryanla bağlı söz-söhbəti yenidən alovlandırdı. Artıq neçə gün idi ki, erməni futbolçunun paytaxtımıza gəlib-gəlməyəcəyi ətrafında “sabun operası”nı xatırladan hadisələr cərəyan edirdi. London təmsilçisi hər vəchlə bu məsələni gündəmdə saxlamağa, siyasi şou düzəltməyə çalışırdı. Ancaq nə oldusa, son anda “topçular” “Qarabağ”la matçda olduğu kimi Henrixi Bakıya gətirmək fikrindən vaz keçdilər. Bu haqda "The Times" nəşri yazıb.
Mənbənin məlumatına görə, "topçular" mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu "təhlükəsizlik" səbəbindən Londonda saxlayacaq. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava final matçı ərəfəsində komandaya mənfi təsir göstərə bilər. Halbuki bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatında Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Mxitaryanın Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə biləcəyini açıqlamışdı.
Xarici İşlər Nazirliyi ilə yanaşı, Gənclər və İdman Nazirliyi də bu məsələyə münasibət bildirib. Qurum nazir Azad Rəhimov səviyyəsində İngiltərə klubunun Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiasını təkzib edib.
“Arsenal” nəqliyyat problemini qabardtı, AZAL cavab verdi
London təmsilçisi Avropa Liqasının finalının Bakıda keçirilməsindən məyus olduğunu rəsmən bildirib. Bu haqda klubun rəsmi saytı srağagün bəyanat yayıb: "Arsenal"da hamı Avropa Liqasının finalına çıxdığına görə şaddı və səbirsizliklə "Çelsi" ilə matçı gözləyirik. Bununla yanaşı, biz UEFA-nın nəqliyyat məhdudiyyətindən dolayı çox məyusuq. UEFA 60 min nəfərlik stadion üçün "Arsenal"a maksimum 6 min bilet ayırıb. Nəzərə alanda ki, Bakıya getməklə bağlı nə qədər ekstremal problemlər mövcuddu, 6 min azarkeşin final matçında iştirak edə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min mövsümi bilet sahibi olan azarkeşlərimiz var və onların çoxu oyuna gedə bilmir. Reallıq belədi ki, finala çıxmayan hansısa klub tərəfdarlarının ehtiyaclarını qarşılamaya bilər. "Arsenal" isə azarkeşlərdən çoxlu şikayətlər alıb və biz onların narahatlığını bölüşürük".
AZAL isə “topşular”ın UEFA-ya narazılıq məktubu göndərməsinə münasibət bildirib. Şirkət Bakıya gəlmək üçün heç bir problemin olmadığını qeyd edib: “Bakıda UEFA Avropa Liqası finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Hava Limanı çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Hava limanının buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da bağlı heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək. Hazırda hava limanı artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləyib. Bura həmçinin 16 biznes aviasiya reysi daxildi. 2 aviareyslə komandalar, 10 reyslə isə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “AİR Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və sair kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər. Finalın keçiriləcəyi dövrdə hava limanında bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq. Bakı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən 1-ci Avropa Oyunları, “Formula-1”, İslam Həmrəyliyi Oyunları və başqa idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdi”.
Ölkə başçısı qanunda dəyişiklik etdi
Bu arada Prezident İlham Əliyev “Gömrük tarifi haqda” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və 2020 Avropa çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən, həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib. Bu qanun bu il martın 1-dən gələn il avqustun 1-dək qüvvədədi.
Qitə futbol qurumu “Arsenal”a cavab verdi
UEFA “Arsenal”ın Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı etiraz məktubuna cavab verib. Avropa futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanıb: “UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, klub yarışlarının final oyunlarına evsahibliyi etmək üçün sifarişlərin qəbulu prosesi bir neçə il öncə başlayır. Bu isə o deməkdi ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz bizə deyir ki, azarkeş sayı komandalara görə dəyişə bilər. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildi. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı təxmin edilə bilməzdi. Şübhə yoxdu ki, bu hadisə logistika üçün böyük çətinlik yaratdı. Bakıya səfər etmək üçün sizin və “Çelsi”nin azarkeşlərini problemlə üzləşmələrinə görə təəssüf hissi keçiririk. Əməkdaşlarımız azarkeşlərin daha sərfəli şəkildə finala getmək yollarını araşdırır. Bu baxımdan klubun bizimlə birgə səylərini alqışlayardıq”.
Məktubda bildirilir ki, UEFA üçün fanatlar prioritet məsələdi: "Futbol azarkeşlər üçündü və bütün Avropa futbolun ali imkanlarından zövq almalıdı. Belə matçlar, adətən, klubları rəqabətədavamlı olan məhdud sayda ölkələr üçündü. Amma müvafiq infrastruktur mövcuddusa və bu istiqamətdə işlər görülürsə, digər azarkeşlərə də unikal canlı izləmə təcrübəsi ilə yanaşı, bütün regionlarda futbolun inkişafına əhəmiyyətli dərəcədə dəstək olan tədbirlər keçirmək imkanı vermək ədalətli olardı. Buna görə də UEFA-nın müəyyən stadionları yalnız mərkəzdən kənardakı coğrafi vəziyyətinə görə istisna etməsi tam haqsızlıq sayılardı".
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR