Sizin reklam burada

Cüdo Federasiyası təxribata münasibət bildirdi

Title
Cüdo Federasiyası təxribata münasibət bildirdi
Elnur Əşrəfoğlu: “Bu məsələni federasiya yox, aidiyyatı qurumlar araşdırmalıdı”
Ötən sayımızda iki nəfərin “Alov qüllələri”nin qarşısında üzərində həm gürcü, həm də ingilis dilində “David Qareca Gürcüstanındı” sözləri yazılmış plakat açdığını xəbər vermişdik. İlkin ehtimallara görə, idmançı geyimində olan cütlük cüdo üzrə “Qran-pri”yə gələn gürcülərdi. Paytaxtımızın həyasız qonaqları əllərində plakat şəkil çəkdirməyi də unutmayıblar və onu sosial şəbəkələrdə bölüşüblər.
“Keçikçidağ” monastr kompleksi ətrafında yaşananlar barədə ötən saylarımızın birində xəbər vermişdik. Bir daha xatırladaq ki, bu ilin aprelindən başlayaraq, gürcülər yarısı Gürcüstan, yarısı Azərbaycan ərazisinə düşən monastr kompleksinə dair iddia irəli sürüb, sərhədlərin müəyyənləşdirilməsi zamanı həmin ərazinin onlara verilməsi tələbi ilə çıxış edirlər. Düzdü, XİN səviyyəsində qonşularımızın ərazi iddiasına cavab verilib. Ancaq görünür, bu yetərli deyil və onlara daha sərt sifət göstərməyin vaxtı çatıb. Vaxtında bu addımı atmasaq, Qarabağdan sonra Azərbaycan üçün “ikinci cəbhə açılacaq”. Bu gün Bakının mərkəzində, xüsusi nəzarət altında olan “Alov qüllələri”nin fonunda gürcülər “Keşikçidağ” monastr kompleksinin onlara mənsub olduğunu heç kimdən və heç nədən çəkinmədən ictimaiyyətə göstərirlərsə, növbəti addımları daha ağır fəsadlara yol aça bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, həyasızlığa yol verən gürcülərin Bakıda keçirilən cüdo üzrə “Qran-pri”yə gələnlərdən olduğu güman olunur. Bəs görəsən, Cüdo Federasiyasının rəsmiləri başverənlərdən xəbərdardı? Onlar bu yöndə araşdırma aparıblarmı? Bu suallara cavab tapmaq üçün federasiyada baş katibin müavini vəzifəsini icra edən Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. Elnur bəy plakat açan gürcülərin cüdoçu olmadığını bildirdi: “Alov qüllələri”nin yanında əlində plakat şəkil çəkdirənlər “Qran-pri”də iştirak edən cüdoçular deyil. Çünki yarışa qatılan idmançıların və məşqçilərin siyahısı bizdə var və onları siyahıya uyğun olaraq otellərdə yerləşdirmişik. Azarkeş kimi gəliblərsə, bizim bundan xəbərimiz yoxdu. Çünki yarışı izləmək üçün Bakıya gələn azarkeşlər bizə müraciət etməyiblər. Ümumiyyətlə, onların azarkeş olması da sual doğurur. Bu məsələni federasiya yox, aidiyyatı qurumlar araşdırmalıdı. Bu cür işlər hüquq-mühafizə orqanlarının səlahiyyətindədi”.
Ümid edirik ki, Elnur bəyin də söylədiyi kimi, aidiyyatı orqanlar, dövlətçiliyimizin təhlükəsizliyinə cavabdehlik daşıyan qurumlar həyasız gürcülərin kimliyini qısa vaxtda araşdırıb üzə çıxaracaq və açdıqları plakata görə layiqli cəzalarını verəcək. Bu ola bilsin, qonşularımızın kiçik kəşfiyyat qrupu - nəbzi yoxlamaq, Azərbaycan ictimaiyyətinin şəklə necə reaksiya verəcəyini bilmək üçün kimlərsə tərəfindən göndərilmiş “cütlük” idi. Hər halda, paytaxta turist və ya azarkeş kimi gələn sadə gürcülər bu addımı atmağa cürət etməzdilər.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.