Dünən AFFA və UEFA-nın təşkilatçılığı ilə “Feyrmont” otelində “Futbol və Biznes” sammiti təşkil olunub. Sammitə toplaşanları salamlayan moderator Rəşad Bayramov səhnəyə “Futbolun makroiqtisadi təsiri” mövzusunda 1-ci panelin iştirakçıları olan AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyevi, Vergilər Nazirliyinin əməkdaşı Elçin Məmmədovu və PWС şirkətindən Mövlan Paşayevi dəvət edib. Çıxış edənlər mövzu ilə bağlı ətraflı danışdıqdan sonra tədbirdə iştirak edən tələbələrin suallarını cavablayıblar. Forumun 2-ci panelində “Futbol investisiyasından sosial fayda” mövzusunda müzakirələr aparılıb. Bu paneldə Aleksandr Kuçeriavi (UEFA), Eduard Karvardin (UNİCEF) və Tim Krabbe (Substance) fikir mübadiləsi aparıblar. Sonuncu – 3-cü panelin iştirakçıları Tom Liston (SportMatters), Ceyhun Tağıyev (Coca-Cola) və Tural Piriyev (AFFA) olub. “Futbol tərəfdaşlığının biznesə təsiri” adlı paneldə nümunələri iştirakçıların diqqətinə çatdırıb, sualları cavablayıblar. Sammitin ulduz səfiri olan Rober Pires çıxış edib, sammit iştirakçılarına təbrikini çatdırıb. Sonda Piresin iştirakı ilə lotereya keçirilib və sammitin iki iştirakçısı Avropa Liqasının final oyununa bilet qazanıb.