Mayın 17-də futbol veteranları AFFA-nın inzibati binasında bir araya gələcək. Bu haqda bilgini Respublika Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevdən aldıq: “Mayın 17-də, səhər saat 11-də AFFA-nın inzibati binasında Veteranlar İttifaqının hesabat konfransı keçiriləcək. Qurumun rəhbəri kimi son iki ildə görülən işlər barədə hesabat verəcəm, ittifaqa üzv olanların fikirləri dinləniləcək. Gələcəkdə həyata keçirmək istədiyimiz layihələr haqda müzakirələr aparılacaq. Tədbirə bütün veteranlar dəvət olunub”.
Yeri gəlmişkən, onu da bildirək ki, Abdullayev birinci dəstədə çıxış edən “Turan Tovuz”un Müşahidə Şurasının sədridi. Fürsətdən istifadə edib Oqtay bəylə söhbətdə açılışı sentyabrda nəzərdə tutulan Futbol Akademiyasında görülən işlər barədə də məlumat əldə etdik: “Hələ ki sənədləşmə işləri aparılır. Bazada 3-cü mərtəbənin artırılmasına, stadion ərazisində yeni meydanların salınmasına müxtəlif dövlət qurumlarının icazəsi lazımdı. Bu üzdən əlavə sənədlərə, layihələrə ehtiyac var. Böyük ehrimalla tikinti və təmir işlərinə iyundan start veriləcək”.
RƏŞAD