
“Neftçi” bilet satışından 50 min manat qazanıb
Ceyhun Sultanov səhhətinə görə mükafatlandırmaya çıxmayıb
“Neftçi” – “Qarabağ” oyunu günü hər şey kənarda qalmışdı, hamı biletin qiymətindən danışırdı. Meydan sahiblərinin kütləvi iğtişaşın qarşısını almaq üçün atdığı addım, yəni bütün sektorlara olan biletlərin qiymətini 50 manata qaldırması ciddi fikir ayrılığına səbəb olmuşdu. Bakılılar bunu dəstəkləyir, ağdamlılar isə birmənalı narazılıq edirdi. Lakin 50 manat da azarkeş sayına ciddi mənada təsir etmədi.
Stadiona 5 min azarkeş təşrif buyurmuşdu ki, indiki vəziyyətdə kifayət qədər xoş rəqəm saya bilərik. Bu saydan təxminən 1500-ə yaxını “Qarabağ”a azarkeşlik edirdisə, bir o qədər tərəfdar da müxtəlif sektorlarda “Neftçi”nin qələbəsini arzulayırdı. Qalanı isə futbol izləməyə gəlmişdi desək, yanılmarıq.
5 min azarkeş gəlmişdisə və hamı 50 manatlıq bilet almışdısa, bu, “Neftçi”nin 250 min manat qazanması deməkdi. Deyək ki, onlardan bəziləri dəvətnamə ilə təşrif buyuranlar, ya da sponsor şirkətlərin əməkdaşları idi. İstənilən halda, “ağ-qaralar”ın irəli düşdüyü dəqiqdi. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə klubun biletdən nə qədər qazandığını öyrənməyə çalışsaq da, dəqiq bilgi əldə edə bilmədik: “Məbləğlə bağlı dəqiq rəqəm söyləyə bilməyəcəm. Çünki bu, klubun daxili işidi. İlin yekunlarına dair hesabatda göstəriləcək. Özünüz də bilirsiz ki, maliyyə ilə bağlı məsələlər məxfi saxlanır. O ki qaldı azarkeş sayına, bildiyiniz kimi, “Qarabağ” rəhbərliyi 700 bilet almışdı. Digər qonaq azarkeşlər arasında pulundan keçənlər var idi. “Neftçi” fanatlarına gəlincə, klub rəhbərliyi onları biletlə təmin etmişdi. “Qarabağ” öz azarkeşlərinə bilet aldığı kimi, biz də öz tərəfdarlarımıza bu cür jest edə bilirik. İki komandanın azarkeşlərindən başqa, stadionda rəsmi tərəfdaşımız olan SOCAR və “Turkish Airlines”ın işçiləri də var idi. Daxili çempionatdakı ev oyunlarımız zamanı SOCAR-a 1000, “Turkish Airlines”a isə 500 bilet ayrılır. Üstəgəl, futbolçuların yaxınları, hər iki klubda çalışanlar, futbol ictimaiyyətinin üzdə olan şəxsləri və s. Sualınızla bağlı yalnız bunları deyə bilərəm”.
Allahverdiyev məbləğ açıqlamasa da, kluba yaxın mənbədən məlumat əldə edə bildik. Belə ki, oyun günü 50 manatlıq təxminən 1000 bilet satılıb. Bu isə 50 min manat deməkdi. Təəssüf ki, Rüstəm bəy bu faktı da təsdiq etmədi.
Bir başqa sual isə mükafatlandırma mərasimində ortaya çıxmışdı. Klubun idman direktoru, həm də əsas komandaya futbolçu seçimində yardım etməsi ilə tanınan Ceyhun Sultanovun medaldan imtina etməsi. Mükafatlandırma zamanı prezident Kamran Quliyevlə vitse-prezident Elnur Eyvazov kürsüyə qalxıb “gümüş”lərinə sahib çıxsalar da, Sultanov gözə dəymədi. Halbuki adı siyahıda var idi və özü də stadiondaydı. Belədə gözə dəyməməsinin səbəbi maraq doğurur. Klubun sözçücü ilə əlaqə saxlamışkən bu məqama da aydınlıq gətirməsini xahiş etdik: “Bəli, Ceyhun Sultanovun adı siyahıdaydı. Sadəcə, özünü pis hiss etdiyindən, mükafatlandırma mərasimi zamanı kürsüyə qalxmadı”.
HƏBİB