Rəşad Əhmədov daha çox “fərqləndi”
Hakimlər pis-yaxşı çempionatı başa vurdular. Bir oyun – kubokun finalı qalıb ki, onu da idarə edəcək hakimin kimliyi bəllidi. İnqilab Məmmədov karyerasında ilk dəfə bu missiyanı həyata keçirəcək. Görünür, bu səbəbdən Hakimlər Komitəsi son turda ona təyinat verməmişdi. Əvəzində təcrübəli, 1-ci kateqoriyalı FİFA referimiz Masazıra ezam olunmuşdu.
ƏLİYAR AĞAYEV, Sabah – Zirə
Əliyar oyunu çətinlik çəkmədən idarə etdi. Əslində yüksək temp və ya mübahisə doğuracaq qayda pozuntusu da olmadı ki, Ağayevin işini müzakirə edək. Xüsusilə ilk yarıda “dayanmalar” olmadı. Təsadüfi deyil ki, referi birinci hissəyə vaxt əlavə etmədi. İkinci yarıya isə cəmi 2 dəqiqə artırıldı ki, 6 əvəzetmə üçün bu az hesab oluna bilər. Ancaq məsələ burasındadı ki, bu dəyişikliklərdən üçü hissənin startında həyata keçirildi. Belədə Ağayevin qərarı tam başadüşüləndi. Onun əlini 5 dəfə cibinə atdığını, “Sabah”ın iki, “Zirə”nin üç futbolçusunu cəzalandırdığını da əlavə edək.
SƏBUHİ BAYRAMOV, Səbail – Keşlə
Gənc referinin işini birmənalı qiymətləndirmək çətindi. Düzdü, oyunun tempinə xələl gətirməməyə çalışır, “üstünlük” prinsipinə əməl edirdi. Nəticəyə təsir edən ciddi səhvi də olmadı. Amma ikinci hissənin əvvəlində “Keşlə”nin futbolçusuna göstərilən qırmızı vərəqəyə görə mübahisə etməyə dəyər. Hakim Oke Akpovetanın kobudluğuna məruz qalan Edvinas Girdvainisə ikinci “sarı” verib meydandan kənarlaşdırdı ki, onun qərarı anlaşılmaz qaldı. Ola bilsin, müdafiəçinin rəqib üçün vərəqə istəməsi Bayramovu belə addım atmağa vadar etdi. Ancaq Edvinas bunu təkidlə yox, instinktlə etdi. Hər halda, bu epizoda görə futbolçunu meydandan qovmaq bəsit, eyni zamanda ağır qərar idi. Bayramovun köməkçilərinin işini də qənaətbəxş saymaq olmaz. Konkret yan xətt hakimi Elşad Abdullayev ikinci hissənin ortalarında “yatmışdı”. Belə ki, epizodların birində “Səbail”in hücumu dəf olundu, bir neçə toxunusdan sonra top mərkəzə qayıtdı ki, hakim fitini səsləndirib əlini havaya qaldırdı. Məlum oldu ki, yan xətt hakimi üstündən az qala bir dəqiqə ötən epizoda görə ofsayd işarə edib. Onun yubanmasını hətta digər laysman Nahid Əliyev də gülüşlə qarşıladı.
RƏŞAD ƏHMƏDOV, Sumqayıt – Qəbələ
Mingəçevirli referi işinin öhdəsindən tam gələ bilmədi. Konkret 12-ci dəqiqədə Peyman Babayinin zədələndiyi epizodda Voislav Stankoviç cərimə meydançasında rəqibə qarşı açıq ayaqla kobudluq etmişdi. Ancaq hakim penalti və vərəqə vermədi. Stankoviç ilk yarıya təsadüf edən daha bir epizodda “sarı”nı haqq edirdi. O, yenə rəqibə açıq ayaqla hücum çəksə də, referi bu dəfə də serbiyalını bağışladı. Bundan başqa, Əhmədov dəfələrlə “üstünlük” prinsipini pozdu. Məsələn, bir epizodda Elvin Məmmədov onu əli ilə tutub saxlamağa çalışan rəqibdən aralansa və komanda yoldaşına ötürmə etsə də, Əhmədov fitini səsləndirib qayda pozuntusunu qeydə aldı.
KAMAL UMUDLU, Neftçi – Qarabağ
Əvvəlcədən bəlli idi ki, derbi Kamal Umudlu üçün ağır olacaq. Belə də oldu: 2 penalti, 1 sayılmayan qol, 9 vərəqə və göstərilməyən daha bir neçə “sarı”... Ancaq insafən, nə sayılmayan qola, nə də ikinci “11 metrə”yə görə hakimi qınamaq fikrindəyik. Əksinə, gənc referini qətiyyətinə görə alqışlamaq lazım gəlir. Kaş Rəşad Sadıqov ona kəskin etiraz edib üzərinə hücum çəkəndə də həmin qətiyyəti göstərə biləydi. Hakim mütləq “Qarabağ”ın kapitanına vərəqə göstərməliydi. Bundan başqa, ilk penalti də şübhəli idi. Tural Axundov cərimə meydançasında özünü nümayişkəranə şəkildə yerə atdı. Cüzi toxunuş var idisə, bu cüzi idi və hakim müdafiəçinin yıxılmağa meyl etdiyini nəzərə almalıydı.
MİRAĞA