Qəzetimizin ötən saylarından birində Keşikçidağ monastr kompleksi ətrafında yaranan durum, daha doğrusu, gürcülərin əsassız ərazi iddiası ilə bağlı geniş yazı dərc etmişdik. Azərbaycan dövləti və azərbaycanlılar hər nə qədər bu məsələdə təmkin, dözüm nümayiş etdirsə də, təəssüf ki, qonşularımızın həyasızlığı sərhəd tanımır. Dünən “feysbuk”da Əntiqə Rəşid ad-soyadlı istifadəçinin qəribə paylaşımına rast gəldim. Şəkildən də gördüyünüz kimi, paytaxtın əsas rəmzlərindən olan “Alov qüllələri”nin fonunda dayanan iki gürcü nümayişkəranə şəkildə “David Qareca Gürcüstandı” (gürcülər kompleksi belə adlandırır) yazılan plakat açıb. Statusa yazılan şərhlərdən belə aydın olur ki, bunlar gürcü idmançılardı. Son günlər Bakıda cüdo üzrə “Qran-pri” keçirilib və bunların Gürcüstan nümayəndə heyətindən olduğunu güman etmək mümkündü. Bu məqamı dəqiqləşdirə bilməsəm də, günün günorta çağı Bakının ürəyində belə separatçı məzmunlu plakat açanların gerçək məqsədi aydındı. Azərbaycanı və azərbaycanlıları aşağılamaq, bizi təxribata çəkmək. Amma məsələnin bundan da maraqlı olan tərəfi var. “Alov qüllələri” Dövlət Təhlükəsizliyi Xidmətinin binasının yaxınlığında yerləşir, ümumiyyətlə, strateji xarakterli bu ərazidə daim polis maşınları fırlanır. Maraqlıdı, bizim polis, təhlükəsizlik xidməti hara baxır? Yəni o qədər rəzil gündəyik ki, şəhərimizin mərkəzində hansısa gürcülər belə separatçı plakatlar açırlar? Daha bir maraqlı məqam odu ki, gürcülər idmandan, xüsusən də futboldan separatçı xislətlərini göstərmək baxımından müntəzəm yararlanırlar. 2015-ci il iyulun 2-də, Avroliqanın 1-ci təsnifat mərhələsinin “Dinamo” – “Qəbələ” oyununda onların hansı hoqqalardan çıxdığını, yəqin ki, xatırlayırsız. Onda yerli azarkeşlər “Qəbələ” və Azərbaycan bayraqlarını ayaqlar altına atmış, azərbaycanlı fanatlara qarşı zorakılıq etmişdilər. Nəhayət, "Biz xatırlayırıq Zaqatala və Qax. 1921" yazılan plakat açmaqdan da çəkinməmişdilər. Bir sözlə, gürcü həyasızlığı sərhəd tanımır, biz isə hələ ki sakitcə onları seyr edirik. Öz aramızdı, ermənilərin “Miatsum” hərəkatı da belə başlamışdı...
HUŞƏNG