Ölkə xaricində çıxış edən futbolçularımız üçün həftəsonu fərqli keçib. Almaniyada top qovan yığma üzvlərindən başlayaq. 2-ci bundesliqada 33-cü tura yekun vurulub. Turun bütün oyunları eyni gündə keçirilib. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” doğma meydanda "Qroyter"lə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 1:1. Start heyətində yer alan Nazarov 70-ci dəqiqədə əvəzlənib. Mövsümün sonuna bir tur qalmış Aue təmsilçisi 40 xalla turnir cədvəlinin 12-ci pilləsindədi.
Bu ölkənin 3-cü liqasında isə 37-ci turun görüşləri baş tutub. Rüfət Dadaşovlu “Proyssen” "doğma divarlar" arasında “Karlsrue” ilə münasibətlərini aydınlaşdırıb. Münster təmsilçisi evində darmadağın (1:4) olub. İlk dəqiqələrdən meydanda olan Rüfəti baş məşqçi 75-ci dəqiqədə əvəzləyib. Hazırda 52 xalı olan "Proyssen" sıralamada yeddincidi.
Rüfətin qardaşı Renat isə komandasının oyununu kənardan izləyib. Onun şərəfini qoruduğu "Eştoril” Portuqaliya sequndasının 33-cü turunda səfərdə “Aroka” ilə üz-üzə gəlib. Qonaqlar 1:2 hesablı məğlubiyyətə üzülüb. Dadaşov bu oyunun iştirakçısı olmayıb. Ötən tur birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Rüfət cəza üzündən bu oyunu buraxıb. Elitaya vəsiqə şansını xeyli öncədən itirən “Eştoril”in indiyədək 51 xal topladığını, hazıra 4-cü yerdə qərarlaşdığını da bildirək.
Məlum olduğu kimi, Pireney yarımadasında Renatdan başqa da top qovan futbolçumuz var. Söhbət yığmanın martdakı oyunlarında özünü yaxşı tərəfdən göstərən Eddi İsrafilovdan gedir. Onun çıxış etdiyi “Alkorkon” İspaniya sequndasının 37-ci turunda “Numansiya”nın qonağı olub və 2 cavabsız qolla məğlubiyyətə uğrayıb. Yığmamızın yarımmüdafiəçisi 90 dəqiqə mübarizə aparıb. Hazırda 51 xala malik “Alkorkon” 11-ci pillədədi. Bu komandanın elitaya yüksəlmək uğrunda keçiriləcək pley-off oyunlarının iştirakçısı olacağı da artıq real görünmür.
Amit Quluzadə isə Bosniya və Hersoqovinadan 1 dəqiqə oynamadan belə qayıtmağa yaxındı. Onun hələ ki debüt etmədiyi "Çelik" 31-ci turda “Jrinski”ni qəbul edib. Meydan sahiblərinin minimal hesabla (0:1) məğlub olduğu görüşdə Amit iştirak etməyib. Onun tezliklə adı çəkilən komandadan ayrılacağı gözlənilir. “Çelik” isə 39 xalla turnir cədvəlində 6-cı yerdədi.
İndi isə gələk postsovet məkanına. Qazaxıstan premyer-liqasında 10-cu turun qarşılaşmaları gerçəkləşib. Emil Balayevin formasını geydiyi "Tobol" "Kaysar"ın qonağı olub. Həftəiçi kubok matçında zədələnən Emil oynamayıb. Onun komandası 1:5 hesabıyla darmadağın olub. Maraqlıdı ki, Balayevin zədələndiyi "Kayrat"la kubokun 1/4 final matçında "Tobol" məhz bu hesabla qələbə qazanmışdı. Qeyd edək ki, 10 oyundan sonra 20 xalı olan "Tobol" bu məğlubiyyət nəticəsində 2-ci sıradakı yerini də “Kaysar”a verib və 3-cü pilləyə enib.
Ukrayna premyer liqasının 28-ci turunda Pavel Paşayevli “Aleksandriya” səfərdə lider Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Qonaqlar 1:2 hesabı ilə uduzub. Paşayev 90 dəqiqə meydanda olub. “Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da 48 xala malikdi və 3-cü yerdən "boylanır".
Təəssüf ki, daha bir yığma üzvü həftəsonu məğlubiyyət acısı yaşayıb. Rusiya premyer-liqasının 28-ci turu çərçivəsində Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” səfərdə “Axmat”la üz-üzə gəlib. Qonaqlar minimal fərqlə (1:2) yenilib. Şeydayev matçı əvəzlənmədən keçirsə də, yenə qol vura bilməyib. Hazırda 28 xalı olan “Krılya Sovetov” 13-cü yerdədi.
Tükiyədə top qovan futbolçularımıza gəlincə, Özancan Kökcü də məğlubiyyətə üzülüb. Onun formasını geydiyi "Girəsunspor" 1-ci liqanın 33-cü turu çərçivəsində səfərdə "Hatayspor"la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar minimal hesabla (0:1) məğlub olub. Özancan 90 dəqiqə mübarizə aparıb və 45-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. "Girəsunspor" 33 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədi.
Dəniz Yılmazlı "Gənclərbirliyi" isə səfərdə "Qazişəhər Qaziantep"i 2 cavabsız qolla məğlub edib. Start heyətində yer alan və matçı əvəzlənmədən keçirən Dəniz məhsuldar ötürmə ilə yadda qalıb. Bu qələbə sayəsində xalını 70-ə çatdıran "Gənclərbirliyi" liderliyini sürdürür.
FARİZ