Öncə UEFA-nın, ardınca AFFA-nın tələbindən sonra klublar illik hesabatını ictimaiyyətə açıqlamağa başlayıb. Daha doğrusu, məcbur edildikləri işi icra etməkdədilər. Digər elita təmsilçiləri kimi, “Qarabağ” da üzərinə düşən öhdəliyi yerinə yetirib. Dünən klub saytı 2018-ci il üçün gəlir və xərclərdən ibarət rəqəmləri təqdim etdi. Bilet və abunələrdən 733 min 910 manat, teleyayından 414 min 240 manat gəlir əldə olunub. UEFA-nın təmsilçimizin avrokuboklardakı iştirakına görə ayırdığı pul mükafatının məbləği isə 12 milyon 183 min 90 manat olub. Digər gəlirlər də var ki, bu, 1 milyon 886 min 900 manatdı. Ümumi gəlir 15 milyon 218 min 140 manatdı.
Xərclərə gəlincə, ən böyük vəsaiti maaş və mükafatların verilməsinə ayrılıb. Belə ki, əməkhaqqılar və həvəsləndirici paralar üst-üstə 8 milyon 250 min 880 manat təşkil edib. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına 491 min 60 manat sərf olunub. Gənclər futbolunun inkişafına ötən il boyunca 916 min 270 manat xərclənib. Ümumiləşdirilən digər xərclər də var ki, bu, 4 milyon 720 min 750 manat hesablanıb. Ümumi xərc 14 milyon 378 min 960 manatdı.
Rəqəmlərdən də göründüyü kimi, “Qarabağ” il ərzində xərclədiyindən daha çox – 839 min 180 manat qazanıb. Yeri gəlmişkən, maliyyə hesabatı sənədində “reklam və sponsorlardan gələn gəlir” xanasının boş qalması ortaya sual çıxarır: görəsən, 2018-də “Azərsun” “Qarabağ”a pul xərcləməyib?
HƏBİB