“Yuventus”, “Seltik”, APOEL...
“Qarabağ” ardıcıl 6-cı (ümumilikdə 7-ci) çempionluğunu rəsmiləşdirdi. Bununla da “köhlən atlar” özlərinə məxsus rekordu yenilədi. İndiyədək heç bir klubumuz ard-arda bu qədər birinciliyi sıralamamışdı. Bu baxımdan ağdamlıların ən yaxın izləyicisi “Neftçi”di. “Ağ-qaralar” üç dəfə ardıcıl (2011, 2012, 2013) çempionluq sevinci yaşayıblar.
Göründüyü kimi, aradakı fərq ciddidi və “Qarabağ”ın seriyası əzəli rəqibindən ikiqat çoxdu. Ancaq bu, “köhlən atlar”ın günahı deyil. Güclüdü, qalib gəlir və seriyasının ömrünü uzadır. Ola bilər, bəziləri çempionata marağın buna görə azaldığını düşünür. Yəni “onsuz da “Qarabağ” çempion olacaq” düşüncəsi yarana bilər. Həqiqətən də bir komandanın ardıcıl çempion olduğu birinciliklərdə bu tendensiyanın şahidi oluruq. Lakin premyer-liqaya maraq olsun deyə, Qurban Qurbanovun komandası çempionluğu kiməsə bağışlayası deyil ki...
Maraq üçün bizdəki vəziyyətin analoqlarını axtarmaq məqsədilə Avropanın 54 ölkəsinin çempionatına göz gəzdirdik. Keçmişdə yox, məhz cari mövsüm də daxil olmaqla 6 və daha çox çempionluq seriyasına malik klubların nə qədər olduğunu araşdırdıq.
“Böyük beşlik”də İtaliya və Almaniyada vəziyyət oxşardı. “Yuventus” A seriyasında 8 mövsümdü rəqib tanımır. Hazırkı “futbol ili”ndə 8-ci dəfə qızıl medala yiyələnən Turin təmsilçisi çempionluq sayında da rekordçudu. Doğrudu, Almaniyada hələ qızıl medalın sahibi bəlli deyil. Ancaq sona iki tur qalmış əsas izləyicisi Dortmund “Borussiya”sını 4 xal qabaqlayan “Bavariya” çətin ki, bu üstünlüyü əldən versin. Münhenlilər bu il də “qızıl”a yiyələnməklə 7-ci dəfə bundesliqanın ən güclüsü adını qazanacaq.
Digər ölkələrə gəlincə, vaxtilə “Qarabağ”la üz-üzə gələn “Zaltsburq” (Avstiya) cari mövsüm “köhlən atlar” kimi 6-cı dəfə çempion oldu. “Ludoqorets” arıdıcıl 8-ci Bolqarıstan çempionluğunu qeyd etmək istəyir. Ancaq hələ sona 3 tur var və Razqrad təmsilçisi ən yaxın izləyicisi ÇSKA-nı (Sofiya) 3 xal qabaqlayır. Maraqlıdı ki, mayın 11-də məhz bu komandalar üz-üzə gələcək və ola bilər ki, həmin matç “qızıl”ın taleyinə aydınlıq gətirsin. APOEL ardıcıl 7-ci dəfə Cənubi Kipr çempionu oldu. Belarusda BATE-nin hökmranlığı davam edir. Daha doğrusu, bu ölkədə çempionat “yaz-payız” sistemi ilə keçirilir. Yeni mövsümün cəmi 6 turu geridə qalıb. Borisovlular isə payızda ardıcıl 13-cü dəfə çempion oldu. Şotlandiya çempionatında “Seltik” uzun illərdi ki, “qızıl”ı heç kimə güzəşt etmir. Qlzaqolular cari mövsüm uğurlu seriyanı 8-ə çatdırdı.
Yeri gəlmişkən, Xəzər dənizi vasitəsilə qonşuluq etdiyimiz Qazaxıstanda da vəziyyət ciddi şəkildə fərqlənmir. Bu ölkənin “yaz-payız” sistemi ilə keçirilən çempionatında son 5 mövsümün qalibi “Astana”dı. Roman Qriqorçukun çalışdırdığı bu komanda hazırda davam edən birincilikdə də liderdi. Adı çəkilən komanda payızda arıdıcıl çempionluqların sayında “Qarabağ”a çata bilər.
FARİZ