Premyer-liqanın qalibi adına yiyələnən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 6-cı dəfə bu titula sahib çıxıb. Ağdam klubunun 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərindəki uğurlarında da pay sahibi olan mütəxəssis çempionluq sayında Azərbaycan rekorduna imza atıb. O, 5 dəfə belə uğura nail olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb. Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxasında” iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.
“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki “bürünc”dü. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.
Premyer-liqanın 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb. Bu, 27-ci turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib. Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov mövsümdə ikinci dəfə het-trik müəllifi olub. O, 13-cü turun “Keşlə” ilə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ”ın futbolçularının hesabındadı. 14-cü turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub. Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamətdar olub. Hücumçu premyer-liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub.