Ölkəmizi bu yay avrokuboklarda təmsil edəcək klublardan üçü artıq bəllidi. Bunlar “Qarabağ”, “Neftçi” və “Səbail”di. “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” ilə “Səbail” isə Avropa Liqasında mübarizə aparacaq. Avroliqaya daha bir vəsiqənin sahibi mayın 19-da “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək ölkə kubokunun finalından sonra sahibini tapacaq.
Bildiyiniz kimi, “Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Ağdamlıların potensial rəqiblərindən 7-si bəllidi, qalan 7-nin adı isə ayın sonuna qədər bilinəcək. Yüksək reytinqə (22.000) malik “Qarabağ” iyunun 18-də keçiriləcək püşkatmada 1-ci mərhələdə “şəpələnmişlər” səbətində yer alacaq.
“Səpələnmişlər”: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), APOEL (Nikosiya, C.Kipr), “QARABAĞ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya).
“Səpələnməmişlər”: “Ferentsvaroş” (Macarıstan), “Nomme Kalyu” (Estoniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
Qeyri-müəyyənlər: “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AİK (İsveç), “Suduva” (Litva), “Valetta” (Malta), Rumıniya, Polşa, Bolqarıstan, Sloveniya, Albaniya, Bosniya və Hersoqovina, Ermənistan və Lüksemburq çempionları.
Avrokubokların 2019/20 mövsümünün təqvimi də bəllidi. Mövsümün ilk püşkü iyunun 11-də atılacaq. Amma Azərbaycan klubları ilkin mərhələdən azaddı. Belə ki, "Qarabağ" mübarizəyə ÇL-in, "Neftçi" və "Səbail" AL-in 1-ci təsnifat mərhələsindən başlayacaq. ÇL-də bu mərhələnin oyunları iyulun 9-10-u və 16-17-də, AL-də isə 11-i və 18-də keçiriləcək.
Ölkə kubokunun qalibi AL-in 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq ki, bu mərhələnin oyunları iyulun 25-i və avqustun 1-də keçiriləcək.
"Neftçi" və "Səbail"ə gəlincə, paytaxt təmsilçilərinin hansı səbətdə yer alacağı hələlik qeyri-müəyyəndi. Lakin böyük ehtimalla onlar “səpələnmişlər” səbətində qərarlaşacaq. Çünki "Neftçi" və "Səbail"in 3800 xalı var ki, bu da 1-ci mərhələ üçün yüksək göstərici sayılır.