“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
29 mart, saat 19.15. Bu gün yaz tətilinin axırıncıdan əvvəlki günüdü. Görüşmədiyimiz müddətdə Səddam Hüseyn müharibəni uduzdu. İndi isə İraqda onun özünə qarşı üsyan var. Amma bu haqda elə geniş məlumatım yoxdu. Martın 19-da ilaxır çərşənbəni qeyd etdik. Son günlər qəzetləri oxuya bilməmişəm. Günlər çox sönük keçir. Məktəbdəki “Ocaq” dərnəyimiz də fəaliyyətini dayandırdı. Çünki daim müəllimlərlə münaqişə yaşayırdıq. Martın 17-də SSRİ-nin taleyi ilə bağlı referendum keçirildi. Azərbaycan üzrə nəticələr hələlik bəlli deyil. Dünən RSFSR xalq deputatlarının 3-cü – növbədənkənar qurultayı işə başladı. RSFSR ilə SSRİ prezidenti arasında ciddi fikir ayrılıqları var. Qorbaçov hansısa qərar verən kimi Yeltsin dərhal onun qərarının ziddinə nəsə edir. Çox güman, yaxınlarda Yeltsin Rusiya prezidenti seçiləcək. O isə qatı millətçidi.
Ölkədə iqtisadi böhran tədricən dərinləşir. Bu böhrandan çıxış yolu yoxdu. Dünən Mayakovski küçəsində Yeltsini dəstəkləyən, Qorbaçovun isə əleyhinə olan 500 minlik mitinq keçirilib.
İndi isə futbol haqda. Martın 10-da futbol üzrə SSRİ çempionatının yeni mövsümünə start verildi. 3 turdan sonra MOİK ilə “Ararat” liderlik edir. Sonra “Şaxtyor” gəlir. Srağagün Almaniya və SSRİ yığmaları arasında yoldaşlıq oyunu keçirildi. Almanlar 2:1 hesabıyla qalib gəldi. SSRİ-dən qolu Dobrovolski vurdu. SSRİ yığması növbəti yoldaşlıq oyununu aprelin 17-də Budapeştdə macarlarla keçirəcək. Avrokubokların 1/4 final mərhələsi də arxada qaldı. Bu mərhələdə oynayan sovet komandalarından yalnız “Spartak” yarımfinala çıxdı. Oyunların nəticələri:
Dinamo (K) – Barselona 2:3 (evdə), 1:1 (səfərdə)
Brondbü – Torpedo (M) 1:0 (evdə), 0:1 (səfərdə), p. – 4:2
Spartak – Real 0:0 (evdə), 3:1 (səfərdə)
“Spartak” yarımfinalda “Milan”ı sıradan çıxaran “Marsel” ilə oynayacaq. İlk oyun aprelin 10-da, cavab görüşü isə 24-də keçiriləcək.
“Neftçi” yeni mövsümdə ilk oyununu aprelin 5-də Abovyanda “Kotayk”a qarşı keçirməliydi. Ancaq məlum səbəbdən ermənilərə texniki qələbə veriləcək. “Neftçi” aprelin 8-də səfərdə Stavropol “Dinamo”su ilə qarşılaşacaq. “Neftçi”nin növbəti mövsüm güclülər dəstəsində oynayacağına qətiyyən inanmıram. Amma komandaya rəhbərlik edənlər utanmadan bunu iddia edirlər. Komanda daxilində çox arzuolunmaz mikroiqlim formalaşıb.
17 may, saat 20.00. “Neftçi” bu mövsüm biabırçı çıxış edir. 8 oyundan sonra cəmi 6 xalı var. Orta hesabla 40 faizlik nəticə göstərirlər. SSRİ-nin saxlanmasına dair referendumda guya azərbaycanlıların 93 faizi “hə” cavabı verib. Ermənistan, Gürcüstan, Moldova, Litva, Latviya və Estoniya, ümumiyyətlə, referendumda iştirak etməyib. Ayağım ağrıdığına görə bu gün məktəbə getmədim. Hamısı futbolun zibilidi.