Sizin reklam burada

Səlahət Ağayev Emil Balayevin yolunu tutub

Title
Səlahət Ağayev Emil Balayevin yolunu tutub
Qapıçı “Sabah”ın 25 minlik maaş təklifinə “yox” dedi
“Neftçi”nin və millinin qolkiperi Səlahət Ağayevin “ağ-qaralar”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bu üzdən klub rəhbərliyi qolkiperə yeni anlaşma təklif edib. Ancaq bir şərtlə ki, Ağayev maaşının azaldılmasına razı olsun. Bir aydan sonra qüvvədən düşəcək müqaviləyə əsasən qapıçının aylıq maaşı 22500 manat təşkil edirdi. Rəsmilər bu dəfə aylıq 17 min manat təklif ediblər. Lakin qolkiper bu şərtə razı olmayıb. Əldə etdiyimiz məlumata görə, bundan “Sabah” yararlanmaq istəyib və yığma üzvünə ayda 25 min manat ödəyəcəyinə söz verib. Amma Səlahət “tələbələr”in də təklif etdiyi məvacibə razı olmayıb. Yeri gəlmişkən, etibarlı mənbədən əldə etdiymiz bilgiyə əsasən “Sabah” paytaxt təmsilçisinin futbolçusu Məhəmməd Mirzəbəyovla ilkin müqavilə bağlayıb və müdafiəçi qarşıdakı iki ili “tələbələr”in düşərgəsində keçirəcək. Səlahətə gəlincə, 28 yaşlı yığma üzvünün premyer-liqanın debütantının təklifini geri çevirməsinin səbəbi var. Belə ki, ona Qazaxıstan elitasında mübarizə aparan klubdan daha sərfəli təklif gəlib. Qapıçı özü bu məsələyə münasibət bildirməsə də, agenti Vaqif Heydərli mətbuata açıqlamasında xəbəri təsdiqləyib. Ancaq Ağayevlə hansı klubun maraqlandığını deməyib.
Bəzi media orqanlarında həmin klubun “Ordabası” olduğu barədə xəbərlər yayılıb. Lakin Çimkənd təmsilçisinin çalışdırıcısı, vaxtilə “İnter”də (Keşlə) Ağayevin baş məşqçisi olan Kaxaber Tsxadadze azerisport.com saytına açıqlamasında Ağayevin onların transfer siyahısında olmadığını bildirib. Milli üzvünü xeyli tərifləyən gürcü mütəxəssis “Ordabası”nın hər iki qolkiperinin Qazaxıstan yığmasının üzvü olduğunu vurğulayıb.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.