Sizin reklam burada

Əmir Ağayev “Sumqayıt”a daha bir qələbə qazandırdı

Baxış Sayı:1 503

Əmir Ağayev “Sumqayıt”a daha bir qələbə qazandırdı
Elşad Əhmədov: “Rəhbərliklə bu haqda ilkin söhbətim olub”
105. Sumqayıt – Sabah (Bakı) 1:0 (0:0)
1. Mehdi Cənnətov – 5,5
21. Arif Daşdəmirov – 5,5
4. Şəhriyar Əliyev – 5,5
34. Elvin Bədəlov – 5,5
2. Rail Məlikov (k) – 5,5
18. Süleyman Əhmədov – 5,5
97. Xəyal Nəcəfov – 4,5
(99. Əli Babayev, 46) – 5,5
10. Aleksey İsayev – 5,0
(60. Elvin Məmmədov, 68) – 5,0
15. Əmir Ağayev – 6,0
7. Cavid Tağıyev – 5,0
(77. Murad Xaçayev, 76) – qiymətsiz
70. Ülvi İsgəndərov - 5,5
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
13. Aydın Bayramov
3. Vurğun Hüseynov
5. Adil Nağıyev
74. Yusif Nəbiyev
25. Baxşəli Baxşəliyev
49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev
32. Dmitri Bezruk – 5,0
19. Məqsəd İsayev – 5,0
(8. Elşən Abdullayev, 82) – qiymətsiz
15. Erik Ramos – 4,5
5. Kərim Diniyev (k) – 5,0
13. Filip İvanoviç – 4,5
11. Elgün Nəbiyev – 4,5
(77. Şakir Seyidov, 57) – 4,5
6. Vadim Abdullayev – 4,5
(27. Bəxtiyar Soltanov, 69) – 4,0
7. Rəşad Eyubov – 4,5
25. Vanderson Silva – 4,0
91. Coşqun Diniyev – 5,0
9. Marko Deviç – 5,5
Ehtiyat oyunçular
96. Əmirhüseyn Nəcəfi
21. Novruz Məmmədov
4. Tərzin Cahangirov
88. Elçin Əsədov
12. Zahir Mərdanov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç
Qol. Ə.Ağayev, 50.
Vərəqələr: E.Bədəlov, 36 (qeyri-idman hərəkəti). M.İsayev, 38 (qeyri-idman hərəkəti). C.Diniyev, 51 (qeyri-idman hərəkəti). A.İsayev, 64 (qeyri-idman hərəkəti). Ə.Babayev, 65 (hakimin qərarına etiraz). F.İvanoviç, 77 (qeyri-idman hərəkəti). R.Eyubov, 87 (qeyri-idman hərəkəti). M.Cənnətov, 89 (oyunun bərpasını ləngitmək). M. Xaçayev, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
5 may. Sumqayıt. Kapital Bank Arena. 1500 tamaşaçı (1326 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Günün son oyunu “Kapital Bank Arena”da keçirildi. Bu matçda əsas intriqa nöqtəsi meydan sahiblərinin minimum 1 xal qazanıb, növbəti mövsüm üçün elitada yerini qoruması idi ki, 90 dəqiqənin tamamında onlar bu vəzifənin öhdəsindən artıqlamasıyla gəldilər. Onu da qeyd edim ki, sumqayıtlılar artıq 1 saat əvvəldən əsas rəqibləri “Keşlə”nin məğlub olduğunu bilirdilər. Bəlkə də bu üzdən Ayxan Abbasov yetirmələrinə bir qədər ehtiyatlı oynamaqla minimum hədəfin öhdəsindən gəlmək tapşırığı vermişdi. Meydan sahibləri matça o qədər də fəal başlamadılar. Oyunu müdafiədən quran “ağ-göylər” matçın əvvəlində az qala bunun acısını çəkəcəkdilər. Artıq 9-cü dəqiqədə Vadim sumqayıtlıları meydanın mərkəzinə dəvət etməyə yaxın oldu. Ancaq onun cərimə meydançasının həndəvərindən “6-liğ”a göndərdiyi top dirəyə dəyərək geri qayıtdı. Həmin an Mehdinin uzaqdan belə zərbə gözləmədiyini və bu üzdən gec reaksiya verdiyini vurğulamaq lazımdı. Mərkəzi rəqibə verib geri çəkilməyin ağır fəsadlara yol açacağını anlayan meydan sahibləri irəli getmək lazım olduğunu düşündülər ki, bu da çox keçmədən “Sabah”ın qapısı önündə təhlükəli vəziyyətlə nəticələndi. 15-ci dəqiqədə Aleksey iki müdafiəçinin arasından ara ötürməsi edib Əmiri iti bucaq altında zərbə mövqeyinə çıxardı. Son günlər adından söz etdirən Ağayev daha əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə vermək əvəzinə məsuliyyəti üzərinə götürüb yaxın küncü nişan aldı. Lakin “Neftçi” ilə oyundan fərqli bu dəfə qol istəyinə çata bilmədi, Bezruk qüvvətli zərbəni uzaqlaşdırmağı bacardı. İlk yarının qalan dəqiqələrində mübarizə əsasən meydanın mərkəzində gedirdi. Oyun üstünlüyünə yiyələnən “kimyaçılar” “tələbələr”in qapısı önündə bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsalar da, hücumları məntiqi sonluğa çatdıra bilmədilər.
İkinci hissənin əvvəlində isə son günlər sumqayıtlıların “uğur çubuğu”na çevrilən, oyunu ilə azarkeşlərin rəğbətini qazanan Ağayev yenə səhnəyə çıxdı. Qürbətçi-futbolçu 50-ci dəqiqədə qarşısıalınmaz zərbə ilə qonaqları məyus etdi. Qoldan sonra matçın sonuna xeyli vaxt qalmasına baxmayaraq, qonaqlar tarazlığı bərpa edə bilmədilər. Əslində Əhmədovun komandasının sərgilədiyi oyunla onlardan heç qol gözləməyə də dəyməzdi. “Sabah”ın futbolçuları sanki meydana vaxt öldürməyə çıxmışdılar. 35 yaşlı Deviç irəlidə təkbaşına nəsə etməyə çalışsa da, komanda yoldaşlarından dəstək görmürdü. Topla təmin olunmadığını görən legioner məcburiyyətdən meydanın mərkəzinə qədər çəkilir, özünə top qazanmağa çalışırdı. Lakin bu da həmişə effektli alınmırdı. “Sumqayıt”ın müdafiəçiləri Markoya yaxın oynayır, rahat nəfəs almasına imkan vermirdilər. Son dəqiqələrdə rəqibin dayandığını görən meydan sahibləri sürəti bir qədər də artırdılar. Bunun da nəticəsi kimi az qala ikinci qolu vuracaqdılar. Elvin sağ cinahla keçid edib, qapıya paralel ötürmə ilə Əmiri zərbə mövqeyinə çıxardı. Lakin onun zərbəsi bu dəfə dəqiq alınmadı. Top az fərqlə dirəyin yanından keçdi. Bu həm də qarşılaşmada son yaddaqalan vəziyyət oldu. Matç “ağ-göylər”in minimal hesablı qələbəsi ilə bitdi.
RƏŞAD

Reaksiyalar
Elşad Əhmədov: “Çox sönük oyun keçdi. Ola bilsin, bu arxayınlıqla bağlı idi. Öz işimizi çətinə saldıq. Mövsümün əvvəlində qarşımıza “5-lik”də olmağı məqsəd qoymuşduq. Bu gün mövsümdə istədiyimiz yerdən bir pillə aşağı düşdük. Yenidən 5-ci pilləyə qayıtmaq üçün sonuncu turda mütləq "Zirə"yə qalib gəlməliyik. Bəlkə də komanda premyer- liqadakı ilk mövsümündə yerini qorumaq tapşırığını yerinə yetirdiyi üçün son oyunlara arxayın çıxır. Həftəboyu futbolçularla çox söhbət etsək də, görünür, yetərli olmayıb. Növbəti mövsümdə postumda qalacam? Rəhbərliklə bu haqda ilkin söhbətim olub. Mövsüm başa çatdıqdan sonra bir daha görüşüb müzakirələr aparacağıq. Təmkin Xəlilzadənin durumuna gəlincə, o nizam-intizamı pozduğuna görə rəhbərlik tərəfindən çempionatın sonuna kimi komandadan uzaqlaşdırlıb. Gələcək taleyi də rəhbərliyin verəcəyi qərardan asılıdı”.
Ayxan Abbasov: “Bizim üçün çox önəmli oyun idi. Rəqiblər xal itirmişdi. Çempionatda taleyimizi həll etməliydik. Futbolçular bu oyunun əhəmiyyətini başa düşərək sonda qalib gəldilər. Düzdü, nəticə baxımından indi vəziyyət yaxşıdı. Amma uduzduğumuz matçlarda da yaxşı oyun sərgiləyirdik. Vaxt ötdükcə futbolçularımız özlərinə gəldilər və bu da nəticələrdə özünü göstərməyə başladı. Hazırda Peyman Babayi ilə Vurğun Hüseynovun zədəsi var, Mehdi Cənnətov sarı vərəqə limitini doldurduğuna görə son turu buraxacaq. Çalışacağıq ki, kubokun finalına tam sağlam vəziyyətdə çıxaq. Naxçıvanda hava şəraiti hər iki komanda üçün eyni olacaq. Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl ora yollanacaq. Yerli şəraitə uyğunlaşmaq üçün komandaya əslində minimum bir həftə lazımdı. Ancaq futbolda belə hallarla tez-tez üzləşməli olursan”.

Gözdən qaçmadı
* Hakimin start fitindən əvvəl sumqayıtlı azarkeşlər ölkə kubokunun finalına vəsiqə qazanan komandanın üzvlərini tribunaya tərəf səsləyib, gur alqışlara qonaq etdilər.
* Oyunun 4-cü hakimi ikinci hissədə, demək olar ki, özünü itirmişdi. Elçin Məsiyev əvvəlcə Elgün Nəbiyev meydandan çıxarkən səhvə yol verdi. Məsiyev əvəzlənən oyunçunun nömrəsini tabloda qırmızı, meydana çıxanın nömrəsini isə yaşıl rənglə göstərməli olsa da, hər şeyi əksinə etdi. Bu azmış kimi, 4-cü hakim matçın sonlarına yaxın daha müasir tablonu köhnə ilə əvəzləməyi lazım bildi.
* Matç başa çatandan sonra “Sabah”ın futbolçuları – Kərim və Coşqun Diniyevlər “Sumqayıt”ın qapıçısı Rəşad Əzizli ilə birgə klub avtobusuyla yox, ayrıca maşınla Bakıya getməyə qərar vermişdilər. Küçəboyu taksi axtarışına çıxan “üçlüy”ün arasında Coşqunun əlində iri yastıq maşınlar gələn tərəfə tez-tez boylanması maraqlı görüntü idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR