Sizin reklam burada

Nadir Nəsibovdan narazıların turnirində iki tur arxada qalıb

Title
Nadir Nəsibovdan narazıların turnirində iki tur arxada qalıb
Nicat Mirzəyev: “Bizə yer ayırdıqları üçün onları “sıxıblar”
Basketbol üzrə ölkə çempionatında çıxış edən 5 klubun – NTD, “Alov”, “80-lər”, AZTOP və ADNSU-nun federasiyanın prezidenti Nadir Nəsibovun fəaliyyətindən narazı qaldıqları üçün ölkə çempionatından imtina etdiklərini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, klub rəsmiləri federasiya prezidenti istefa verənə qədər qurumun bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcəklər. Məsələ ilə bağlı dəfələrlə fikrini öyrəndiyimiz NTD-nin prezidenti Bəhram Abdinov mübarizəni sona qədər aparacaqlarını, çempionatdan imtina etmələrinə baxmayaraq, öz aralarında turnir təşkil ecəcəklərini, “boykotçular”ın aprelin sonunda parket üzərinə çıxacağını vurğulamışdı.
Dünən əldə etdiymiz məlumata görə, artıq turnirə start verilib. Federasiya prezidentindən narazı klubların öz aralarında keçirdiyi turnir barədə ətraflı məlumat əldə etmək üçün yarışın Təşkilat Komitəsinin üzvü, “Alov”un prezidenti Nicat Mirzəyevlə əlaqə saxladıq: “Əvvəlcədən nəzərdə tutduğumuz kimi, turnir aprelin sonunda start götürüb. 5 komandanın qatıldığı yarışda iki tur geridə qalıb. Çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən oyunlara şahidlik edirik. Azarkeş marağı da çox yüksəkdi. Onu da qeyd edim ki, komandalar heyətlərini legionerlərlə gücləndiriblər. Tək bizim komandada 3 gürcü basketbolçu çıxış edir. Digər komandalarda da qonşu ölkədən olan basketbolçular var. Dairəvi sistemlə keçən turnirdə ilk 4 pilləni tutanlar sonradan öz aralarında pley-off oynayacaqlar. Pley-offun ilk görüşləri iki qələbəyə qədər davam edəcək. Finala çıxanlar isə 3 matçda qalib gəlməli olacaqlar. Basketbol Federasiyası bu idman növünə sponsor tapa bilmədiyini söyləsə də, bizim təşkil etdiyimiz turnir bunun əksini göstərdi. Hər bir klubun ayrıca himayədarı var. Şəxsən prezidenti olduğum “Alov” “Müzik Qaleri” şirkəti tərəfindən maliyyələşir. Başqa komandaların da imkanlı sponsorları var. Bu isə onu göstərir ki, Azərbaycanda basketbola sərmayə yatızdırmaq istəyən yetərincə şirkət və iş adamları mövcuddu. Sadəcə, Nadir Nəsibov federasiya prezidenti kimi onların bu sahəyə gəlməsinə imkan vermir”.
Mirzəyev turnirin təşkili zamanı üzləşdikləri problemləri də vurğulamağı lazım bildi: “Turnirin ilk turu “Port Baku”nun idman kompleksində keçirildi. Əvvəlcədən oranın rəhbərliyi ilə danışıq aparıb turnirin keçirilməsi ilə bağlı razılıq əldə etmişdik. Lakin ikinci tur ərəfəsində bizə bildirdilər ki, artıq növbəti tur üçün başqa məkan axtarın. Bizə yer ayırdıqları üçün onları “sıxıblar”. Belədə Fövqəladə Hallar Nazirliyinin Hövsandakı idman kompleksinə üz tutduq. Tur başa çatandan sonra bizə əks qüvvələr kompleksin rəhbəri Füzuli Musayevlə əlaqə saxlayıb, ona da bizə yer verməməyi tapşırıblar. Bunu edən isə federasiyanın vitse-prezidenti Həsənağa Rzayevdi. Ancaq Füzuli müəllim onlara layiqincə cavab verib. Növbəti, 3-cü turun qarşılaşmaları ADNSU-nun idman zalında olacaq. Bütün media nümayəndələrini turnirə dəvət edirik. Gəlsinlər və maraqlı oyunları izləsinlər. Bir daha şahidi olacaqlar ki, bizdə basketbolu sevən azarkeşlər və güclü basketbolçular var. Ancaq federasiya bu idman növünün inkişafına mane olur”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.