“70 illik yubileyində kuboku Sumqayıta gətirmək əla olardı”
Qış fasiləsindən sonra “qara zolağa düşən”, qələbəyə həsrət qalan “Sumqayıt”ın mövsümün sonuna yaxın belə sürət yığacağını heç kim gözləmirdi. Ayxan Abbasovun baş məşqçi olduğu komanda 23-cü turda “doğma divarlar” arasında “Keşlə”ni udsa da, sonrakı iki oyunda yenə azarkeşlərinə məyusluq yaşatdı. “Kimyaçılar” əvvəlcə səfərdə “Zirə”yə, ardınca isə “Kapital Bank Arena”da “Səbail”ə boyun əydi. Bu məğlubiyyətlərdən sonra sumqayıtlıların ən nikbin azarkeşi belə, qalan görüşlərdə komandanın nəsə edəcəyinə inanmırdı. Lakin futbol sürprizlərlə zəngin idman növü olduğunu bir daha götərdi. Premyer-liqanın 26-cı turunda səfərdə “Neftçi” üzərində qazanılan və futbol camiəsində şok effekti yaradan qələbənin ardınca “ağ-göylər” daha böyük və yaddaqalan uğura imza atdı. “Zirə”ni mübarizədən kənarlaşdıran komanda tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlməyi bacardı. Bu görüşlərin qəhrəmanı isə, heç şübhəsiz, qış fasiləsində komandaya qoşulan Əmir Ağayev oldu. Düzdü, “Zirə” ilə matçı “kimyaçılar”ın daha bir yeni transferi Peyman Babayinin benefisi kimi qəbul etmək olar. Cənubi azərbaycanlı forvard “qartallar”la görüşün ilk yarısında üç dəfə adını tabloya yazdırmaqla yeni komandasında vurduğu qolların sayını 6-ya çatdırdı və bununla da “bu nə transferdi” deyib, onu tənqid atəşinə tutanları susdurdu. Ancaq unutmayaq ki, istər “Neftçi”, istərsə də “Zirə” ilə görüşlərdə “Sumqayıt”ın əsas “coker”i Ağayev oldu. “Ağ-qaralar”la qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalan qürbətçi-futbolçu Bakıətrafı qəsəbə təmsilçisi ilə görüşdə fərqlənməsə də, məhsuldar ötürmə və ağıllı oyunu ilə diqqət mərkəzinə düşdü.
Bəs kimdi Ağayev? İsrail təmsilçisi “Bney Yehuda”nın yetirməsi olan yarımmüdafiəçi böyük futbola da bu klubda başlayıb və əsas komandada 122 görüşə çıxıb. 2016/17 mövümündə Cənubi Kiprə yollanan 27 yaşlı futbolçu “Omoniya”da 6 görüşdə iş başında olub və iki dəfə fərqlənib. Elə həmin il il yenidən İsarilə qayıdan Əmir 6 qarşılaşmada yetirməsi olduğu klubun uğuru üçün tər töküb. 2017/18 “futbol ili”ndə Qüds təmsilçisi “Beytar”a keçən vinger cəmi 5 matçda meydana çıxıb. Yeni klubunda uğurlu olmayan Ağayev 2018-in payızında ünvanı dəyişmək qərarına gəlib və bu dəfə Təl-Əviv “Hapoel”i ilə anlaşıb. Paytaxt klubunun heyətində 21 görüşdə 7 qol vurub. Ancaq 2019-un yanvarında “Sumqayıt”dan təklif alan Əmir sabiq klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləni pozmağa qərar verdi və “kimyaçılar”la ilyarımlıq müqavilə imzaladı. Onu da qeyd edək ki, Ağayev İsrail U-19-unda 14 oyunda 3, U-21-ində isə 6 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.
Son günlər hamının diqqətini üzərinə çəkən qürbətçi-futbolçu ilə söhbətləşmək istədik. Ağayev “hələ ki mətbuata müsahibə vermək istəmirəm” deyib, söhbətdən yayınmağa çalışdı. Lakin israrımızı görüb “Sabah”la oyuna hazırlıqdan öncə bəzi suallarımızı cavabladı.
- Əvvəlcə “Sumqayıt”a keçidindən başlayaq. Məndə olan məlumata görə, bundan öncə də sənə Azərbaycan klublarından təkliflər gəlib. Ancaq onların heç birini dəyərləndirməmisən. Niyə məhz bu klub?
- Bəli, əvvəllər də Azərbaycan klublarından mənimlə maraqlananlar olub. Lakin nədənsə onlara ciddi yanaşmadım. Səbəbini heç özüm də bilmirəm. Görünür, zamanı indi imiş. “Sumqayıt”a gəlincə, rəhbərlik mənimlə əlaqə saxladı. Baş məşqçi Ayxan Abbasov 3 oyunda məni canlı izlədi. Sonradan danışdıq və ortaq məxrəcə gəldik. Əli Babayevin “Sumqayıt”da olması və klub haqda xoş fikirlər səsləndirməsi də öz işini gördü. Razılıq verməmişdən öncə Əli ilə danışdım. Bu gün təklifi dəyərləndirdiyimə görə heç də peşman deyiləm.
- Son iki oyuna qədər hamı “Sumqayıt” rəhbərliyini səni transfer etdiyinə görə qınayırdı.
- Hər şeyi yaxşı başa düşürəm. Komandaya yeni futbolçu gəlirsə, azarkeşlər ondan çox şey gözləyirlər. Düşünürlər ki, futbolçunu dəvət ediblərsə, deməli, onun “qab”ında nəsə var. Bildiyiniz kimi, yanvarın son günlərində komandaya qoşuldum. Öncə onu qeyd edim ki, doğrudan da “Sumqayıt”da çox gözəl, mehriban kollektiv var. Uyğunlaşmada çətinlik çəkmədim. Lakin elə oldu ki, bir müddət zədə üzündən meydanlardan kənarda qaldım. Xeyli müddət var gücümlə məşq edib əvvəlki formamı bərpa etmək üçün çalışdım. Bəli, “Neftçi” ilə oyunda bir qol vurdum və bir məhsuldar ötürmə etdim. “Zirə” ilə matçda da assistlə yadda qaldım. Çempionatda “Neftçi” kimi komandanı məğlub etdiyimizə, kubokda finala vəsiqə qazandığımıza görə çox şadam. Və ən əsası komandamın bu uğurlarında az da olsa, əməyim olduğuna görə özümü çox xoşbəxt hiss edirəm.
- Qarşıda “Sumqayıt”ı iki premyer-liqa və mövsümün əsas matçı – kubokun finalı gözləyir...
- Nə demək istədiyinizi başa düşdüm. Demək istəyirsiz ki, son iki qarşılaşmada göstərdiyin performansın davamı gələcək? Bunun üçün hər şey edəcəm. Bu günə qədər necə ki, hər oyuna qələbə qazanmaq üçün çıxırdıqsa, qarşıdan gələn son iki görüşə də eyni məqsədlə çıxacağıq. “Sabah” və “Qəbələ” ilə oyunlarda əsas hədəfimiz maksimum nəticə göstərib, çempionatı daha yüksək pillələrdə bitirmək olacaq. Finala gəlincə, hələ bu haqda düşünmək tezdi. Bizi indi əsas düşündürən premyer-liqanın iki qarşılaşmasıdı.
- Sizin “Zirə”ni, “Qəbələ”nin “Qarabağ”ı mübarizədən kənarlaşdırıb finala vəsiqə qazanmağınız bir qədər gözlənilməz oldu.
- “Qəbələ” və “Qarabağ”ın, xüsusilə də ikincinin gücü hamıya məlumdu. Heyətlərində təcrübəli legionerləri, güclü yerli oyunçuları olduğundan həmişə premyer-liqada çempionluq uğrunda mübarizə aparıblar. Məncə, burda sürprizdən söhbət gedə bilməz. Hər iki klub Azərbaycanın ən güclülərindəndi. Biz də finalda “Qəbələ”yə qarşı var gücümüzlə oynayıb, Azərbaycan kubokunun qalibi olmaq istəyirik. Əsas məqsədimiz titul qazanmaq, avrokuboklara yollanmaqdı. 70 illik yubileyində kuboku Sumqayıta gətirmək əla olardı.
RƏŞAD