UEFA BOS-da rekord qeydə alınacağını proqnozlaşdırır
Artıq Bakıda keçiriləcək Avroliqanın finalına sayılı günlər qalıb. Mayın 29-da BOS-da möhtəşəm qarşılaşma reallaşacaq. Mayın 2-dən etibarən son 5000 bilet satışa çıxarılıb. Alıcılar "iTicket" şirkətinin “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalara yaxınlaşaraq bilet əldə edə bilərlər. Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədi.
Dünən bilet satışındakı durmla tanış olmaq məqsədilə “Gənclik Mall”a baş çəkdik. Təxminən 20-yə yaxın azarkeş növbədə idi. Onlar arasında zərif cinsin nümayəndələri də az deyildi. Daha sonra kassaya yaxınlaşıb detallarla maraqlandıq. Bir nəfər 4-dən artıq bilet ala bilməz. Biletlər şəxsiyyət vəsiqəsi ilə verilir. Birdən artıq bilet almaq istəyənlər öz pasportu ilə yanaşı, başqa biletlər üçün də şəxsiyyət vəsiqəsi təqdim etməlidi. Hər bir pasportun seriyası sistemdə qeyd edilir və eyni sənədlə növbəti dəfə bilet almaq mümkün deyil. Təxminən saat 17.00 radələrində kassaya baş çəkdiyimizdən 2 günlük satışdan sonra biletlərin tükəndiyini düşünürdük. Lakin öyrəndik ki, hər qiymətə biletlər hələ ki var. Amma həmin ərəfədə növbədə duranların azalmaması 5 min biletin tezliklə satılacağından xəbər verirdi. Qiymətlər futbolsevərləri qorxutmur. Satıcı bizim "stadiona girəndə pasportlar yoxlanılacaq" sualımıza "biz seriyaları qeyd edirik, orda necə olacağını bilmirik" cavabını verdi. Çox güman, bununla bağlı məlumat veriləcək.
Yeri gəlmişkən, UEFA-nın rəsmi saytı mayın 29-da BOS-da keçiriləcək finalda yeni rekordun qeydə alınacağını proqnozlaşdırır: "İlk dəfə avrokuboklarda qalib Azərbaycanda müəyyənləşəcək. Finalı Bakı Olimpiya Stadionu qəbul edəcək. 2015-ci ildə açılan bu arenada AÇ-2020-nin final mərhələsinin oyunları da keçiriləcək. Stadion, demək olar, 70 min tamaşaçı tutur. Heç bir şübhə yoxdu ki, 1999-cu ildə Moskvada qeydə alınan azarkeş sayında rekord qırılacaq. Onda "Parma" ilə "Latsio"nun görüşünu 62 min tamaşaçı izləmişdi. Bakıdakı görüş Avropa Liqasının tarixində VAR sisteminin tətbiqiylə ilk matç olacaq. Məsələ əlavə vaxta gedərsə, onda komandalar əlavə bir əvəzləmə etmək imkanına malik olacaqlar. Martdakı püşkatma zamanı admininstrativ məqsədlə finalın nominal meydan sahibi müəyyənləşdi. Bu, "Ayntraxt" - "Çelsi" matçının qalibi olacaq. Hər iki komandanın futbolçuları meydana əsas formada çıxacaqlar. Ancaq rənglər üst-üstə düşərsə, onda nominal qonaqlar - "Arsenal" və ya "Valensiya" ehtiyat formalarını geyməli olacaqlar".
FARİZ