Sizin reklam burada

“Sabah” “qızıl” sayında hamıdan öndədi

Title
“Sabah” “qızıl” sayında hamıdan öndədi
Yalnız “Sumqayıt” medal qazanmayıb
AFFA-nın bayrağı altında keçirilən liqalar başa çatdı. Əslində U-15, U-16 və U-17-lərin yarışında mübarizə daha öncə yekunlaşmışdı. U-15 liqasında son turun oyunları aprelin 27-də, U-17-də isə 28-də reallaşmışdı. Ancaq bu iki liqanın qalibləri dünən mükafatlandırıldı. U-17-də “Sabah” qızıl, “Qəbələ” gümüş, “Neftçi” bürünc medallara yiyələnib. 15 yaşlılarda isə “Neftçi” 1-ci, “Qəbələ” 2-ci, “Sabah” isə 3-cü olub. U-16-ların birincliyində mövsüm aprelin 18-də başa çatıb. Həmin yarışda “Qəbələ” qızıl, “Sabah” gümüş, “Keşlə” isə bürünc medallara sahib olub. İndi isə mayın ilk günündə başa çatan digər liqalar haqda məlumatları diqqətinizə çatdıraq.
Gənclər Liqası (U-19)
U-19-ların yarışında mayın 1-də son turun oyunları reallaşıb. “Qəbələ” hələ bir neçə tur öncə çempionluğu rəsmiləşdirmişdi. Son tur çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”nin üzvü Elməddin Soltanov ən yaxşı qapıçı, onun komanda yoldaşlı İdris İnqilablı isə ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 18 qolla liqanın bombardiri olan Samir Qurbanova (Qəbələ) da xüsusi mükafat verilib. Liqanı üçüncü pillədə başa vuran "Neftçi", ikinci yeri tutmuş “Keşlə” və turnirin qalibi "Qəbələ" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "qırmızı-qaralar"a kubok təqdim olunub. Mükafatları Məşqçilər Komitəsinin (MK) üzvü Şahin Diniyev və futbol veteranı Rüstəm Rəhimov təqdim edib.
U-11 liqası
11 yaşlıların mübarizəsində mövsümüə mayın ilk günündə yekun vurulub. "ASCO Arena"da keçirilən final oyununda “Sabah”ı 1:0 hesabı ilə məğlub edən “Keşlə” çempion olub. Mövsümü 3-cü pillədə başa vuran “Zirə” bürünc medallara sahib olub. Final qarşılaşmasından sonra mövsümü ilk üç pillədə tamamlayan komandalara diplom və medallar təqdim olunub. Mükafatları MK-nın üzvü, futbol veteranı Yaşar Vahabzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib. "Feyr-pley" mükafatı “Sabah”ın üzvü İslam Həsənova verilib. Ən yaxşı qapıçı adına Elbrus Kərimov (Keşlə), ən yaxşı oyunçu adına isə Tariyel Farzalı (Sabah) layiq görülüb. “Neftçi”nin üzvü Vüsal Kərimov 87 qolla mövsümün ən məhsuldar oyunçusu olub.
U-10 liqası
Həmin gün "ASCO Arena"da U-10 liqasının final oyununda “Sabah”la “Neftçi” qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyasında daha dəqiq olan (4:2) “Sabah” 2018/19 mövsümünün qalibi olub. Üçüncü yeri “Qarabağ” tutub. Final oyunu başa çatdıqdan sonra mükafatçı komandaların təltifetmə mərasimi təşkil olunub. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, MK-nın sədri Vaqif Sadıqov, texniki direktor Bernard Lippert, eləcə də Yusif Vəliyev təqdim edib. "Feyr-pley" mükafatı “Neftçi”nin üzvü Rüstəm Hüseynliyə təqdim olunub. Ən yaxşı qapıçı adına Akif Allahverdiyev (Sabah), ən yaxşı oyunçu adına isə Ramin Abıyev (Neftçi) layiq görülüb. Mövsüm ərzində rəqib qapılarından 67 top keçirən “Şirvan”ın üzvü Ədalət Hüseynov ən məhsuldar oyunçu olub.
U-14 liqası
Mayın 1-də daha bir yarışın - U-14 liqasının qalibi də "ASCO Arena"da reallaşan final qarşılaşmasında bəlli olub. Həlledici matçda “Sabah”la “Binə” üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” liqanın qalibi olub. “Binə” ikinci, “Qəbələ” üçüncü pilləni tutub. Final oyunundan ərhal sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları MK-nın üzvü Ağasəlim Mircavadov, aşağı yaş qrupu üzrə milli komandaların əlaqələndiricisi Miloş Velebitlə yanaşı, Cahangir Həsənzadə və Yusif Vəliyev təqdim ediblər. Rəqib qapılarından 64 top keçirən Amin Qarayev (Qarabağ) liqanın ən məhsuldar oyunçusu olub. Emil Həbibov (Sabah) ən yaxşı qapıçı, Nicat Məmmədov (Sabah) isə ən yaxşı oyunçu seçilib.
U-13 liqası
Cümə axşamı isə Binə stadionunda U-13 liqasının final oyunu keçirilib. Həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb. 2:1 hesabıyla qələbə qazanan “Qarabağ” 2018/19 mövsümünün qalibi olub. “Səbail” isə üçüncü yeri tutub. Final oyunu başa çatandan sonra təşkil olunan mükafatlandırma mərasimində medalları Şahin Diniyev, U-19-un baş məşqçisi Samir Əliyev, U-17-nin çalışdırıcısı Vüqar Məmməd, həmçinin Miloş Velebit və Yusif Vəliyev təqdim ediblər. Əvvəlcə final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib. Səlim Həşimov (Qarabağ) ən yaxşı qapıçı, Murad Məmmədov (Neftçi) ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 32 qol vuran “Səbail”in hücumçusu Azad Əskərov liqanın bombardiri olub. “Feyr-pley” mükafatı isə “Neftçi”dən Aslan Hətəmova təqdim olunub. "Səbail", "Neftçi" və "Qarabağ" uyğun olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "Qarabağ"a kubok təqdim olunub.
U-12 liqası
Srağagün Binə stadionunda U-12 liqasının da final matçı reallaşıb. “Qarabağ”ı 3:2 hesabıyla məğlub edən “Neftçi” turnirin qalibi olub. Üçüncü yeri isə “Qəbələ” tutub. Finaldan sonra reallaşan mərasimdə qaliblərə mükafatları Şahin Diniyev, Bernard Lippert, futbol veteranı Rüstəm Rəhimov və Yusif Vəliyev təqdim edib. Şəmkirin "Qala" komandasının hücumçusu Nihad Kazımov (40 qol) liqanın bombardiri olub. "Qarabağ"dan Şahin İbrahimov ən yaxşı oyunçu, “Neftçi”dən Eldar Babayev ən yaxşı qapıçı seçilib. “Feyr-pley” mükafatına isə "Qarabağ"ın üzvü Əli Qazıbəyov layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar verilib. "Qəbələ", "Qarabağ" və "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "Neftçi" kuboku başı üzərinə qaldırıb.

Mükafatçılar
Bir sözlə, bütün yaş qrupları üzrə qızıl, gümüş və bürünc medalçıların siyahısı belədi:
U-10: Sabah, Neftçi, Qarabağ
U-11: Keşlə, Sabah, Zirə
U-12: Neftçi, Qarabağ, Qəbələ
U-13: Qarabağ, Neftçi, Səbail
U-14: Sabah, Binə, Qəbələ
U-15: Neftçi, Qəbələ, Sabah
U-16: Qəbələ, Sabah, Keşlə
U-17: Sabah, Qəbələ, Neftçi
U-19: Qəbələ, Keşlə, Neftçi

“Sabah” “qızıl”da hamını qabaqladı
İndi isə klubların nə qədər medal qazandığına nəzər yetirək. Qeyd edək ki, liqalarda 3 çempionluğu olan “Sabah” hamını qabaqlayır. “Qəbələ” və “Neftçi” ümumi medal sayında “tələbələr”lə eyni olsa da, bir “qızıl” geri qalırlar. Maraqlıdı ki, elita təmsilçilərindən yalnız “Sumqayıt”ın heç bir yaş qrupu medalçı ola bilməyib.
1 2 3 4 5
1. Sabah 3 2 1 6
2-3. Qəbələ 2 2 2 6
2-3. Neftçi 2 2 2 6
4-5. Keşlə 1 1 1 3
4-5. Qarabağ 1 1 1 3
6. Binə - 1 – 1
7-8. Səbail - - 1 1
7-8. Zirə - - 1 1
1 – komanda, 2 – qızıl, 3 – gümüş, 4 – bürünc, 5 – cəmi.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.