
Zaur Axundov komandaları Futzal Federasiyasına topladı
Dünən Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. Qurumun prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən toplantıda federasiya əməkdaşları ilə bərabər pley-off mərhələsinə yüksəlmiş “Araz”, “Neftçi”, “Xəzər Cənub” və “Ekol” komandalarının, eləcə də AFFA-nın Hakimlər Komitəsinin nümayəndəsi Elçin Məmmədov iştirak edib.
İclasda başa çatmaqda olan yüksək liqanın əsas mərhələsi haqda müzakirələr aparılıb, eyni zamanda pley-off oyunlarına hazırlıq barədə çıxışlar dinlənilib. Federasiya rəhbərliyi qarşıdakı oyunlarla bağlı klubları maraqlandıran suallara aydınlıq gətirib, onlardan komanda üzvləri ilə meydanda oyun qaydalarına maksimum riayət olunması barədə söhbətlərin aparılmasını xahiş edib, eyni zamanda “respect” və “feyr-pley”ə əməl edilməsinin vacibliyi bildirilib.