Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünən yeni reytinq siyahısını açıqlayıb. May ayını əhatə edəcək cədvəldə yığmamızın lideri Şəhriyar Məmmədyarovun (2781) mövqeyi dəyişməyib. Sumqayıt şahmat məktəbinin yetirməsi əvvəlki kimi 5-ci pillədə qərarlaşıb. Dünya reytinq sıralamasına Maqnus Karlsen (Norveç, 2861) başçılıq edir. Şahmat tacının sahibinin ən yaxın izləyicisi Fabiano Karuanadı (ABŞ, 2816). Dinq Liren (Çin, 2805) üçüncü, Aniş Giri (Hollandiya, 2787) dördüncüdü. Teymur Rəcəbov da mövqeyini qoruyub. 2759 əmsala malik yığma üzvü 12-ci pillədə qərarlaşıb. 16 pillə geriləyən Arkadi Naydiç (2682) 58-cidi. 2654 əmsala malik Qədir Hüseynov 97-cidi. Qadınların reytinq siyahısında iki təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva (2373) 92-ci pillədən “boylanır”.