“Sumqayıt” onlara xəbərdarlıq etdi
AFFA İntizam Komitəsinin (İK) son iclasında çıxarılan qərarlardan biri diqqəti cəlb etdi. Söhbət aprelin 24-də Gənclər Liqası çərçivəsində keçirilən “Səbail” – “Sumqayıt” (8:1) matçı ilə bağlı verilən cəzalardan gedir. Belə ki, həmin oyunun 60-cı dəqiqəsində “Sumqayıt”ın üzvü Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Elə həmin dəqiqədə onun komanda yoldaşı Cavidan Abbaszadə hakimi təhqir edib ki, "qırmızı" ilə meydandan qovulub, İK tərəfindən isə 4 oyunluq diskvalifikasiya cəzası alıb. 84-cü dəqiqədə isə “Sumqayıt”ın daha bir üzvü - Cəlal Cəbrayılov da hakimi təhqir edib. Buna görə qırmızı vərəqə alan futbolçu 4 oyunluq kənarlaşdırılıb. Hələ bu harasıdı?! “Kimyaçılar”ın baş məşqçisi Aqil Məmmədov da ədalət təmsilçisini təhqir edib. İK onu daha sərt şəkildə - 5 oyunluq cəzalandırıb.
Təbii, yetərincə ciddi cəzalardı. Xüsusən 19 yaşlı futbolçuların bir-birinin ardınca hakimi təhqir etməsi, baş məşqçilərinin də onlara qoşulması bir klub adına heç də xoş mənzərə deyil. Odu ki, dünən yaşananlarla bağlı Aqil Məmmədovun fikirlərini öyrənmək istədik. Ancaq "Sumqayıt"ın məşqçisi zənglərimizi cavabsız qoydu. Hər halda, məsələylə bağlı klubun mövqeyi maraqlı idi. Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi: "Oyun başa çatan kimi Aqil Məmmədov başverənlərlə bağlı idman direktorumuz Hakan Sünala məlumat verib. İK-nın qərarları açıqlanandan sonra isə klub rəhbərliyinin və idman direktorunun göstərişi ilə başda Aqil Məmmədov olmaqla, cəzalanan futbolçular daxili nizam-intizam kodeksinə uyğun olaraq cəzalanıblar. Onlara ciddi xəbərdarlıq da olunub".
FARİZ