Nə tökərsən aşına, o da çıxar qaşığına – bu məşhur və polulyar atalar sözünü, adətən, kiməsə acıq vermək, haqq etdiyi aqibətlə üzləşdiyini bildirmək üçün işlədirik. Samir Abasovlu “Zirə”nin dünən kubokdan çəkilməsini bundan daha parlaq şəkildə qiymətləndirmək çətindi. Ölkə çempionatının son iki turunu kubok duelinə qurban verən, bununla da bəzi həmkarlarının narazılığına səbəbkar olan bu gənc və uğursuz məşqçini dünən Peyman Babayi düz üç dəfə cəzalandırdı. Amma onu cəzalandıran Babayi yox, ilahi ədalət, daha doğrusu, Futbol Tanrısı idi...
Əslində “Zirə” 25-26-cı turların “Qəbələ” və “Qarabağ” ilə oyunlarına optimal heyət buraxa, müxtəlif hədəflər uğrunda oynayan həmin rəqiblərinə çətinlik yaşada bilərdi. Amma aparıcı, yorğun oyunçularına dincəlmək imkanı verdi, hər cür rotasiyaya əl atdı, guya komandasının gücünü qorudu və sonda da belə amansız şəkildə cəzalandı.
Son müsahibələrindən birində belə bir ifadə işlətmişdi: “Mən belə fikirləri deyəndə düşünürəm ki, insanlar, mətbuat nə demək istədiyimi anlayır. Təəssüf ki, sözlərimi hərə öz ağlı ilə yozmağa çalışır”. Şəxsən mən bu ifadəni qəzetimizin 22 aprel tarixli sayında işıq üzü görən “Sükanı belə saxla, Abasov” sərlövhəli yazıma baş məşqçinin özünəməxsus cavabı kimi qiymətləndirmişdim. Amma həm də intuisiyama güvənərək, Futbol Tanrısının Samir bəyi belə özündənrazılığa və saymazyanalığa görə hansısa şəkildə cəzalandıracağını düşünmüşdüm. Bəli, yanılmadım, yanılan bu dəfə də Abasov oldu...
Bir Allah bilir ki, mən Azərbaycan futbolunda Abasov kimi xarizmatik şəxsiyyətlərin varlığına ürəkdən sevinirəm, elə xatırlatdığım yazıda da bu məqamın altını xüsusi şəkildə cızmışdım. Adam bütün hallarda nə danışdığını bilir, əksər həmkarlarından fərqli nəyisə malalamağa çalışmır, ağlına gələn dilindədi. Əlbəttə, bu çox yaxşı haldı və hələ də inanmaq istəyirəm ki, Samir bəyi irəlidə parlaq məşqçi karyerası, hətta bəlkə də yığmanın baş məşqçi postu gözləyir.
Amma və lakin... Ardıcıl ikinci il komanda ilə heç bir hədəfə çata bilməməyin altında da hansısa sehr, hikmət, yazılmamış futbol qaydalarının qeyri-adi magiyası dayanır. İnanmırsızsa, daha bir nümunə göstərim. Ötən il məhz Samir bəyin çalışdırdığı “Sumqayıt” ölkə kubokunun yarımfinalında iki oyunun nəticəsinə görə “Keşlə”yə məğlub olmaqla finala adlamaq şansını itirmiş, beləliklə, bu futbol şəhərinin, nəhayət, avrokuboklara qatılmaq arzusunu gözündə qoymuşdu. Bu il isə artıq Abasovsuz “Sumqayıt” finala vəsiqə qazanmaqla “gənclik şəhəri”ndə yaşayanlara ən azı mayın 19-na qədər Avroliqa xəyallarıyla yatıb-durmaq sevinci qismət etdi. 70 yaşını qeyd etməyə hazırlaşan şəhər hədiyyəni Abasovdan yox, Ayxan Abbasovdan qəbul etməyə çox yaxındı. İndi gəl ilahi ədalətə, futbolda qeyri-adi qüvvələrin varlığına inanma da! Samir bəyin həvəslə, sevə-sevə “mənim şəhərim” dediyi Sumqayıt artıq kubokun finalında, Avroliqa hədəfinin astanasındadı. Şəhərin ən ünlü məşqçilərindən biri, ötən il komandanı hədəfinə çox yaxınlaşdırmış Samir bəy isə bayrama yad adam kimi kənardan baxır...
Nə qədər acı olsa da, sonda Samir bəyin yadına daha bir atalar sözünü salmaq istəyirəm: özü yıxılan ağlamaz!