Samir Abasov: “Finalda "Sumqayıt"a azarkeşik edəcəm”
Zirə - Sumqayıt 3:3 (0:3)
Zirə: 85. Kamal Bayramov (k), 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (9. Aleksandr Dedov, 81), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 38. İlkin Muradov, 11. Dilan Duventru (91. Bilal Həmdi, 34), 48. Şafik Tiqruca, 23. Mfo Kqasvane, 20. İsmael Fofana (7. Pərdis Fərcad-Azad,34), 18. Xulio Sezar Rodriges.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 1. Orxan Sadıqlı, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 26. Miloş Radivoyeviç, 99. Rafael Məhərrəmli, 17. Robin Nqalande, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k) (34. Elvin Bədəlov, 46), 4. Şəhriyar Əliyev, 5. Adil Nağıyev, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 99. Əli Babayev, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov (15. Əmir Ağayev, 22), 60. Elvin Məmmədov (2. Rail Məlikov, 76), 8. Peyman Babayi.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qollar: P.Babayi, 20 (0:1). P.Babayi, 28 (0:2). P.Babayi, 45 (0:3). P.Fərcad-Azad, 47 (1:3). X.S.Rodriges, 84 (2:3). Ş.Tiqruca, 90+4 (3:3).
Vərəqələr: V.Hüseynov, 7 (qeyri-idman hərəkəti). İ.Muradov, 28 (hakimin qərarına etiraz). A.İsayev, 74 (qeyri-idman hərəkəti). A.Skarlatake, 78 (qeyri-idman hərəkəti). M.Cənnətov, 89 (oyunun bərpasını ləngitdiyinə görə). B.Həmdi, 90+1 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmrəli, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
1 may. Zirə. İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Birinci hissəyə 4, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
İlk oyun - 0:0.
Komandalar arasında ötən həftə keçirilən və qolsuz bitən ilk oyundan sonra heç kimin ağlına gəlməzdi ki, cavab görüşü belə məhsuldar alınacaq. Dünən Zirədə əsl triller yaşandı. Əksər mütəxəssislər, futbol yazarları cavab görüşündən öncə “qartallar”ı daha şaslı sayır, Naxçıvana yollanacaq kollektivlərdən birinin məhz Bakıətrafı qəsəbə təmsilçisi olacağını güman edirdi. Lakin “kimyaçılar” ilk yarıda vurdğu 3 qolla bütün proqnozların üstündən xətt çəkdilər. Qışda komandaya qoşulan və gəldiyi gündən daim tənqid olunan Peyman Babayinin 25 dəqiqəyə het-trik etməsi artıq cütün taleyinin həll olunduğunu deməyə əsas verirdi. Cənubi azərbaycanlı forvard 20-ci dəqiqədə bir qədər də təsadüf nəticəsində hesabı açdısa, 28 və 45-ci dəqiqələrdə komanda yoldaşlarının əməyini yerə vurmadı və yaxaladığı qol şansından maksimum yararlandı.
Fasilədən sonra isə üstünlük meydan sahiblərinin tərəfinə keçdi. Meydana sonradan çıxan Pərdis artıq 47-ci dəqiqədə hesab arasında fərqi azaltmağa nail oldu. Vurulan qoldan həvəslənən “qartallar” durmadan hücum edir, qonaqların qapısı önündə ard-arda təhlükəli vəziyyətlər yaradırdılar. Növbəti qol 84-cü dəqiqədə gəldi. Bu dəfə Rodriges adını tabloya yazdırdı. Əsas vaxta əlavə olunan dəqiqələrdə meydan sahibləri bərabərlik qolunu vursalar da, finala vəsiqə verən 4-cü topu Mehdinin qoruduğu qapıdan keçirə bilmədilər. Bununla da Sumqayıt təmsilçisi müstəqillik dönəmində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandı. Şəhərin bu il 70 illiyini qeyd edəcəyini nəzərə alsaq, kubok hədiyyəsi lap yerinə düşərdi.
RƏŞAD
Belə dedilər...
Samir Abasov: “Bu gün oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala digər komanda çıxdı. Futbolçular hər şeyi super etdilər. Həddən artıq istəkliydik. Ancaq "yediyimiz" ilk qol bizi balansdan saldı. Sonra ardıcıl 2-ci topu buraxdıq. İkinci hissədə 3 qol vurduq, bəlkə vaxt çatmadı ki, dördüncünü vuraq. Həyat qurtarmır, bu son deyil. Belə oynasaq və bəzi dəyişikliklər olsa, yaxşı komandamız var. Bu mövsümü bir az uğursuz saya bilərik. Futboçulara bir söz demək həm gecdi, həm də haqqımız çatmır. Bilsəz ki, paltardəyişmə otağımızda necə sükutdu... Finalda "Sumqayıt"a azarkeşik edəcəm. Bu komanda mənə doğmadı. Ötənilki "Sumqayıt"la indiki arasında fərq var. İndiki komanda haqda çox danışmaq istəmirəm. Çempionatda heç bir iddiası qalmayıb. Ancaq ötən mövsüm iki "cəhbə"də sona qədər mübarizə apardıq. Arzum budu ki, kuboku "Sumqayıt" götürsün. Mən "Zirə"yə gələndə komanda sonuncu yerdə idi. Əsas məqsədim komandanı belə vəziyyətdən çıxarmaq idi. Bugünkü oyun gələcəyə ümid verir. Komanda qurmaq üçün vaxt lazımdı. Qışda gələn legionerlər bizə sonradan qoşuldu ki, bu da təsirini göstərdi. Şəraitdən, durumdan tam razıyam. Vaxt versələr, uğurlu gələcək ola bilər. Bilalı ilk dəqiqələrdən buraxsaydım, haqsızlıq edərdim. Çünki zədədən yeni çıxmışdı. O, meydana yarımcan çıxmışdı. Mövsümdə heç nə qazana bilmədik? Bu, rəhbərliyə aid sualdı. Həddən artıq ümidliyəm. Əlbəttə, yayda dəyişiklikləır olacaq. Hara getsəm, rəhbərliklə vaxt haqda danışıram. Təkəbbürlük olmasın, "Zirə"nin oyununda nəsə yaxşılıq var. Fofananı yığmaya layiq görəndə jurnalistlərlə, sadəcə, zarafatlaşdıq. Burda nə Fofanalıq bir şey var, nə də mənlik. İsmaeldən razıyam. Sadəcə, onu dəyişməklə iki hücumçuya keçdik”.
Ayxan Abbasov: “Oyun haqda danışmazdan əvvəl bir-iki məqamı xatırlatmaq istəyirəm. Bilirdik ki, bu il Sumqayıtn 70 ilik yubileyidi. Final şəhər üçün bir hədiyyə ola bilərdi ki, buna da nail olduq. Bəlkə "Zirə"ylə çempionata başlayanda desəydilər ki, kubokun finalında oynayacasqan, özü də "Sumqayıt"la, buna inanmazdım. Ancaq həyat sürprizlərlə doludu. Gənc mütəxəssis kimi finala çıxmağım çox sevindiricidi. Bunda bütün əziyyəti olanların hamısına minnətdaram. Bu gün qol vurmağımız laızm idi. Dünən Peyman məşqdə ağır zədələnmişdi, bu gün oynamamalıydı. Ancaq sağ olsun həkimlər, oyunöncəsi dedilər ki, meydana çıxa bilər. O da matçın qəhrəmanı oldu. Hər işdə bir xeyir var. Komandam finala layiq idi. Gənc futbolçulara inanmaq lazımdı. "Sumqayıt"a gələndə risk etmişdim, özümü legionersiz komandada sınamaq istəyirdim. Kollektivdə mehribanlıq, istək olarsa, nəticə qazanmaq mümkündü. Finala çıxmağımız böyük uğurdu. Final haqda danışmaq istəmirəm. Futbolçu kimi iki dəfə final həyəcanı yaşamışam. Üç gündən bir oynadığımıza görə xüsusi proqramımız var. Düzdü, bəzən fikirləşdiklərin olmur. Kuboka görə “Neftçi” ilə oyunda bəzi futbolçulara istirahət vermişdim. Çünki üç gündən bir oynamaq çətindi. “Qalib heyəti dəyişməzlər” deyiminə inanmıram və heç vaxt da inanmamışam. Final lotereyadı. Avrokuboklar haqda hələ danışmaq istəmirəm. Çempionatda vəziyyətimiz yaxşı deyil, son pilləni tutmaq istəmirik. Ona görə də "Sabah" və "Qəbələ" ilə vacib oyunlarımız var. Mövsüm bitəndən sonra rəhbərliklə bir çox şeyləri müzakirə edəcəyik. Bu otaq mənə çox doğmadı. Məşqçi kimi ilk addımlarımı Zirədə atmışam. Ancaq bu xoş anlar xatirələrdə qalır. "Sumqayıt"da yaxşı ab-hava var. İstəyirəm ki, burda da uğur qazanım, Avropaya çıxaq”.