Sizin reklam burada

Gənc məşqçilər Bordinin başına oyun açır

Title
Gənc məşqçilər Bordinin başına oyun açır
Üçü bir yerdə italyandan 15 xal alıb
“Neftçi” azarkeşləri narazıdı. Özlərinə yer tapa bilmirlər. “Sumqayıt”la oyundan sonra başlayan etiraz dalğası sosial şəbəkələrdə davam edir və hələ ki səngimək bilmir. 6 illik çempionluq həsrətinə son qoyulacağını təxmin etdikləri zamanda son 3 oyunda itirilən 5 xal fanatların özündən çıxmasına səbəb olub. Möcüzə baş verməsə, “Qarabağ” ardıcıl 6-cı çempionluğu bayram edəcək ki, kubok və medalların “Neftçi”nin meydanında – “Bakcell Arena”da təqdim edilməsi çətin həzm olunsun. Bakılı azarkeşlər əsas günahkar kimi Roberto Bordini görürlər ki, insafən, haqlı olduqlarını deməliyik.
Çempionatın səviyyəsi 5-10 il əvvəllə müqayisədə xeyli düşüb. Nə əvvəlki rəqabət var, nə saysız iddialı komandalar, nə karyerası göz oxşayan legioner, nə də saymaqla bitməyəcək əcnəbi mütəxəssislər. İtalyan çalışdırıcı premyer-liqanın yeganə əcnəbi baş məşqçisidi. Ona görə də ona ümidlər böyükdü, böyük idi. Məşqçilik karyerası zəngin olmayan Bordinə bu qədər inamın olması həm də İtaliyanı təmsil etdiyinə görəydi. Lakin zaman göstərdi ki, yaş və hansı ölkədən olmaq formallıqdan başqa bir şey deyil. Azərbaycanda çalışdığı gündən jurnalistlərlə, azarkeşlərlə, hətta həmkarları ilə də “söz atışmasına” çıxan Robertonun çalışdırdığı komanda 26-cı tura qədər 78 mümkün xaldan 55-ni hesabına yazıb ki, itirilən 23 xal var. Həmin 23 xaldan 15-i isə az qala oğlu yaşda olan Sənan Qurbanov, Aftandil Hacıyev və Ayxan Abbasovun çalışdırdığı kollektivlərlə duellərdə “suya düşüb”. Bilməyənlər üçün qeyd edək ki, cari mövsüm Qurbanovla Hacıyev üçün baş məşqçi kimi debüt ilidi. Abbasovun premyer-liqada debütünün üstündən də heç 3 il keçməyib. Qısası, futbolçu kimi “Şəfa”da parlamağa başlayan “3-lük” Bordinin başına əməlli-başlı oyun açmağı bacardı.
Ayxan Abbasov
Cari mövsümün əvvəlində “Sumqayıt”ın “sükan”ı Nazim Süleymanovun əlindəydi. Bəlkə də Ayxan Abbasov olsaydı, “kimyaçılar” çempionatın ilk turunda “ağ-qaralar”a boyun əyməyəcəkdi. Lakin Süleymanovun başçılıq etdiyi kollektiv “Dalğa Arena”da 0:2-lik yenilgidən qaça bilmədi. Bordinlə Abbasovun ilk dueli dekabra təsadüf etmişdi. Dekabrın 9-da baş tutan 14-cü turun görüşündə “Sumqayıt” qapısından qol buraxmamaqla heç-heçəyə nail oldu. Və həmin bərabərlik “Neftçi”ylə “Qarabağ” arasındakı 5 xallıq fərqin 3-ə enməsinə gətirib çıxardı. Bir neçə gün sonra kubokun 1/4 final mərhələsinin oyunlarıydı. “Sumqayıt” səfərdə 2:0 hesabı ilə qələbə qazanandan sonra evdəki 0:1 durumu dəyişmədi və yarımfinala yüksələn Ayxan bəyin çalışdırdığı komanda oldu.
20-ci turda komandalar bu dəfə “Kapital Bank Arena”da üz-üzə gəldi. Yetərincə gərgin və maraqlı keçən qarşılaşmada bakılılar çətinliklə 3 xal qazanmağa nail oldular. Mehdi Cənnətov qovulmasaydı, kim bilir, sonluq necə olacaqdı. Nəhayət, 26-cı tur. Abbasov “Zirə”ylə kubokun cavab görüşünü nəzərə alıb, bir neçə əsas heyət üzvünü ehtiyatda saxlamışdı. Proqnozlara görə “Neftçi” rəqibini doğma azarkeşləri önündə darmadağın edəcəkdi. Bu dəfə də alınmadı. Əks-hücum taktikasından məharətlə yararlanan sumqayıtlılar matçı qələbə ilə başa vurdu – 3:2. Bu qələbə Abbasovun Bordindən 5 xal alması demək idi. Üstəlik, kubokdakı məlum zəfər.
Aftandil Hacıyev
Mövsümə uğursuz başlayan “Səbail” zamanla özünə gəlməyi bacardı. Hacıyev hələ o vaxt verdiyi açıqlamalarda səbrli olmağı məsləhət görür, komandasını çətin vəziyyətdən çıxaracağını deyirdi. Və həmin uğursuz dönəmdə Bayıl təmsilçisi “Neftçi” önündə darmadağın olmuşdu. “Bakcell Arena”dakı 6-cı turun oyununda qonaqların müdafiəçilərinin kobud səhvləri sonda 0:4 hesablı yenilgiylə nəticələnmişdi. 12-ci turdakı qarşılaşmanı da “ağ-qaralar” qalib başa vurmuşdu. “Bayıl Arena”da 2:0 hesablı qələbədən sonra Bordinin üzü gülmüşdü.
Zamanla özünə gələn, futbolçuları forma yığan “Səbail” qış fasiləsindən sonra inamlı təsir bağışlamağa başladı ki, “Neftçi”ylə duellərin nə ilə nəticələnəcəyi maraqla gözlənilirdi. 18-ci turda keçirilən matçda “dənizçilər” meydan sahiblərinin qapısından 2 top keçirməklə sonda qalib gələn tərəf oldu - 2:1. 24-cü turda da eyni hesablı zəfərə yaxın idilər. Son saniyələrə qədər hesabda öndə olan Hacıyevin komandası ani diqqətsizlik üzündən Mamadu Mbocun 90+6-cı dəqiqədə başla fərqlənməsinin qarşısını ala bilmədilər. Bərabərliyin özü də “Neftçi” üçün ağır zərbəydi. Çünki əsas rəqibləri olan “Qarabağ” həmin turdan sonra 2 xal önə keçmişdi.
Sənan Qurbanov
Roman Qriqorçukun gedişindən sonra komandanın başına keçən Sənan Qurbanov üçün də ilk dönəmlər çətin idi. Baş məşqçi kimi debüt etmək, komandanı toparlamaq, tələbini futbolçulara çatdırmaq – bütün bunlar zaman tələb edirdi. Başqa cür desək, bölgə təmsilçisi keçid dövründəydi. Və həmin dövrdən Bordin məharətlə yararlanmağı bacarmışdı. 2-ci turdakı qarşılaşma maraqlı keçsə də, “ağ-qaralar” 2:1 hesabıyla qalib gəlmişdi. Komandalar arasındakı növbəti duel 8-ci tura təsadüf etmişdi. “Qəbələ” nisbətən özünə gəlmiş, futbolçularda inam yaranmışdı. “Neftçi”nin isə rəqib tanımayan vaxtları idi. Buna baxmayaraq, Qəbələdəki oyunda meydan sahibləri inamlı qələbəyə sevinməyi bacarmışdı – 3:1. Yeri gəlmişkən, bu, Bordinli “Neftçi”nin premyer-liqada ilk məğlubiyyəti idi.
2019-da “Neftçi”ylə “Qəbələ” bir dəfə qarşılaşıb ki, 21-ci tura təsadüf edən oyunda qalib müəyyənləşməyib. “Bakcell Arena”dakı matçda Mboc baxımlı qolla hesabı açsa da, Stiven Jozef-Monroz “status-kvo”nu bərpa etmişdi. Komandalar arasında növbəti, başqa cür desək, sonuncu oyun həftəsonuna təsadüf edəcək ki, “Neftçi”nin Qəbələdə xal itirəcəyini güman edənlər az deyil.
Nəticə
Hesablarla tanış olduz. Yuxarıda adı sadalanan məşqçilər azərbaycanlı balalarıdı. Məhdud büdcə ilə çalışanlar, əcnəbi həmkarından qat-qat az maaş alanlar. Ayxan Abbasov yarımmüdafiə xəttindəkilərdən iki-üçünü birləşdirsə, 1 Emin Mahmudov və ya Vangelis Platellas alındıra bilməz. Aftandil Hacıyev isə Baqali Dabonu ən yaxşı yuxusunda görə bilər. Sənan Qurbanov kimi, yetirmələri də yollarda qalıb. 3 gün Bakıda, 2 gün Qəbələdə. Prezidenti dəyişir, komandanın gələcək taleyi qaranlıqdı və s.
Bütün bunlara baxmayaraq, bəh-bəhlə “Neftçi”nin başına gətirilən və hər cür şərait yaradılan Roberto Bordinə yerini göstərməyi bacarıblar. “Ağ-qaralar” mövsümü çempion kimi başa vurmasa, bu, italyanın əcnəbi məşqçi adını doğrulda bilməməsi anlamına gələcək. Bu heyət, bu budcə və şəraitlə ikincilik onsuz da “Neftçi”nin olmalıydı. Bordin yox, onun yerində lap Tərlan Əhmədov, Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev və ya Sənan Qurbanov olsaydı da...
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.