İnqilab Məmmədovun briqadası yarıtmadı
Topaz premyer-liqasının 26-cı turu mübahisəli hakim qərarları ilə zəngin oldu. Xüsusilə “Sabah” – “Keşlə” matçına hakim damğa vurdu. Həmkarlarımızın oyunlardan qeydləri ilə sizi tanış edirik.
İNQİLAB MƏMMƏDOV, Sabah – Keşlə
Turun ən mübahisəli idarəçiliyi Masazırda qeydə alındı. Halbuki ən asan oyunlardan biri olmalıydı. Əvvəla, İnqilab Məmmədov vərəqələrdən həddən artıq istifadə etdi. “Sabah”ın penaltidən fərqləndiyi epizodda hakimin qərarı şübhəli idi. Tərlan Quliyev Məqsəd İsayevdən öncə topa toxunsa da, hakim penalti nöqtəsini göstərdi. Hələ buna qədər, daha doğrusu, ilk yarıda Cavid İmamverdiyev Edvinas Girdvainisə qarşı kobud oynayıb topu ələ keçirdikdən sonra “Sabah” təhlükəli hücum qurmuşdu. Referi nədənsə aşkar qayda pozuntusuna göz yumdu. Məmmədov qərarlarının birtərəfli olduğunu, “Keşlə”yə qarşı yönəldiyini sanki qarşılaşmanın sonunda başa düşdü və şübhəli qol qeydə aldı. Top “Sabah”ın qapı xəttini keçməsə də, hakim köməkçisinin işarəsi ilə mərkəzi göstərdi. İnqilab Məmmədovun qərarı meydan sahiblərinin kəskin etirazı ilə müşayiət olundu. Yeri gəlmişkən, “Sabah” etirazını “Qol var idimi” müsabiqəsi elan etməklə bildirir. Hətta fikrini dolğun izah edən şəxsə 960 manat mükafat da ayrılıb. Fikrimizcə, qalib “kor şəxs olacaq”. Çünki videoyazıya baxan, gözü olan hər kəs görə bilər ki, top qapı xəttini keçməmişdi.
SƏBUHİ BAYRAMOV, Zirə - Qarabağ
Ümumi götürsək, Səbuhi Bayramovun nəticəyə təsir edən səhvi olmadı. Buna baxmayaraq, gənc referinin diqqətindən qaçan epizodlar da oldu. Məsələn, 30-cu dəqiqədə cərimə meydançası daxilində Vild-Donald Geryeyə qarşı təmas var idi. Düzdü, Bayramov cərimə zərbəsi qeydə aldı, ancaq qayda pozuntusunun kənarda olduğunu işarə etdi. Halbuki qeyd etdiyimiz kimi, Geryeyə içəridə kobudluq edilmişdi. 56-cı dəqiqədə Maksim Medvedevlə Sadio Tounkara arasında mübahisə yaşandı. Maksim ona qarşı qaydanı pozmuşdu. Sadio isə rəqibi sərt şəkildə itələdi və müdafiəçi yerə yıxıldı. Normalda Sadioya “qırmızı” düşürdü, ən pis halda, hər iki futbolçuya sarı vərəqə göstərmək lazım gəlirdi. Ancaq gənc referi epizodun üstündən sükutla keçdi.
ƏLİYAR AĞAYEV, Səbail – Qəbələ
FİFA referisi turun mərkəzi oyununun öhdəsindən layiqincə gəlməyi bacardı. Əliyarın nəzərəçarpan səhvi olmadı. Baş məşqçilər də hakimlikdən şikayət etmədi. Baxmayaraq ki, oyunun gedişində bəzən etiraz edirdilər. Ancaq Ağayevin oyunun axarına təsir edən hansısa səhvi olmadı.
KAMAL UMUDLU, Neftçi – Sumqayıt
Gənc Kamal Umudlunun idarəçiliyi normal alındı. Onun futbolçularla davranışı, epizodlara yaxın olması xüsusi vurğulanmalıdı. Umudlu komanda işinə də riayət edir, bəzən bundan ötrü fitini də gec səsləndirirdi. Bir epizodda (matça əlavə olunmuş dəqiqələrdə) isə laysman Mübariz Haşımovla aralarında fikir ayrılığı yaşandı. Referi korner, yan xətt hakimi isə qapıdan zərbə işarə etdi və sonra Haşımovun qərarı keçərli oldu. Bundan başqa, 28-ci dəqiqədə “Sumqayıt”ın cərimə meydançasında mübahisəli vəziyyət yaşandı. Qoran Paratski rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim “ağ-qaralar”ın penalti istəyini qulaqardına vurdu. Diqqətçəkən məqamlardan biri ehtiyat hakim Vüqar Həsənli ilə bağlı oldu. Vangelis Platellas oyuna daxil olarkən, ehtiyat hakim onu xeyli ləngitdi. Bu isə “Neftçi” rəsmisi Qədir Həsənovu və baş məşqçi Roberto Bordini, eləcə də futbolçunun özünü hövsələdən çıxardı.
MİRAĞA