Ukrayna premyer-liqasında 26-cı turun oyunları keçirilib. Yığmanın müdafiəçisi Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” növbəti matçına çıxıb. Sözügedən kollektiv “doğma divarlar” arasında “Zarya” ilə üz-üzə gəlib.Meydan sahibləri 2 cavabsız qolla məğlub olub. Paşayev görüşün iştirakçısı olmayıb. Ümumiyyətlə, onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. “Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da 47 xalla 3-cü pillədədi.
Portuqaliya sequndasının 31-ci turunda Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril” səfərdə “Penafiel”lə qarşılaşıb. Qonaqlar 2:4 hesablı məğlubiyyətə üzülüb. Dadaşov 67-ci dəqiqədə şans qazanıb. 51 xalı olan “Eştoril” turnir cədvəlinin üçüncüsüdü.
Ufuk Budakın çıxış etdiyi “Boluspor” Türkiyənin 1-ci liqasının 31-ci turu çərçivəsində “Adana Dəmirspor”un qonağı olub. Meydan sahibləri böyükhesablı (4:1) qələbə qazanıb. Ufuk start heyətində meydana çıxıb və əvəzlənməyib. Turnir cədvəlində 9-cu yerdə olan “Boluspor”un hazırda 46 xalı var.
Dəniz Yılmazlı “Gənclərbirliyi” isə “Karabükspor”un qonağı olub. Qonaqların 4:0 hesabı ilə qələbə qazandığı oyunu yığmamızın sabiq forvardı əvəzlənmədən keçirib. Komandasının ilk qolunu da məhz Dəniz vurub. “Gənclərbirliyi” 67 xalla vahid liderdi.
Çexiyanın gənclər liqasında əsas mərhələnin 5-ci turunun qarşılaşmaları baş tutub. U-21-in üzvü Arzuman Rizvanovun formasını geydiyi “Bohemians” səfərdə “Ostrava” ilə üz-üzə gəlib. Qonaqlar 3:1 hesabı ilə qalib gəlib. Rizvanov 72-ci dəqiqədə meydana çıxıb. “Bohemians”ın U-21 komandasının 9 xalı var və sıralamada 3-cü pillədədi.
Yeri gəlmişkən, "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç "Zenit"lə oyunda (2:4) qırmızı vərəqə alaraq meydandan qovulan Ramil Şeydayevi müdafiə edib. Monteneqrolu mütəxəssis həmin epizodda millimizin hücumçusunun günahının olmadığını bildirib: "İlk sarı vərəqə epizodunda Ramil yox, hakim emosiyalarını cilovlaya bilmədi. Futbolçuma haqq qazandırmıram. Niyə də bunu etməliyəm? Sadəcə, davanı rəqib futbolçi başladı. Şeydayev heç nə etməmişdi".
Qeyd edək ki, "Zenit"lə matçın 40-cı dəqiqəsində məhsuldar ötürmə ilə yadda qalan Ramil ikinci hissənin əvvəlində sarı vərəqə görüb. 78-ci dəqiqədə isə baş hakim ona ikinci "sarı" göstərərək meydandan qovub.
FARİZ