“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
19 iyul, saat 11.30. Oyun 1:0 hesabıyla başa çatdı. Topu 80-ci dəqiqədə penaltidən Breme vurdu. “Sovetski sport” qəzetində belə bir sərlövhə oxudum: “Maradona: “Heç vaxt Avelanjın əlini sıxmaram”. Maradona bildirir ki, medalların təqdim olunduğu mərasimdə Avelanjın əlini sıxmayıb və bundan sonra heç vaxt da sıxmayacaq. Maradona davam edir: “Böyük qızım Dalmaya deyəcəyəm ki, futbolda da mafiya var və Argentina yığması bu mafiyanın qurbanı oldu”.
Düzdü, final oyununda təyin edilən penalti çox şübhəli idi. Lakin Maradona da emosiyalara qapılır. Axı bir dəfə o əllə qol vurub, SSRİ ilə oyunda da topu qapı xəttindən əllə çıxarıb. Dünya çempionatında məni ən çox təsirləndirən məqam Maradonanın ağlaması oldu. Necə deyərlər, dahilər də ağlayarmış. İndi isə “Neftçi” haqda. Əvvəlki yazıda proqnozlaşdırmışdım ki, “Neftçi” ilə Qorki “Lokomotiv”nin oyunu 4:0 hesabı ilə nəticələnəcək. Doğrudan da, 4 top vuruldu, lakin hesab 2:2 oldu. “Neftçi”dən topları Vəli Qasımovla Samir Ələkbərov vurdu. Sonra isə səfərdə iki oyun keçirdilər. “Rostselmaş” – “Neftçi” 1:1 (Vladislav Qədirov, 86). “Dinamo” (Stavropol) – “Neftçi” 3:0. Bu oyunda qapıçı Elxan Həsənov və müdafiəçilər əsl “komediya” göstərirdilər. “Neftçi” birinci dövrəni 19 xalla 11-ci yerdə başa vurdu. Çox pis nəticədi. Ümid etmirəm ki, “Neftçi” belə oyunla güclülər dəstəsinə çıxa.
31 iyul, saat 15.35. Yay tətilinin ikinci ayının sonuncu günüdü. Axşam televizorda nə olacağını bilmirəm; proqrama qulaq asmamışam. Günlərim çox sönük keçir. Ümumiyyətlə, hər gün belə ssenari ilə keçir: səhər saat 10-da durmaq, 4-ə qədər veyillənmək (bəzən futbol oynamaq), 4-də meşəyə getmək, 11-ə qədər də vaxt öldürmək. Dünən SSRİ çempionatında növbəti turun oyunları olub. Nəticələri bilmirəm. Hələlik OMİK liderdi, “Spartak” 1 xal geri qalır. 1-ci dəstədə ikinci dövrənin başlamasına 5 gün qalır. “Neftçi” avqustun 5-də Bakıda “Rostselmaş”la oynayacaq. Ayın 8-də isə Stavropol “Dinamo”sunu qəbul edəcək. Çox güman, avqustun 1-10-u arasında Bakıya gedəcəm.
8 avqust, saat 12.00. Bakıya səfərdən (3-6 avqust) sonra görüşürük. Bu gün televizorda futbol var: “Neftçi” – “Dinamo”. “Neftçi” ayın 5-də ikinci dövrədəki ilk oyununu keçirdi. “Rostselmaş”ı 2:0 uddular. Həyatımda ilk dəfə çox sevdiyim “Neftçi”nin oyununa stadionda baxdım. Oyuna stadionda baxmaq çox maraqlıdı. Respublikada vəziyyət sakitdi. Amma bu sakitlik tufanqabağı sakitliyə bənzəyir. Seçki kampaniyası ilə bağlı Xalq Cəbhəsinin üzvləri təqib olunur, Etibar Məmmədov iyulun 27-dən aclıq elan edib. Ermənilər yenə vəziyyəti kəskinləşdirirlər. Ümumiyyətlə, seçki kampaniyası dövründə (15 – 30 sentyabr) gərginlik gözlənilir.
15 avqust, saat 11.28. Günlərim adi qayda ilə keçir. Dərslərin başlamasına 15 gün qalır. “Neftçi” avqustun 8-də “Dinamo”nu uddu – 1:0. Topu 21-ci dəqiqədə 11 metrlikdən Vəli Qasımov vurdu. Dünən isə Voronejdə “Fakel”ə uduzdular – 1:2. Bizdən topu 33-cü dəqiqədə Vidadi Rzayev vurdu. Kül olsun belə komandanın başına. Evdə qələbə qazanır, səfərdə uduzur. “Neftçi” elə 8-ci yerdə də qalacaq.
(davamı olacaq)