Sizin reklam burada

“Qarabağ” şousu: ardıcıl üçüncü 3:0!

Baxış Sayı:582

“Qarabağ” şousu: ardıcıl üçüncü 3:0!
Kamal Bayramovla polis arasında mübahisə yaşandı
102. Zirə - Qarabağ (Ağdam) 0:3 (0:2)
62. Abdulla Seyidəhmədov – 3,0
26. Miloş Radivoyeviç – 3,5
13. Murad Musayev – 4,0
14. Bəxtiyar Həsənalızadə - 4,0
16. İbrahim Aslanlı – 3,0
8. Kamal Mirzəyev – 4,5
6. Vüqar Mustafayev (k) – 4,0
77. Mirsahib Abbasov – 3,5
(99. Rafael Məhərrəmli, 46) – 3,5
17. Robin Nqalande – 4,0
(20. İsmael Fofana, 64) – 3,5
10. Sadio Tounkara – 4,0
(23. Mfo Kqasvane, 64) – 4,0
7. Pərdis Fərcad-Azad – 4,0
Ehtiyat oyunçular
73. Səbuhi Əliyev
2. İlkin Qırtımov
11. Dilan Duventru
18. Xulio Sezar Rodriges
27. Adrian Skarlatake
38. İlkin Muradov
39. Sadiq Quliyev
48. Şafik Tiqruca
88. Tellur Mütəllimov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Kamal Mirzəyev

13. Vaqner da Silva – 5,5
77. Vild-Donald Gerye – 5,5
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
8. Miçel – 5,0
(2. Qara Qarayev, 83) – qiymətsiz
20. Riçard Almeyda – 5,0
17. Abdulla Zubir – 5,5
19. Filip Ozobiç – 5,0
(6. Simeon Slavçev, 62) – 5,0
10. Dani Kintana – 6,0
(9. Araz Abdullayev, 80) – qiymətsiz
11. Mahir Mədətov – 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
4. Rahil Məmmədov
7. İnnosent Emeqara
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
30. Abbas Hüseynov
71. Toral Bayramov
99. Reynaldo
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
Qollar: D.Kintana, 21 (0:1) F.Ozobiç, 28 (0:2, D.Kintana). M.Mədətov, 79 (0:3).
Vərəqələr: B.Həsənalızadə, 49 (qeyri-idman hərəkəti). M.Musayev, 52 (qeyri-idman hərəkəti). M.Kqasvane, 65 (qeyri-idman hərəkəti). V.Mustafayev, 69 (qeyri-idman hərəkəti). S.Slavçev, 72 (hakimin qərarına etiraz). A.Zubir, 73 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
27 aprel. Zirə. İdman Kompleksinin stadionu. 600 tamaşaçı (1512) yerlik.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Kubokun yarımfinal iştirakçılarının görüşüydü, həm də mayın 1-də cavab oyunları baş tutacaqdı deyə, hər iki baş məşqçinin heyətdə rotasiyalar edəcəyini gözləyirdik. Samir Abasov bu yolu seçdiyindən, İlkin Qırtımov, Adrian Skarlatake, Tellur Mütəllimov, İlkin Muradov, Mfo Kqasvane, Şafik Tiqruca, Dilan Duventru, Xulio Sezar Rodriges kimi aparıcı futbolçuları ehtiyatda saxlamışdı. Kapitan Kamal Bayramov isə tribunada əyləşmişdi. Əvəzində qonaqlar meydana “diri” heyətlə çıxmışdı. Qurban Qurbanov bu addımı ilə növbəti dəfə ardıcıl 6-cı çempionluğu bayram etmək üçün alışıb-yandığını ortaya qoymuş oldu. Hər halda, hər an nəsə etməyi bacaran “Zirə”dən ehtiyatlanmağa dəyərdi.
“Çərçivə”nin Abdullaya tapşırılması risk kimi görünsə də, məcburiyyətdən verilən qərar idi. İnsaf naminə, zirəlilərin məğlubiyyətində gənc qolkiperin ilk hissənin ortalarında buraxdığı kobud səhv az rol oynamadı. Kintananın qapı qarşısına ötürdüyü topu əlinə götürmək istəyən Seyidəhmədov heç kimin gözləmədiyi halda “mərmi”ni əlindən buraxıb, yumşaq desək, öz qapısına qol vurmuş oldu. Onun bu səhvi komanda yoldaşlarını “öldürdü”. Düzdü, üstünlük buna qədər də çempionun tərəfindəydi. “Köhlən atlar”ın ilk 15 dəqiqədə 5 dəfə künc zərbəsi yerinə yetirməsini xatırlatmaq bəs edir. Hesab açılandan sonra diqtə edən tərəf yenə qonaqlar idi. Və bunun məntiqi nəticəsi kimi azarkeşlər növbəti qola sevindi. Zubirin əla cinah keçidindən sonra Kintana qapıya zərbə endirmək istəsə də, vuruşu istədiyi kimi alınmadığından top Ozobiçə qismət oldu. Filip dabanla baxımlı qola imzasını yazdırdı. Bu məqamda da qapıçı ilə müdafiəçinin fikrinin harda olduğunu bilmədik. “Qarabağ” istədiyi qolları vurandan sonra xeyli sakitləşincə, zirəlilər bundan yararlanmaq eşqinə düşdü. Lakin bu onlara baha başa gələcəkdi. Rəqib müdafiəçiləri azlıqda yaxalayan Qurbanovun yetirmələri 41-43-cü dəqiqələr aralığında 3 dəfə qola yaxın oldu. Daninin iki zərbəsindən birini müdafiəçi zərərsizləşdirdisə, digərində Abdulla əla reaksiya göstərdi. Gənc qapıçı Mahirin vuruşunu da baxımlı seyvlə küncə çıxardı.
Abasovun fasilədə dəyişikliklərə əl atıb, əsas heyət üzvlərindən bir neçəsinə şans verəcəyini düşünənlər gümanında yanıldı. Əvəzetmə reallaşdı, amma növbəti gənc – Rafael Məhərrəmli mübarizəyə qoşuldu. Odu ki, ağalıq edən tərəf yenə “Qarabağ” idi. Qonaqlar topa nəzarət edir, bəzən 20-30 ötürmə ilə onu meydanboyu hərəkət etdirirdilər. “Zirə”lilər isə sanki hesabla razılaşıbmış kimi seyrçi mövqeyini tutub, oyunun başa çatmasını gözləyirdilər. Az-çox Tounkaranın fəallığı nəzərə çarpırdı ki, tək əldən səs çıxmadığını hamı bilir. 62-ci dəqiqədə Kintananın dubl etməsinə dirək imkan vermədisə, 17 dəqiqə sonra Mahir müdafiəçiləri bir-birinə qatıb baxımlı qola imzasını yazdırdı. Abasovun Fofana ilə Kqasvaneni meydana buraxması da heç nəyi dəyişmədi və “köhlən atlar” növbəti 3 xalını da 3 qolla qazandı.
Bununla da ağdamlılar ardıcıl 3-cü dəfə 3:0 hesabı ilə qalib gəldi. Komandanın dördüncü dövrədə əldə etdiyi nəticələr isə göz oxşayır: 6:0, 2:1, 3:0, 3:0, 3:0. Vurulan 17, buraxılan 1 top...
HƏBİB

Gözdən qaçmadı
* VİP-lojaya aparan pilləkənlərin başlanğıcında polislər qonaqları ciddi təftiş edirdi. Plastik su şüşələri arenaya buraxılmır, əl çantaları yoxlanırdı. Hətta ortayaşlı birinin “uşağa su aparıram” deməsi də “poqonlu”nun ürəyini yumşaltmadı.
* “Qarabağ”la “Zirə”nin əcnəbi futbolçularının xanımları sözün əsl mənasında Zirəyə axın etmişdilər. Mövsümün sona yaxınlaşması, havanın da xoş olması zərif cinsin nümayəndələrini həvəsləndirmişdi. Mahirə dəstəyi isə anası verirdi. Elnurə xanım oğlunun oyununu canlı izləmək üçün qəsəbəyə yollanmışdı.
* İlk hissənin ortalarında zədəli olduğuna görə mərkəzi sektorda oturan “Zirə”nin əsas qapıçısı, həm də kapitanı Kamal Bayramovla polis arasında mübahisə yaşandı. Məsələyə öncə klubun baş meneceri Elman Himayətoğlu, ardınca mayor müdaxilə edincə, ara sakitləşdi.
* “Qarabağ” 2 top fərqi ilə önə keçəndən sonra “İmarət”çilərin əhvalı yaxşılaşdı. Belədə onlar əzəli rəqibləri “Neftçi”ni yada salmaya bilməzdilər. Bir neçə dəfə “Neftçi Baku, ha ha ha” qışqırdılar ki, atmacanın mənası vardı. Həmin şüarı ötən yay “Uypeşt”lə səfər oyununda macar fanatlar bizimkilərin ünvanına səsləndirmişdilər. Yekunda təmsilçimiz 0:4 hesabı ilə uduzmuşdu.
* Abdulla Seyidəhmədovun kobud səhvdən qol buraxmasından sonra pərt olması anlaşılan idi. Belədə Mahir Mədətov gənc qapıçıya yaxınlaşaraq ona təsəlli verməklə yadda qaldı.

Reaksiyalar
Samir Abasov: “Qarabağ”a qarşı əsas heyətin üzvləri ilə oynayanda belə, əziyyət çəkirsən, o ki qalmışdı 7-8 nəfərsiz oynamaq. Əvəzedici heyətin futbolçuları deməzdim, sadəcə, oyun təcrübəsinin azlığından əziyyət çəkənlər və gənclər var idi. Heyətdən də göründüyü kimi, niyyətimiz bəllidi – kubokda finala yüksəlmək. Belə deyim, bu oyunu kuboka qurban verdik. Aparıcı futbolçuları qorumaq niyyətindəydik. Məğlub olsaq da, qısa zamanda yenilgini unudub mayın 1-dəki matça hazırlaşmalıyıq. Onsuz da bu gün itirəcəyimiz bir şey yox idi. Amma iki-üç nəfər var idi ki, meydana niyə çıxdıqlarını özləri də bilmirdilər. Dəhşət həyəcanlı idilər. Görünür, rəqibin adı da müəyyən rol oynadı. Abdullaya etdiyi səhvə görə heç nə deməmişəm. Gəncdi, təcrübəsizdi, belə şeylər olur. Ola bilsin, kubokun cavab matçında da “çərçivə”ni ona etibar etdik. Heç kim deyə bilməz ki, oyuna bu cür heyətlə çıxmaqla “Qarabağ”a kömək etmiş olduq. Cari mövsümdə “Qarabağ”dan da, “Neftçi”dən də xallar almışıq. Bu gün “Qarabağ”a nə verəcəyimiz, nə də alacağımız var. Çempion kim olur-olsun, bizim hədəfimiz kuboku əldə etməkdi… Kamal Bayramov hələ ki komandayla məşq etmir. “Sumqayıt”a qarşı oynayıb-oynamayacağını matç günü biləcəyik. Futbolçu vaxtlarımda Zubir rəqibim olsaydı, nə edərdim? Elə edərdim ki, ikinci oyunda Zubir bir də mənə yaxınlaşmazdı. 100 faiz belə olardı”.
Qurban Qurbanov: “Vacib qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Oyun sönük görünə bilərdi. Buna baxmayaraq, hər bir oyunçu meydanda xeyli əziyyət çəkdi. Taktiki cəhətdən düzgün oynamağa və hədəfə çatmağa çalışdılar. “Zirə”yə kubok mübarizəsində uğurlar arzulayıram. Açığı, oyunları çempionat və ya kubok olaraq bölmürük. Bu dəqiqə hər görüş bizim üçün maraqlıdı. Ona görə də heyətdə ciddi dəyişikliklər etmirik. Çünki həm kubok, həm də çempionat bizim üçün çox vacibdi. “Zirə”nin eksperimental heyətlə meydana çıxmasına gəlincə, hardasa gözləyirdim. Ümumiyyətlə, Samir rotasiya etməyi xoşlayan məşqçidi. Ona görə də adları görəndə təəccüblənmədim. “Neftçi” – “Sumqayıt” matçını stadiondan izləyə bilməyəcəm. Zirədən “Bakcell Arena”ya çatana qədər gec olar. Evdə - televizorda baxacam”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR