Sizin reklam burada

“Sumqayıt” yenə “Neftçi”yə badalaq vurdu

Baxış Sayı:650

“Sumqayıt” yenə “Neftçi”yə badalaq vurdu
Azarkeşləri sakitləşdirmək üçün polis müdaxilə etdi
104. Neftçi (Bakı) – Sumqayıt 2:3 (1:2)
1. Səlahət Ağayev – 4,5
18. Tural Axundov – 4,5
15. Ruslan Abışov (k) – 5,0
4. Petru Raku – 4,5
(22. Mirabdulla Abbasov, 66) – 4,5
26. Ömər Buludov – 4,0
93. Soni Mustivar – 5,0
(11. Vangelis Platellas, 59) – 5,0
6. Qoran Paratski – 4,5
(17. Rəhman Hacıyev, 85) – qiymətsiz
9. Baqali Dabo – 5,0
8. Emin Mahmudov – 5,5
7. Namiq Ələsgərov – 5,0
16. Canluka Sansone – 4,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
30. Aqil Məmmədov
21. Məhəmməd Mirzəbəyov
33. Turan Vəlizadə
36. Mamadu Kane
70. Əli Şirinov
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov

1. Mehdi Cənnətov – 4,5
21. Arif Daşdəmirov – 5,5
2. Rail Məlikov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,0
34. Elvin Bədəlov – 5,5
17. Nicat Qurbanov – 5,5
25. Baxşəli Baxşəliyev – 5,5
15. Əmir Ağayev – 6,5
(18. Süleyman Əhmədov, 63) – 5,0
7. Cavid Tağıyev – 5,0
(4. Şəhriyar Əliyev, 46) – 5,0
77. Murad Xaçayev – 5,5
70. Ülvi İsgəndərov – 6,0
(10. Aleksey İsayev, 74) – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
6. Səbuhi Abdullazadə
22. Əfran İsmayılov
49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev
Qollar: R.Abışov, 8 (1:0). Ə.Ağayev, 32 (1:1, C.Tağıyev). Ü.İsgəndərov, 42 (1:2, Ə.Ağayev). B.Dabo, 72 (2:2). M.Xaçayev, 77 (2:3, N.Qurbanov).
Vərəqələr: P.Raku, 21 (qeyri-idman hərəkəti). S.Mustivar, 41 (qeyri-idman hərəkəti). M.Cənnətov, 57 (oyunun bərpasını ləngitmək). Ş.Əliyev, 72 (hakimin qərarına etiraz). N.Qurbanov, 81 (qeyri-idman hərəkəti). B.Dabo, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
27 aprel. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Neftçi”nin xal itirməyə haqqı yox idi. “Ağ-qaralar” çempionluğun taleyini mayın 11-də “Qarabağ”la “Bakcell Arena”da baş tutacaq qarşılaşmada həll etmək istəyirdi. Ona qədərki iki oyunu itkisiz başa vurmaq lazım idi ki, “qızıl”ın taleyi flaqmanın öz əlində olsun. “Sumqayıt” bakılılara bu imkanı yaratmışdı. Mayın 1-də kubokun yarımfinalının cavab görüşünə çıxacaq “gənclik şəhəri” təmsilçisi çempionat oyununa eksperimental heyətlə çıxmışdı. Ayxan Abbasovun matçın protokolunda 7, start heyətində 3 limitə düşən gəncə şans verməsi belə deməyə əsas verir. İlk dəqiqələrdən meydanda olan Baxşəli Baxşəliyev, Murad Xaçayev və Ülvi İsgəndərov əvəzedici komandanın üzvləridi. Düzdü, “Neftçi”nin start heyətində də dəyişikliklər var idi, ancaq bunlar məcburiyyətdən edilmişdi. Mamadu Mbocun cəzalı, Kiril Petrovla Anton Krivotsyukun zədəli olması Bordini çıxılmaz vəziyyətdə qoymuş, italiyalı müdafiənin mərkəzində ilk dəfə Ruslan Abışovla Petru Rakudan tandem təşkil etmişdi.
Artıq 6-cı dəqiqədə hesab açıla bilərdi. Nicatın sağ cinahdan cərimə meydançasına yerlə ötürməsinə Ülvi İsgəndərov yetişə bilməsi. Bununla belə, hesab elə erkən açıldı və "Sumqayıt"ın bacarmadığını "Neftçi" reallaşdırdı. Kornerdən Eminin yaxın dirəyə qaldırdığı topu Dabo başla "çərçivə"yə ünvanladı. Cənnətovun müdaxiləsindən sonra dirəyə dəyib qayıdan topu Ruslan Abışov təkrar vuruşla tora göndərdi. Beləliklə, kapitan dönüşünü qolla qeyd etdi. Ancaq nə o, nə də komanda yoldaşları qarşıdakı dəqiqələrdə başlarına gələcəklərini təxmin edə bilərdi...
İlk dəqiqələrdə “Sumqayıt”da başıpozuqluq hiss olunurdu, “Neftçi” bunu fürsət bilib imkanları dəyərləndirməli, 2-ci, 3-cü qolu vurub rəqibi sındırmalı idi. 17-ci dəqiqədə Dabonun uzaqdan çarpaz zərbəsi yaddaqalan oldu. Meydan sahibləri 21-ci dəqiqədə fərqi artıra bilərdi. Eminin ideal ötürməsindən sonra Dabo cərimə meydançasına şığısa da, soluna düşən topu "çərçivə"yə ünvanlaya bilmədi. Bir qədər sonra Emin özü sol ayaqla saxlamadan endirdiyi zərbə ilə Cənnətovu yoxladı, top qapıçının qucağına düşdü. “Sumqayıt”ın 29-cu dəqiqəyə təsadüf edən ilk tühlükəli həmləsi qolun carçısı idi. Ülvi İsgəndərov müdafiəni sağ cinahdan yarıb cərimə meydançasına daxil olduqdan sonra topu uzaq küncə ünvanladı. Top cüzi fərqlə dirəyin dibindən çölə çıxdı. Cəmi 3 dəqiqə sonra “Neftçi”nin müdafiəsindəki kobud səhv qolla nəticələndi. Hava mübarizəsi zamanı top Mustivarın başından Cavidin ayağına düşdü. O isə Əmiri tapdı. İsrailli yarımmüdafiəçi cərimə meydançasına daxil olub yolüstü Ömərdən də ustalıqla sıyrıldı və yıxılmaq üzrəykən topu tora qovuşdurmağı bacardı. Beləliklə, "Sumqayıt" hesabı bərabərləşdirdi. Bu qol sanki qonaqlara qol-qanad verdi. Düzdü, "Neftçi" dərhal yenidən üstünlüyü bərpa edə bilərdi. Emin – Namiq - Dabo paslaşmasını sonuncu yaxın məsafədən dirəyə vurdu. Amma qolun şokundan ayıla bilməyən və ötürmələrdə kifayət qədər səhvə yol verən meydan sahibləri 42-ci dəqiqədə daha bir zərbə aldı. Yenə Əmir sol cinahda Öməri “dükana göndərib” mərkəzə ötürmə etdi ki, hücumu özü başlayan Ülvi son nöqtəni də qoydu – 1:2.
İkinci hissəyə “Neftçi” yox, “Sumqayıt” dəyişikliklə başladı. Artıq meydandan xalla ayrıla biləcəyinə inanmağa başlayan Ayxan Abbasov Şəhriyarı döyüşə atmaqla müdafiəni “betonladı”. Buna baxmayaraq, 54-cü dəqiqə “Neftçi” qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olsa da, Sansone əla şansdan yararlana bilmədi. Bir qədər sonra sumqayıtlılar topu qapı xəttindən çıxardılar. 59-cu dəqiqədə Bordin riskə getdi. O, əvvəlcə Platellası, bir qədər sonra Mirabdullanı oyuna qoşmaqla bütün hücum arsenalını işə saldı. 70-ci dəqiqədə “Neftçi” real şansdan yararlana bilmədi. Ancaq epizodun davamında künc zərbəsindən sonra bərabərliyi təmin etmək mümkün oldu. Eminin zərbəsindən sonra qapıçının əlindən buraxdığı topu Dabo tora qovuşdurdu. Ancaq qələbə topunu vurmaq mümkün olmadı. Əksinə, “Sumqayıt” oyundan qopmadı və 77-ci dəqiqədə meydan sahiblərinə növbəti şok yaşatdı. Nicatın başladığı əks-hücumu Xaçayev qolla tamamladı. 88-ci dəqiqədə Platellasın uzaqdan zərbəsindən sonra Cənnətovun toxunduğu top dirəkdən döndü. Beləliklə, “Sumqayıt”ın kubokdan uzaqlaşdırdığı “Neftçi” məhz bu rəqibi tərəfindən çempionluq yolunda da ağır zərbə aldı.
MİRAĞA

Gözdən qaçmadı
* Oyundan əvvəl diktor “Forza Neftçi” fanklubunun rəhbrəi Sübhan Əliyevin doğum günü olduğunu elan etdi, azarkeşlər onu alqışladı.
* Platellas oyuna daxil olarkən, ehtiyat hakim onu o qədər çək-çevir etdi ki, bu məqam “Neftçi” rəsmisi Qədir Həsənovu və Bordini, eləcə də futbolçunun özünü hövsələdən çıxardı. Platellas hətta Jozef-Monrozsayağı, hirslə şortikinin ətəyini qaldırdı. Ancaq o, budunu açıb göstərdi.
* Oyundan sonra “Neftçi” azarkeşləri üsyan qaldırdı. Dərhal dəmir hasarın o üzünə çıxarılan tərəfdarlar futbolçulara etiraz edir, onları oyunun nəticəsini kontorlarda müəyyənləşdirməkdə ittiham edirdilər. Polislər getdikcə aqressivləşən fanatları çətinliklə də olsa, stadionun ərazisindən uzaqlaşdıra bildilər.

Reaksiyalar
Ayxan Abbasov: “Əlbəttə, matçın çətin olacağını bilirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadı. Ancaq bizim durum da bəllidi, premyer-liqada qalmaq uğrunda mübarizə aparırıq. Əlbəttə, kuboku da fikirləşirik. Bunu heyətdəki dəyişikliklərdən də gördüz. Bəzi futbolçularımıza istirahət vermişdim. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar. Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımızı yerinə yetirdilər. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişikliklər etdik. Futbolçularıma həmişə inanmışam. "Neftçi"nin məndən çəkdiyi nədi? Bu barədə danışsam, başqa cür başa düşərlər. Çalışmışam ki, komandamı hər matça yaxşı hazırlayım. Məşqçi kimi bacarmadığım, uda bilmədiyim komandalar da var. "Neftçi"ylə oyunlar isə bir az fərqli olur”.
Roberto Bordin: “Bizim üçün üzücü gündü. Bəzi səhvlərimiz oldu. Xüsusilə də 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli vəziyyət yaratdıq, hətta dirəkdən qayıdan toplar oldu. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna yüz faiz hazırlaşacağıq. Komandamı rəqibin necə, hansı heyətlə oynayacağını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. Ola bilsin, ilk dəqiqələrdən bu belə görünürdü. Sadəcə, yaratdığımız vəziyyətləri qola çevirə bilmədik. Çempionluğu “Qarabağ” qazandı, yoxsa özümüz hədiyyə etdik? “Qarabağ” riyazi cəhətdən çempionluğu rəsmiləşdirsə, bu sualı cavablayaram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdu. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bu üstünlüyü saxlaya bilmədik. Deməzdim ki, "Sumqayıt"la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdı. Təkcə "Sumqayıt"la görüşlər yox, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik. Futbolda mümkünsüz heç nə yoxdu. Qarşıdakı matçları gözləməliyik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR