Futzal üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib. Qazaxıstanın Almatı şəhərindəki "Almatı Arena"da təşkil edilən “dördlər finalı”nın ilk matçında “Sportinq”lə (Portuqaliya) turnirin son qalibi “İnter” (İspaniya) qarşılaşıb. 5:3 hesabıyla qələbə qazanan portuqaliyalılar ilk finalçı olub. Daha sonra arenaya “Barselona” və “Kayrat” komandaları çıxıb. Bu dəfə Qazaxıstan çempionu rəqibdən üstün olub - 5:2.
Dünən isə final və üçüncü yer uğrunda oyunlar keçirilib. Bakı vaxtı ilə saat 15.30-da meydana İspaniyanın iki klubu – “İnter” və “Barselona” çıxıb. Kataloniyalılar 3:1 hesabıyla qalib gələrək turnirin bürünc mükafatına sahib çıxıb. Saat 18.00-da isə "Sportinq" və meydan sahibi "Kayrat" finalda qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2:1 hesabı ilə qalib gələn portuqaliyalılar Çempionlar Liqasının ilk qalibi olub.
Qeyd edək ki, bu turnir ötən ilə qədər UEFA Kuboku adı altında keçirilirdi. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən yarış cari mövsümdən Çempionlar Liqası adlandırılıb.
MİRAĞA