Sizin reklam burada

Diqqətdən kənarda qalan oyuna laysman “möhürünü vurdu”

Baxış Sayı:627

Diqqətdən kənarda qalan oyuna laysman “möhürünü vurdu”
Elşad Əhmədov: “Ya desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil, ya da…”
101. Sabah (Bakı) – Keşlə 1:1 (0:0)

32. Dmitri Bezruk - 5,5
25. Vanderson Silva – 5,5
5. Kərim Diniyev – 5,5
33. Eltun Turabov – 5,5
11. Elgün Nəbiyev – 5,5
6. Vadim Abdullayev – 5,0
15. Erik Ramos – 5,5
7. Rəşad Eyubov – 5,0
(4. Tərzin Cahangirov, 88) – qiymətsiz
91. Coşqun Diniyev – 5,0
(27. Bəxtiyar Soltanov, 90+1) – qiymətsiz
10. Cavid İmamverdiyev (k) – 5,0
(19. Məqsəd İsayev, 46) – 5,0
9. Marko Deviç – 6,0
Ehtiyat oyunçular
30. Saşa Stamenkoviç
96. Əmirhüseyn Nəcəfi
8. Elşən Abdullayev
16. Kənan Həsənov
77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç

30. Davud Kərimi – 5,5
19. Azər Salahlı – 5,0
33. Tərlan Quliyev – 4,5
(9. Amil Yunanov, 70) – 5,0
93. Edvinas Girdvainis – 6,0
2. Sərtan Taşqın – 5,5
(65. Cabir Əmirli, 77) – qiymətsiz
4. Slavik Alxasov (k) – 5,5
3. Denis Silva – 5,0
8. Seymur Əsədov – 4,0
(21. Angelo Pena, 43) – 5,5
11. Vüsal İsgəndərli – 5,0
22. Nikola Mitroviç – 5,0
23. Conatan Ayite – 5,5
Ehtiyat oyunçular
56. Əkpər Əliyev
18. Ruslan Əmircanov
10. Ruslan Nəsirli
24. Fuad Bayramov
17. Samir Məsimov
14. Andre Klennon
32. Valeri Kutsenko
66. Murad Qayalı
Məşqçi: Zaur İsmayılov
Komandanın ən yaxşısı: Edvinas Girdvainis
Qollar: M.Deviç, 59-p. (1:0). C.Ayite, 90+4 (1:1).
Vərəqələr: A.Salahlı, 24 (qeyri-idman hərəkəti). N.Mitroviç, 25 (qeyri-idman hərəkəti). E.Ramos, 31 (qeyri-idman hərəkəti). S.Əsədov, 32 (qeyri-idman hərəkəti). T.Quliyev, 56 (hakimin qərarına etiraz). D.Bezruk, 90+2 (oyunun bərpasını ləngitmək). K.Diniyev, oyundan sonra (hakimin qərarına etiraz). C.Ayite, oyundan sonra (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev (Hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
27 aprel. Masazır. Əlincə Arena. 500 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti 5,5.
Hesabat turunun bəlkə də status baxımından ən əhəmiyyətsiz oyunu “Əlincə Arena”da keçrilməli idi. Bəlkə də buna görə oyunu nə “CBC Sport”, nə də PFL-in saytı canlı yayınladı. Media nümayəndələrinin və azarkeşlərin də sayının azlığı deyilənlərə sübut idi. Əslində gözləntilər özünü doğrultdu. Qarşılaşma başa çatandan sonra stadiona gələn azsaylı azarkeşlərin simasından “həyatımın növbəti 90 dəqiqəsini də boşa verdim” fikri yağırdı. Birinci hissədə qapı istiqamətində ilk zərbəni görmək üçün 9 dəqiqə gözləmək lazım gəldi. Ayitenin sağ cinahdan iti bicaq altında vurduğu zərbə dirəyin yanından keçdi. Meydan sahiblərinin buna cavabı isə 21-ci dəqiqədə gəldi. Mitroviçin “hədiyyə”sindən sonra topu ələ keçirən “tələbələr” rəqibi əks-hücumda yaxaladılar. Lakin Davud komanda yoldaşının səhvini düzəltdi. Qapıçı ilə təkbətək çıxan Rəşad topla bir qədər ləng davrandığından qolkiper irəli atılaraq ayaqları ilə “mərmi”ni kornerə çıxardı. Səhvlərlə zəngin olan birinci hissə barədə yalnız bu epizoddları qeyd etmək mümkündü. “Keşlə”nin futbolçuları, ümumiyyətlə, nə etmək istədiklərini bilmirdilərsə, meydan sahibləri tələskənliyin qurbanı olmuşdular. 54-cü dəqiqədə Tərlan meydana ikinci hissədə çıxan Məqsədə qarşı kobud oynayınca, hakim penalti nöqtəsini göstərdi. Deviç isə şansını boşa verməyərək mövsümdə 8-ci qolunu vurmağı bacardı. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən ikinci hissədə fərq arta da bilərdi. Lakin Coşğun 83-cü dəqiqədə yüzfaizlik qol imkanını boşa verdi. Artıq hamı “Sabah”ın qələbəni rəsmiləşdirdiyini düşündüyü anda laysman Pərvin Talıbov matça möhürünü vurdu. 4-cü uzatma dəqiqəsinin son saniyələrində Ayite qapını nişan aldı. Qapı xəttindən də irəlidə olan Kərim sinəsi ilə topu geri qaytarsa da, Talıbov mərkəzə doğru qaçmaqla hamını çaş-baş qoydu. Baş hakim də bir anlıq tərəddüd içində qalıb, nə baş verdiyini anlamadı. Lakin sonradan o da fitini çalıb komandaları mərkəzə dəvət etdi. Ancaq stadiona toplaşanların çox hissəsi nələrin yaşandığını başa düşmədi. Bilmədilər ki, qol sayıldı, ya yox. Buna baxmayaraq, yekun nəticədə laysmanın “özfəaliyyəti” sayəsində 90 dəqiqə “sülh”lə başa çatdı. Laysman olmayan qolu saymaqla, “Sabah”ın çalışdırıcısı demişkən, bizi yenidən ötən əsrin 90-cı illərinə qaytardı.
RƏŞAD

Reaksiyalar
Zaur İsmayılov: “Çox maraqlı, gərgin qarşılamaya şahidlik etdik. Komanda son saniyələrə qədər mübarizə apardı ki, buna görə futbolçuların hər birinə təşəkkür edirik. Artıq neçə tur idi məğlub olurduq. Nəhayət, uğursuz seriyaya son qoya bildik. Denis Silvanın bu gün dayaq yarımmüdafiəçisi kimi oynaması Con Kamaranın cəzalı olması ilə bağlıdı. Denis istər bizdə, istərsə də çıxış etdiyi başqa klublarda bəzən bu mövqedə oynayıb. Vurduğumuz qolun “təmiz“ olub-olmadığını deyə bilmərəm. Matç yeni başa çatıb və kadrları görməmişik”.
Elşad Əhmədov: “Bəlkə də oyun o qədər də baxımlı olmadı. Son 15 dəqiqədə komanda çox geri çəkildi. Baxmayaraq ki, biz onların irəli çıxmasını istəyirdik. Görünür, yorğunluq özünü göstərdi. Rəqibin vurduğu qola gəlincə, mən həqiqətən də həmin an düşündüm ki, hakim oyundankənar vəziyyət qeydə aldı. Matçdan sonra uşaqlar bir daha kadrlara baxıblar. Bilmirəm, bu biabırçılığı necə adlandıraq. Həmişə deyirik ki, hakimlər öz işlərini görsünlər, biz də sakit olaq. Səhvlər olur, bunu başa düşürük. Ancaq bu cür hərəkət başadüşülən deyil. Sanki 90-cı illərə qayıdırıq. Yəqin ki, “Şəmkir”in vurduğu qol yadınızdadı. Ya desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil, ya da… Stamenkoviçin ehtiyatda qalmasının “Neftçi” ilə oyundan sonra yayılan söz-söhbətlərlə heç bir əlaqəsi yoxdu. Bunu heç yaxın da buraxmırıq. Sadəcə, Saşa məşqdə zədələndiyinə görə bu gün Bezruka əsas heyətdə yer verdik. Yeni olmasına baxmayaraq, ukraynalı qolkiper özünü yaxşı tərəfdən göstərdi. Xeyli vaxt idi onu izləyirdik. Gənc və perspektivli qolkiperdi, inanıram ki, komandaya faydalı olacaq”.

Gözdən qaçmadı
* Cəza səbəbindən oyunu tribunadan izləyən Tərlan Əhmədov 25-ci dəqiqəyədək səbrini basıb “Keşlə”nin texniki zonasına yaxın gəlməsə də, sonradan dözə bilmədi. Cəzalı məşqçi dəfələrlə tribuna tərəfdən ehtiyat oyunçular skamyasına yaxınlaşıb Zaur İsmayılova və bəzi futbolçulara tapşırıqlarını verməklə yadda qaldı.
* “Əlincə Arena”da təhlükəsizlik baxımından təşkilatçılıq çox aşağı səviyyədə idi. Matç başa çatar-çatmaz təxminən 20-yə yaxın azarkeş meydana axışıb futbolçulara yaxınlaşaraq forma istəməklə yadda qaldılar.
* Coşqun Diniyev əvəzlənərkən vaxt udmaq üçün 4-cü hakimin tablonu qaldırdığını görməyibmiş kimi Deviçlə söhbət edirdi. Bunu görən Girdvainis ona yaxınlaşaraq, bir qədər kobud şəkildə, daha doğrusu, itələyərək meydandan çıxmasını istədi. Rəqib futbolçunun qardaşını itələməsi, deyəsən, Kərimin xoşuna gəlmədi və Girdvainisin üstünə getmək istəyərkən komanda yoldaşları onu sakitləşdirdilər.
* Son saniyələrdə vurulan və “Sabah”ı şoka salan qoldan sonra meydanda aləm bir-birinə dəydi. Meydan sahiblərinin futbolçuları, məşqçilər korpusu baş hakimin üzərinə gedib topun qapı xəttini keçmədiyini bildirməyə çalışırdılar. Bu yöndə xüsusilə qapıçı-məşqçi Vitali Kovalyov daha fəal idi. Kovalyov əsəbindən yerə-göyə sığmır, laysmanın yanlış qərar verdiyini hər vəchlə İnqilab Məmmədova sübut etməyə çalışırdı.
* “Sabah”lıların narazılığı paltardəyişmə otağına gedən dəhlizdə də davam edirdi. Aleksey Barvinski qolun olmadığı videoyazını hakimlərə təqdim etmək üçün ədalət təmsilçiləri olan otağa yaxınlaşmaq istəyirdi ki, matçın hakim-inspektoru Vüsal Əliyev buna imkan vermədi və polislərə tapşırdı ki, heç kimi hakimlər otağına tərəf buraxmasınlar. Barvinskinin media nümayəndələrinə təqdim etdiyi görüntüdə isə həqiqətən də topun qapı xəttini keçmədiyi açıq-aydın görünür.
* Matçı izləyənlər arasında “Sabah”ın Müşahidə Şurasının üzvü, hazırda İsveçdə yaşayan veteran futbolçu İqor Ponomaryov da var idi. Qarşılaşmadan sonra klub rəsmilərinə yaxınlaşan veteran futbolçu “hesab necə oldu, qol sayıldı, ya yox” sualını verib, “hə” cavabını eşidincə, narazı formada başını yellədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR