Sizin reklam burada

SOCAR Azərbaycan “Qran-pri”si start götürdü

Title
SOCAR Azərbaycan “Qran-pri”si start götürdü
Arif Rəhimov: “Futbolla “Formula-1”in eyni vaxta salınması əla olardı”
“Formula-1” üzrə SOCAR Azərbaycan “Qran-pri”sində bu gün əsas mübarizəyə start veriləcək. Aprelin 25-də və dünən isə maraqlı olaylar yaşanıb ki, onlarla tanış olmağa dəyər.
Yarışöncəsi gəzinti
Avtoidman həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər. Həmin gün Xarici İşlər Nazirliyi, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Racing for Peace” (Sülh naminə yarış) şüarı altında məcburi köçkün uşaqları üçün də gəzinti təşkil olunub. Cocuqlar komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə ediblər. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini bildirərək, korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirib. Tədbirin sonunda BŞH tərəfindən uşaqlara “Formula-1” üçün xarakterik olan hədiyyələr və suvenirlər verilib.
AÇ-2020 ilə eyni tarixdə?!
Azərbaycan “Qran-pri”sinin təşkilatçıları 2020-ci ildə yürüşü 2016-da olduğu kimi iyunda keçirmək istəyirlər. Bilindiyi kimi, həmin vaxt Bakıda futbol üzrə Avropa çempionatının 3 qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (3 iyul) görüşü baş tutacaq. Lakin bu vəziyyət promouterləri qətiyyən narahat etmir. Əksinə, onlar bu iki yarışın üst-üstə düşməsində maraqlıdılar. “Bakı Şəhər Halqası”nın icraçı direktoru Arif Rəhimovu dinləyək: “Gələn il keçiriləcək yarışla bağlı bəzi mürəkkəb məqamlar var, çünki biz futbol üzrə Avropa çempionatının üç qrup oyununa və bir 1/4 final oyununa evsahibliyi edəcəyik. İstərdik ki, “Qran-pri” də iyunda baş tutsun. Buna görə bir məsələni aydınlaşdırmaq lazımdı: bizim bu tədbiri keçirə biləcəyimiz zaman fasiləsi varmı? Biz istərdik ki, iyuna qayıdaq. İlin bu vaxtında Bakıda havanı proqnozlaşdırmaq daha sadə, konstruksiyaların ucaldılması daha asan, küləkli və yağışlı havalar az olur. Ümumilikdə iyunda hava nisbətən isti olur. Futbolla “Formula-1”in eyni vaxta salınması əla olardı. Belə olan təqdirdə üçhəftəlik festival alınardı, amma baxarıq. “Formula-1”də logistika ilə bağlı müəyyən məhdudiyyətlər var. Biz onlara müəyyən dərəcədə əməl etməliyik və yürüşü həmin vaxtda faktiki keçirə bilib-bilməyəcəyimiz onlardan asılıdı. Ənənəyə görə iyunda Kanada “Qran-pri”si təşkil olunur. Avropada bir neçə yürüş, məsələn, Fransa “Qran-pri”si nəzərdə tutulur. Beləliklə, Bakıda yürüşün keçirilməsi logistika baxımdan əsaslandırılmalıdı. Yüklərin bir yürüşdən digərinə necə çatdırılması bizim işimiz deyil, bunu özləri ayırd etməlidilər. Bakı “Qran-pri”si səyyar mərhələdi, səyyar mərhələlər isə adətən, yayda keçirilmir. Gələn il onların bizə kömək məqsədilə müəyyən dəyişikliklər edib-etməyəcəklərini bilmirəm, lakin bu barədə düşünməyin vaxtıdı. Bir mövsüm ərzində 22-24 yürüş keçirmək imkanını nəzərə alsaq, müxtəlif ssenarilərə hazır olmaq lazımdı”.
Avtoqraf sessiyası
Dünən pilotların avtoqraf sessiyası keçirilib. Tədbir Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunub. Birinci sessiyada “Red bull”, “Ferrari” və “Reno” komandalarının pilotları azarkeşlərlə görüşüb, onlara avtoqraf veriblər. Növbəti sessiyaları bu gün və sabah baş tutacaq. Bu gün “Racing Point”, “Alfa Romeo” və “Mersedes”, sabah günü isə “Uilyams”, “Maklaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyalarında iştirak edəcəklər.
Sərbəst yürüşdə qəza
Dünən “Formula-1” üzrə dünya çempionatının 4-cü mərhələsinə – SOCAR Azərbaycan “Qran-Pri”sində pilotlar 6 km uzunluğundakı Bakı Şəhər Halqasında sərbəst yürüşdə güclərini sınayıblar. Birinci sərbəst yürüş “Uilyams”ın pilotu Corc Rassellin bolidinin drenaj lükünə ilişərək sıradan çıxması üzündən ləğv olunub. İkinci sərbəst yürüşdə isə “Ferrari”nin pilotları fərqləniblər. Çarls Lekler birinci, Sebastyan Fettel ikinci olub. 5 qat dünya çempionu Luis Hemilton (Mersedes) finişi üçüncü keçib. İkinci sərbəst yürüşdə isə “Racing Point”dən Lens Stroll, “Toro Rosso”dan Daniil Kvyat qəza səbəbindən mübarizəni dayandırıblar. Daniil idarəetməni itirərək bolidi sədlərə çırpıb. Qəza nəticəsində bolidin təkəri qırılıb. O, yararsız hala düşdüyü üçün trekdən kənarlaşdırılıb.
13-cü dəqiqədə düz yolda Corc Rasselin bolidinin açıq lüklə təmasından sonra onun dibi və diffuzoru dağılıb, trassa tökülən parçaları yığışdırmaq, maşını isə evakuasiya etmək lazım gəlib. FİA nümayəndələri lüklə bağlı problemi həll etmək üçün hadisə yerinə gəliblər. Digər lüklərin da qaynaq olunub-olunmadığını yoxlamaq üçün fasilə uzanıb. Bu üzdən komandaları böyük fasilə ilə bağlı xəbərdar ediblər. Rasselin bolidinin evakuasiyası zamanı qaldırıcısı olan maşın reklam körpüsünə dəyib, qaldırıcı qırılıb, bolidi isə digər maşına yükləmək lazım gəlib. Bir neçə dəqiqədən sonra FİA elan edib ki, sessiya davam edəcək. “Formula-2” təsnifatının başlamasına qədər 300 lükün hamısını yoxlamaq lazım gəlib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti qəza ilə bağlı açıqlama yayıb: “Əvvəlcədən görülən bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, bu hadisənin yaranmasına əsas səbəb lük altlığında üstdən görünməyən nasazlığın olmasıdı. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində iş aparılır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən vacib məsələdi. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”.
Nəhayət, “Formula-2” üzrə sərbəst yürüş və sıralama turu baş tutub. 45 dəqiqə çəkən sərbəst yürüşdə “UNİ Virtuosi” komandasının pilotu Luka Qiotto birinci olub. “Carlin” komandasından Nobuhari Matsuşita ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq üçüncü yeri tutub. Matsuşita “Formula-2” yarışında sıralama turunun qalibi olub. “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNİ Virtuosi”nin pilotu Qiotti isə üçüncü yeri tutub.
Bu gün “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu, “Formula-2”də isə birinci yarış keçiriləcək. Sabah isə həm “Formula-1”, həm də “Formula-2” də ikinci yarış təşkil olunacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.