Sizin reklam burada

“Füzuli” – “FC Baku” oyunu ilə bağlı araşdırma davam edir

Title
“Füzuli” – “FC Baku” oyunu ilə bağlı araşdırma davam edir
Seymur Səlimli: “Ortada rəsmi müraciət var, biz də işimizi bunun üzərində qururuq”
Region Liqasının İşçi Qrupunun əvvəlcədən müəyyənləşdirdiyi təqvimə əsasən dünən liqanın final qarşılaşması keçirilməliydi. Bu haqda məlumatı İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevdən almışdıq. Ancaq məlum səbəblərdən dünən nəinki həlledici görüş baş tutdu, heç liqada mövsümün əsas qarşılaşmasında meydana çıxacaq ikinci komandanın adı belə hələ məlum deyil. İkinci pley-off mərhələsinin “Füzuli” – “FC Baku” matçından sonra İşçi Qrup gözlənilməz qərar qəbul etdi: “Oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır”.
Bu açıqlamadan sonra “Futbol +”olaraq, ayrı-ayrılıqda hər iki klubun rəsmilərinin mövqeyini öyrənməklə yanaşı, sonuncu sayımızda bir araya gələn “Füzuli”nin baş məşqçisi Vasif İsmayılovla “FC Baku”nun prezidentinin birgə müsahibəsini dərc etmişdik. Sonuncu yazıda qarşı tərəfi futbolçularını pulla almaqda ittiham edən “Füzuli”nin çalışdırcısı tələskənliyə yol verdiyini, detalları araşdırarkən ortada heç nəyin olmadığını söyləmişdi. Bu yerdə ortaya müəyyən suallar çıxır. İttiham edənlə ittiham olunan tərəf bir araya gələrək yayılan söz-söhbətin həqiqəti əks etdirmədiyini bildirirsə, AFFA nəyi gözləyir? Nəyə görə aprelin 22-də keçirilməli olan “FC Baku” – “Şahdağ” yarımfinalı baş tutmur? Final və bürünc medallar uğrunda qarşılaşmalar hansı tarixdə keçiriləcək? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün liqanın işçi qrupunun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy növbəti dəfə araşdırmaların davam etdiyini bildirdi: “Hələ ki bu yöndə heç bir məlumat yoxdu. Aidiyyatı qurumlar sözügedən məsələ ilə bağlı araşdırmalarını davam etdirirlər. Böyük ehtimalla gələn həftə bütün suallara aydınlıq gələcək”.
Yuxarıda qeyd etdiyimiz kimi, iki klubun rəsmisi həftəiçi görüşərək məsələ barədə fikir mübadiləsi aparıblar. Və belə qərara gəliblər ki, ortada oyun alğı-satqısı ilə bağlı real fakt yoxdu, yayılan informasiyalar şayiədən başqa bir şey deyil. Ancaq Yusif bəy biizmlə söhbətdə bununla bağlı AFFA-ya heç bir müraciət olunmadığını bildirdi: “Ola bilsin, klub rəsmiləri öz aralarında nəyisə müzakirə ediblər, özləri üçün nəyisə müəyyənləşdiriblər. Ancaq bizə heç kim rəsmi müraciət etməyib. Müraciət olunsaydı, nəzərə alınardı. Ona görə də araşdırmalar davam edir, nəticəsi də qısa vaxtda ictaimaiyyətə açıqlanacaq”.
Məsələ ilə bağlı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliylə də danışdıq. Seymur bəy olayın həm AFFA, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını vurğuladı: “Araşdırmalarımız davam edir. Mən bu gün deyə bilmərəm ki, yekun nəticəni hansı tarixdə ictimaiyyətə açıqlayacağıq. Bunu söyləsəm, bu o deməkdi ki, artıq hər şeyə aydınlıq gəlib. Halbuki belə deyil. Şikayətçi tərəfin ərizəsi əsasında bütün məqamları aydınlaşdırmağa çalışırıq, bəzi insanları sorğu-suala çəkirik. Bizimlə yanaşı, hüquq-mühafizə orqanları da bu işlə məşğuldu. Çünki şikayətçi tərəf iddia ərizəsində məhz bunu istəyib. Qəzetinizdə gedən açıqlamalarla da tanışıq. Ancaq ortada rəsmi müraciət var, biz də işimizi bunun üzərində qururuq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.