Sizin reklam burada

“Sizi inandırım, 90 nəfərdən 88-i “Neftçi”nin adını çəkəcək, “Qarabağ”ın yox”

Title
“Sizi inandırım, 90 nəfərdən 88-i “Neftçi”nin adını çəkəcək, “Qarabağ”ın yox”
Qəbələdə “Qarabağ”ı niyə sevmirlər?
Zaman-zaman bölgələrdə böyük futbolun olmamasından yazır, giley-güzar edirik. Həqiqətən də regionlarda futbol daha çox sevilir, azarkeşlər oyunlar zamanı stadionlara axışır. Yaxın keçmişə nəzər salsaq, Lənkəran, Zaqatala, Gəncə, Tovuz nümunələrini göstərə bilərik. Təəssüf ki, eyni mənzərəni Qəbələdə görmürük.
Klub rəhbərliyi kurort şəhərində futbolun yaşaması və inkişafı üçün əlindən gələn hər şeyi edib və etməkdədi. Akademiya yaradılıb, məşq meydanları inşa olunub, adlı-sanlı məşqçi və legionerlər gətirilib. “Qırmızı-qaralar” cari mövsüm xaric, öncəki illərdə çempionluq uğrunda mübarizə aparıb, üç dəfə kubokun finalına yüksəlib. Ən vacibi, iki dəfə Avroliqanın qrup mərhələsində çıxış etməklə Qəbələnin adını Avropaya eşitdirib. Lakin bu qədər əməyin qarşılığında yerli camaat premyer-liqada yarışan komandaya ögey münasibət göstərir.
Elə çempionat oyunu olur ki, azarkeş sayı şişirdilmiş rəqəmlə - 300-400 göstərilsə də, əslində stadiona təşrif buyuranlar barmaqla sayıla biləcək qədər az olur. Uzağa getməyib bu ay bölgədə baş tutan “Sabah” və “Zirə”ylə oyunlara baxaq. Hər iki qarşılaşmada cəmi 300 azarkeş olub. Aprelin 7-də “Qarabağ”la çempionat görüşündə 1600, ötən həftə bu rəqiblə kubok görüşündə isə 1800 tərəfdar qeydə alınıb. Deyək ki, göstərilən rəqəmdən 200, lap 300-ü qonaq fanatların payına düşsün. Deməli, 1300-1500 nəfər sırf qəbələli olub.
Ortaya dərhal “niyə” sualı çıxır. Cavab isə özünü çox gözlətmir. Gün kimi aydın olur ki, qəbələlilər öz komandalarını dəstəkləmək üçün yox, “Qarabağ”ı iş başında görmək üçün stadiona axışırlar. Halbuki “Qəbələ”nin azarkeşləri ilə söhbətdə tərəfdar azlığı ilə bağlı suala təxminən bu cür cavab eşidirdik: “Oyunlar həftəiçinə təsadüf edir, üstəlik, iş saatlarında başlayır. Hamının da işi-gücü var. Ona görə də çoxu gələ bilmir”.
“Qarabağ”la kubok matçı çərşənbə axşamı, həm də 16.00-da, yəni adamlar işdə olan saatda start götürmüşdü. Lakin tribunalarda xeyli sayda futbolsevər vardı. Elədisə, onlar kimlər idi? Əvvəlki oyunlara niyə gəlmirdilər? Qəbələlilərin ağdamlıların oyununu izləmək üçün stadiona baş çəkməsi anormallıq deyilmi? Məhz bu məqamla bağlı suallara “Red Black Army” qrupunun rəhbəri Cavad Şərifli ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “İradınızı və suallarınızı yaxşı başa düşürəm. Ancaq gəlin məsələyə fərqli prizmadan yanaşaq. Razılaşarsız ki, dünyanın hər yerində mərkəzi və prinsipial oyunlar daha çox ajoitaja səbəb olur və daha sox azarkeş oyunu canlı izləmək istəyir. Bu gün çempionatda “Qəbələ”nin ən prinsipial rəqibi məhz “Qarabağ”dı. Xatırlamamış olmazsız, iki il əvvəl Rəhim Həsənovun idarəçiliyi ilə keçən oyunda 97-ci dəqiqədə qapımıza yol tapmaqla komandamızı çempionluqdan etmişdilər. Həmin oyundan sonra aradakı intiriqa bir az da qızışdı, onlara qarşı aqressivlik var. Qəbələyə gəlib sorğu keçirin, “hansı komandanı çempion görmək istəyirsiz” sualını verin. Sizi inandırım, 90 nəfərdən 88-i “Neftçi”nin adını çəkəcək, “Qarabağ”ın yox. Ona görə də insanlar eşidəndə ki, filan gün “Qarabağ”la Qəbələdə oyun var, dərhal həvəslənirlər. Həmin günə olan vacib işlərini də təxirə salırlar ki, təki stadionda olub komandamızı dəstəkləyək. Qısası, ajotajla bağlı olan işdi. Həm də “Qarabağ”la “Qəbələ”nin oyunları maraqlı alınır, meydanda qızğın mübarizə gedir. Məsələn, “Sabah”la, yaxud hansısa başqa komandayla oynayırıq. Futbolu dərindən bilməyənlər düşünür ki, “Sabah”dı da, zəifdi, “Qəbələ” rahat 2-3 top vuracaq. Ona görə də say az olur. Bəzən hava şəraiti də sözünü deyir. Məsələn, “Zirə”ylə matç günü fasiləsiz yağış yağırdı. Çox adam evdən, işdən küçəyə çıxmaq istəmirdi. O ki qalmışdı gəlib iki saat stadionda otursun”.
“Qarabağ”la intriqadan söz düşmüşkən, komandalar arasında daha bir oyun mayın 1-də keçiriləcək. Yarımfinalın cavab oyunu Respublika stadionunda baş tutacaq ki, qonaqları nə qədər azarkeşin dəstəkləyəcəyi maraqlıdı. Xatırlayırsızsa, aprelin 14-də “Keşlə”ylə Bakıdakı görüşdə “ASK Arena”da 1000-ə yaxın “Qəbələ”sevər qonaqlar üçün nəzərdə tutulan tribunadakı yerini tutmuşdu. Bu dəfə də eyni sayda tərəfdar görmək mümkün olacaqmı? Şərifli buna inanmadığını deyir: “Keşlə”ylə oyundan bir neçə gün əvvəl Tale Heydərov istefa vermişdi. Bunu bilən “Gilan”ın müxtəlif sektorlarında çalışan insanlar Tale bəyə dəstək nümayiş etdirmək üçün stadiona təşrif buyurmuş, bannerlər açmışdılar. Belə deyim, əsas məqsəd Heydərova bu yolla təşəkkür etmək idi. “Qarabağ”la ayın 1-dəki oyuna fanklub olaraq 50-100 arası azarkeşlə yollanacağıq. Üstəlik, oyun şəhərin mərkəzindəki stadionda keçiriləcək, ilk oyunda da sərfəli nəticə qazanmışıq deyə, Bakıda oxuyan, çalışan, yaşayan qəbələlilər də bizə qoşulacaq. Dəqiq say deməyə çətinlik çəkirəm. Fikrimcə, tribunada azı 100-150 nəfər olacağıq. İnşallah, sevimli komandamız üzümüzü güldürər. Artıq kuboku qazanmağın vaxtı çatıb”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.