Azərbaycan “Qran-pri”sinə 67 ölkədən bilet alınıb
Dünən jurnalistlərlə görüşən gənclər və idman naziri Azad Rəhimov 4-cü dəfə ölkəmizdə təşkil olunacaq “Formula-1” ilə bağlı maraqlı detallara toxunub. Qurum rəhbəri öncə təşkilatçılıq haqda danışıb: “Azərbaycan “Qran-pri”sinə hazırlıqla bağlı tikinti və montaj işləri birinci ildəki kimi böyük ölçüdə olmayıb. Ümumilikdə trekin konfiqurasiyası dəyişməz qalır. Hazırda İçərişəhər və Qız qalası tribunalarının tikinti işləri davam edir. Digər tribunaların tikintisi başa çatıb. Trekyanı sədlər tam quraşdırılıb. Pit binası ilə əlaqədar görülən işlər başa çatdırılıb və komandalar Bakıya gəlir. Artıq Azərbaycan “Qran-pri”sinin titul sponsoru var. Belə ki, builki yarışımız “Formula-1” SOCAR Azərbaycan “Qran-pri”si adlanır. Hazırda sponsorların banerlərinin yerləşdirilməsi prosesi davam edir”.
Nazir qeyd edib ki, ümumilikdə 67 ölkədən bilet alınıb. İndiyədək satılan biletlərin 39 faizi Azərbaycandan, qalan hissəsi isə xaricdən alınıb. Xaricdən ən çox bilet Rusiya və Böyük Britaniyadan alınıb. Sonrakı pillələrdə Avstriya, Gürcüstan və Hollandiya yer alır. İlk “onluq”da isə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və ABŞ qərarlaşıb. Ümumilikdə xaricdən biletlərin 63 faizə yaxını 10 ölkədən alınıb. Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bir neçə tribuna üçün biletlər də tam satılmaq üzrədi.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində 113-ə yaxın daimi işçinin çalışdığını və bunlardan, sadəcə, üçünün xarici ölkə vətəndaşı olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, yarış yaxınlaşdıqca kadr sayı artır. Bu il ümumilikdə 1000-dən çox işçi fəaliyyət göstərir. 2016-cı ildə keçirilən ilk yarışda 5000, ondan sonrakı yarışlarda isə 3000 könüllü təşkilatçılıq işində iştirak edib. Bu il də prosesə 3000 könüllü qoşulacaq. Hər ötən il təcrübəli könüllülərlə yanaşı, əsasən yeni könüllülərə daha çox yer verilir. Könüllülərin 55 faizi qızlar, 45 faizi isə oğlanlardı. Yarışlara cəlb olunan könüllülərin 90 faizi tələbələrdi. Bununla yanaşı, könüllülər komandasında 30-a yaxın ölkədən könüllü mövcuddu. Onların yarıdan çoxu Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrdi. “Formula-1” üçün ilk könüllü proqramı elan olunandan ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 mini ötüb. Hər il yüksək peşəkarlıq və fəallıq göstərənlər arasından 50-80 nəfər növbəti yarışlara işçi olaraq cəlb olunur. Bu il Azərbaycan “Qran-pri”sində 300 yeni marşal iştirak edir. Ümumilikdə Marşal Proqramına 1100 yerli, 140 əcnəbi vətəndaş qəbul olunub.
Rəhimov onu da bildirib ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə Bakıda keçirilən ilk iki “Formula-1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Bu məbləğ yarışlar ərəfəsində Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət, elektrik, qaz, su və başqa sektorlarda qeydə alınan gəlirlər daxildi. Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, iki “Qran-pri” ərəfəsində qeydə alınan birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə yarışla bağlı Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və sair istiqamətlər üzrə təqdim olunan məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildi. İndiyədək iki “Qran-pri” ərəfəsində dolayı gəlirlər isə ümumilikdə 113,1 milyon dollar təşkil edib. Bu gəlirlərin içərisində yenə şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox iqtisadi fayda götürən sektor olub.
Nazir sözünə belə davam edib: “Hazırda “Formula-1” üzrə dünya çempionatı 21 mərhələdən ibarətdi. Ölkəmizdə ilk yarış iyunda təşkil olunmuşdu. Biz danışıqlar aparırıq ki, yarış növbəti illərdə də iyunda keçirilsin. Hazırda 4 ölkə “Qran-pri” təşkil etmək üçün növbə gözləyir. MDB ölkələri arasında yalnız Azərbaycan və Rusiya bu yarışa evsahibliyi edir”.