Sizin reklam burada

“Füzuli”nin baş məşqçisi ittihamlarında tələsib

Title
“Füzuli”nin baş məşqçisi ittihamlarında tələsib
Vasif İsmayılov: “Nəyinsə qarşılığında iddiamı geri götürmüşəmsə, Allah mənə qənim olsun”
Cavidan Qorçiyev: “Yeni layihəmizin adını “Lələtəpə” qoymuşuq”

“FC Baku” – “Füzuli” matçının ətrafında yaşanan qalmaqal son günlər futbol camiəsinin əsas müzakirə mövzusudu. Qısaca xatırladaq ki, paytaxt təmsilçisinin qələbəsi ilə başa çatan qarşılaşmadan sonra qəzetimizə açıqlama verən “Füzuli”nin baş məşqçisi Vasif İsmayılov rəqib komandanın rəhbərliyinin onun futbolçularını pulla ələ almaqda ittiham etmiş, bununla bağlı əlində faktlar olduğunu və onları AFFA rəhbərliyinə təqdim etdiyini bildirmişdi. Onu da əlavə etmişdi ki, açıqlama verdiyinə görə onun təhdid edirlər.
Srağagün yenidən redaksiyamızla əlaqə saxlayan Vasif bəy açıqlama vermək istədiyini bildirdi. Düşündük ki, ola bilsin, “Füzuli”nin baş məşqçisi bizə oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdiyi barədə yeni faktlar təqdim edəcək. Lakin gözləntilərin əksinə, İsmayılov bu dəfə fərqli fikirlər səsləndirəcəyini bildirdi. Onu da qeyd etdi ki, hazırda “FC Baku”nun prezidenti Cavidan Qorçiyevlə bir yerdədi və qəzetimizə verdiyi müsahibəni ona çatan məlumatı araşdırmadan verib.
Bakıdakı məkanlardan birində bir araya gəlib onların hər ikisi söhbətləşdik.
- C.Q.: Öncə onu demək istəyirəm ki, yayılan xoşagəlməz söz-söhbət anlaşılmazlıqdan ortaya çıxıb. Həm “FC Baku”, həm də “Füzuli” çempionluğa kökləndiyindən gərginlik son həddə çatmışdı. Bunun da qarşılığı olaraq belə iyrənc söz-söhbət yayıldı. Ötən dəfə də siz dedyim kimi, hər iki komandanın heyətində müxtəlif turnirlərdə bir kollektivin şərəfini qoruyan oyunçular var. Öz aralarında etdikləri axmaq zarafat sonda heç də xoş olmayan, hər iki komandanın adına və imicinə zərbə vuran söhbətlərə yol açdı, anlaşılmazlığa rəvac verdi. Vasif müəllimlə görüşüb, yaşananlar barədə müzakirə apardıq. Və məlum oldu ki, bütün deyilənlər şayiədi və heç bir əsası olmayan mövzudu. Hər iki komanda kimlərinsə axmaq zarafatının qurbanına çevrilib.
- Ötən sayımıza verdiyiniz müsahibə böyük əks-səda doğurdu. Deyəsən, bu gün artıq başqa fikirdəsiz...
- V.İ.: Cavidan müəllimlə görüşümüzdə bütün detalları bir daha araşdırdıq, qaranlıq məqamlara aydınlıq gətirdik. Müzakirələrdən sonra məlum oldu ki, söylənilənlərin heç bir əsası yoxdu. Kimlərsə bilərəkdən ortalığı qarışdırmaq üçün “canfəşanlıq edib”. Həmin şəxslər bir tərəfdən bizə pislik etsələr də, digər tərəfdən özləri də bilmədən xoş bir iş görüblər. Məhz bu olayın sayəsində futbolu sevən bir klub prezidenti ilə tanış oldum. “Füzuli” növbəti mövsümdə Region Liqasında, bəlkə də divizionda çıxış edəcək. Bu məsələ barədə müzakirələr gedir. Onu da demək istəyirəm ki, mən olan yerdə nə axmaq zarafata yer var, nə də başqa qeyri-ciddi işlərə. Bu mümkünsüz bir şeydi. Biz də, Cavidan müəllim də futbolu sevən şəxslərik. Bu gün aranı qarışdıranlar özləri etdiklərinə görə peşman olacaqlar. Bilirəm ki, birgə müsahibəmizdən sonra yenə ortaya müəyyən söz-söhbət çıxacaq. Kimlərsə səsləndirdiyim fikirləri başqa cür yozacaqlar. Ancaq mən “FC Baku”nun prezidentinin gözünün içinə dik baxa bilirəm. Allah şahiddi ki, bizm aramızda heç bir başqa söz-söhbət olmadı.
- Dediz ki, kimlərsə bilərəkdən aranı qatmaq istəyir. Kimdi onlar? İkili söhbətdə həmin şəxsləri müəyyənləşdirə bildiz?
- V.İ.: Biz bildik ki, onlar kimlərdi. Həmin şəxslər Cavidan müəllimə özlərini “şirin satmaq” üçün ortaya düşüblər. Bir daha əmin oldum ki, klub prezidentinin heç nədən xəbəri yoxdu. Onlara da bir daha “çox sağ ol” deyirəm. Onlar nəsə qazanmaq istəyirdilərsə, istəklərinə çatmadılar. Ortada qazanan “Füzuli” oldu. Bizim klubun gələcəyi qazandı. Cavidan müəllimin futbolla bağlı böyük planları var. Gələcəkdə bütün işlər reallaşacaq.
- İki klubun rəsmisi arasında baş tutan görüşdən AFFA rəhbərliyinin xəbəri var? Onlara da ortada anlaşılmazlığın olduğunu bildirmisiz?
- V.İ.: AFFA-da olmuşam. Cavidan müəllimin nömrəsini axtardım ki, onunla söhbət edim. Lakin heç kimdən əldə edə bilmədim. Sonradan AFFA-ya müraciət etdikdən sonra onun telefon nömrəsini verdilər. İstəyirdik ki, assosiasiyanın inzibati binasında, hamının yanında görüşək. Sonradan klub prezidenti ilə belə qərara gəldik ki, anlaşımazlıq iki klub arasında yaşandığından AFFA-da görüşməyə ehtiyac yoxdu. Bu gün sizin də olduğunuz bu məkanda bir araya gəlməyə qərar verdik.
- İndi səsləndirdiyiniz fikirləri AFFA rəsmilərinə də demisiz?
- V.İ.: Hansı fikirləri?
- Kimlərinsə bilərəkdən aranı qatmaq istədiyini?
- V.İ.: Yox, hələ ki AFFA rəhbərliyinə bu haqda heç nə deməmişəm. Düşündüm ki, qarşı tərəflə görüşdükdən və qaranlıq məqamlara aydınlıq gətirdikdən sonra assosiasiya rəhbərliyinə fikrimi bildirim. İndi əminliklə onlara deyə bilərəm ki, belə söz-söhbət olmayıb.
- “FC Baku”nun adından ortaya düşüb maklerlik etmək istəyənlər kimlər olub?
- C.Q.: Sizə açıq deyirəm, həmin şəxslərin hamısı heç də “FC Baku” və ya “Füzuli”nin oyunçuları deyillər. Yenə deyirəm, bütün bu söz-söhbət hansısa düşüncəsiz futbolçunun axmaq zarafatından sonra ortaya çıxıb. Bizim cəmiyyəti də yaxşı tanıyırsız. Məsələni araşdırmadan, kökünə varmadan pis şeyi bir-birinə tez ötürürlər. Qaşınmayan yerdən qan çıxarmağı, ortalığı qarışdırmağı sevirik. Ancaq heç kim fikirləşmir ki, belə əsası olmayan söhbətlərə görə neçə-neçə insan əziyyət çəkir, görülən işlərə gölgə salınır. Belə ucuz şounun fəsadı kimlərinsə başında çatlayır. Vasif müəllimlə də görüşdə hər xırda məqamı araşdırdıq, bütün incəliklərə vardıq. Uzun sürən müzakirələrdən sonra bəlli oldu ki, ortada heç nə olmaya-olmaya, hər iki komandanın adına, imicinə ciddi zərbə dəyib. Araşdırmamız nəticəsində müəyyənləşdirdik ki, həmin qeyri-ciddi insanların nə “FC Baku”ya, nə də “Füzuli”yə aiddiyatı var. Həmin şəxslər Azərbaycan futbolunun, Region Liqasının gələcəyini istəməyənlərdi. Bizim gələcəklə bağlı geniş planlarımız var. Bu plan həm birinci dəstəni, həm də Region Liqasını əhatə edir. “Füzuli” ilə əməkdaşlıq edəcəyik.
- Sözlərinizdən belə başa düşmək olar ki, növbəti mövsümdən birgə layihələr həyata keçirmək fikriniz var.
- C.Q.: İnşallah.
- Sizə elə gəlmir ki, bir qədər tələsik addım atmısız. Özünüz də etiraf etdiz ki, araşdırma apardıqdan sonra söylədiklərinizin yanlış olduğu üzə çıxıb. Sizin tələskənliyiniz isə istər Region Liqası, istərsə də hər klub haqda xoşagəlməz söz-söhbətlərin ortaya çıxmasına şərait yaradıb. Özünüzü günahkar hesab edirsiz?
- V.İ.: Məni tanıyanlar bilir ki, çox səmimi insanam. Bu söz-söhbətdən öncə futbolçumuz Ramal Hüseynovla Cavidan müəllimə ismarıc göndərmişdim. Demişdim ki, o səmimi, dürüst futbol istəyirsə, gəlsin, “Füzuli”nin himayədarı olsun. Bu bölgənin azarkeşi buna layiqdi. Mənim səmimiyyətimi futbolçularımın hamısı bilir. Tələsik qərar verməyimə gəlincə, ola bilsin, bəli, tələsdim. Bu da ondan irəli gəlir ki, futbolu çox sevirəm. Lakin dedyiniz kimi, sonradan hər şeyi “soyuq baş”la təhlil etdim, rəqib klubun prezidenti ilə görüşüb danışdım və başa düşdüm ki, heç də hər şey deyildiyi kimi deyilmiş. Təkrarçılıq olsa da, bir daha bizi bu “oyun”a salanlara təşəkkür etmək istəyirəm. Onlar bizə pislik etmək istədilər, əvəzində özləri pis durumda qaldılar. Cavidan müəllimlə şəxsən tanış oldum. Bundan da Füzuli futbolu, azarkeşi yararlanacaq.
- Özünüz də söhbətimizin əvvəlində vurğuladız ki, kimlərsə indi dediklərinizi yozacaqlar. Çoxları düşünəcək ki, siz nəyə görəsə bu gün iddianızdan geri çəkilirsiz... Bu cür düşünən insanlara nə demək istərdiz?
- V.İ.: Hamının yanında Allaha and içib, “Qurani-Kərim”ə də əl basaram ki, bizim aramızda heç bir başqa söhbət olmayıb. Nəyinsə qarşılığında iddiamı geri götürmüşəmsə, Allah mənə qənim olsun.
- Necə düşünürsüz, AFFA sizinlə bağlı hansı qərarı verəcək?
- C.Q.: Əvvəlcə onu bildirim ki, gələcək planımıza əsasən cəbhə bölgəmizi təmsil edən “Füzuli” ilə əməkdaşlıq layihəsi çərçivəsində o bölgədə futbolun inkişafı naminə müəyyən addımlar atmağı düşünürük. İndidən bütün hər şeyi açıb-ağartmaq istəmirəm. Niyə? Ona görə ki, görürəm bizi istəməyənlərin sayı istəyənlərdən daha çoxdu. Ancaq layihəmizin adını deyəcəm. Bildiyiniz kimi, 2016-cı il Aprel döyüşlərindən sonra strateji əhəmiyyət daşıyan Lələ Təpə yüksəliyi yenidən bizim nəzarətimiz altına keçib. Lələ Təpənin geri qaytarılması ondan xəbər verir ki, yaxın vaxtlarda Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuz işğal altında olan bütün torpaqlarımızı geri qaytaracaq. Biz də yeni layihəmizin adını “Lələ təpə” qoymuşuq. Onsuz da mən həmişə rəhbəri olduğum komandanın bölgələrdən birini təmsil etməsinin tərəfdarı olmuşam. Həmin bölgə niyə də Füzuli olmasın?! O ki qaldı AFFA-nın mövqeyinə, hansı qərar qəbul etsələr, ona hörmətlə yanaşıb yolumuza davam edəcəyik.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.