"Neftçi"nin sabiq hücumçusu Melvin Platye flaqmanın heyətindəki günləri xatırlayıb. Hazırda İndoneziya çempionatında "Bali Yunayted"in şərəfini qoruyan hücumçu “ağ-qaralar”ın Çempionlar Liqasındakı oyunlardan birini yada salıb. Daha doğrusu, Platye 2013/14 mövsümündə “Şkenderbü” ilə oyunda əldən verdiyi qol imkanı və yüksək məbləğdə mükafat haqda təəssüfünü dilə gətirib: "Şkenderbü" ilə evdə qolsuz heç-heçə etdiyimizdən səfərdə ən azı minimal hesabla qalib gəlmək istəyirdik. 88-ci dəqiqədə qol vurmaq üçün yaxşı fürsət yaxaladım. Ancaq başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabıyla uduzduq və mübarizəni dayandırdıq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur".